Səhərin alaqaranlığında hamı mal-qarasını Kürün suyunda suvarmaq və örüşdə otarmaq üçün həyətindən çıxarır. Ancaq 10 günə yaxındır kəndlinin bu düzəni tamam alt-üst olub. Mal-qara elə bir xəstəliyə tutulub ki, nə yeriməyə taqətləri, nə də yeməyə iştahaları qalıb.
20 ildən çoxdur mal-qara saxlamaqla ailəsini dolandıran Səhər Kazımova deyir ki, indiyədək heyvanları belə xəstəliyə tutulmayıb: «13 baş malım var. Xəstələnib. Bədənində şişlər əmələ gəlib. Mal-qara bikefləyib. Rayon həkimlərinə zəng elədik, gəldilər. Narahatıq ki, bu, kütləvi xəstəlikdir. Hamının mal-qarasında var. Narahatam, südündən-qatığından istifadə etmirəm. Elə adam var 10 inəyindən biri ölüb. Ağır xəstəlikdir. Həkimlər də iynə vurdular.
Südünü satıram, qatığını satıram, ətindən istifadə edirəm. Dolanışığım bunlarladır. 8 baş ailəm var. Bəlkə sabah uşağıma düşəcək?! Gah deyirlər İrandan keçib, gah deyirlər çiçəkdir».
Heyvanda xəstəlik ilk olaraq dəridə yaranan sulu şişdən bilinir. Zamanla heyvan yeməkdən kəsilir. Əgər vaxtında müdaxilə edilməsə, mal-qara tələf olur. Son 10 gündə Yenikənddə 4 iribuynuzlu heyvan ölüb.
Ölən heyvanlardan birinin sahibi Hidayət Hüseynov deyir ki, baytarlıq idarəsi mal-qaraları ildə bir dəfə də dezinfeksiya etmir, müayinədən keçirmir, xəstəliklər də bu səbəbdən isti aylarda baş qaldırır: «Vaksini vaxtında eləmirlər, bir neçə dəfə şikayət elədik, gəlib baxmadılar. 5-10 baş heyvanımız var. Xəstələndi. Dedik, gec gəldilər, iynə vuran kimi öldü. Deyirlər xəstəlik guya İrandan keçib. Yalandır, vaxtında vaksin vurmurlar, ona görə milçək camaatı qırır».
Demək olar ki, kənddəki bütün həyətlərdə xəstə inəklər var. Əsas qazanc yerləri olan mal-qaranın naməlum xəstəliyə tutulması əhalini qayğıya salıb. Bəzi sakinlər deyir ki, artıq süddən istifadə etmirlər ki, ailə üzvlərinə və ya satdıqları adamlara xəstəlik keçər.
Hidayət Hüseynov deyir: «Malın bədənində səpkilər olur, selikli. Həkimlərə dedik, baytara, 4-5 gündür buradadırlar. Dolanışığımız ancaq budur. İstəyərik malımız sağlam olsun».
Başqa bir sakin deyir: «Mal-qara ildə bir dəfə dezinfeksiya olunmalıdır. Analiz götürülməlidir. Heç kim eləmir. Hər yana müraciət edirik. Kimdir gəlib edən?! Kənddə nə qədər mal-qara varsa, onun yarısı xəstədir».
Xəstəliyin adı ilə bağlı kəndlilərə məlumat verilmir. Sakinlərin dediyinə görə, həkimlər də bu xəstəliyin adını bilmirlər.
Yenikənd baytarlıq sahəsinin baytarı Şıxzədi Mirzəyev isə «Azadlıq»a deyib ki, xəstəliyin diaqnozu və ölən mal-qaradan götürülən analizlər laborator müayinəyə göndərilib. Yaxın günlərdə xəstəliyin səbəbi və mənbəyi də tam aşkar olunacaq: «Bu, dəri xəstəliyidir. Milçəklər yayır, dəridə şişlər yaranır. Xaricdən keçən milçəklər yayır. Qulluq edəndə tez sağalır. Bu xəstəlikdə ölüm faizi 3-4 faizdir. Günəşin altında qalanda olur. Fəsadlar dəri ilə bağlıdır. İnsan üçün riski yoxdur. İndi analizləri laboratoriyaya göndərmişik ki, bilək mal-qara dəqiq nədən ölüb».
Əsasən maldarlıqla məşğul olan Yenikənddə 1240 nəfər əhali yaşayır.