APA-nın Atlantik Şurasının rəsmi saytına istinadən verdiyi məlumata görə, S. Freyzer öz məqaləsində Azərbaycan və Ermənistan arasındakı münaqişədən, cəbhə xəttində gərginlik və sülh danışıqlarından söz açıb. «Tez-tez unudulan Dağlıq Qarabağ münaqişəsi bu yay özünün ən gərgin dövrünü yaşadı. Son həftələrdə bu gərginlik ən azı 18 hərbçinin ölümü ilə nəticələndi. Toqquşmalar təkcə müharibənin yenidən başlaması və atəşkəsin pozulma təhlükəsi qarşısında olduğunu göstərmədi, eləcə də Rusiyanın özünü Qafqazdakı təhlükəsizliyin əsas təminatçısı kimi göstərməsinə imkan yaratdı. Millətçi və imperialist siyasət yürüdən Vladimir Putin hökuməti həqiqətən də problemi həll etməyə meylli görünmür. Halbuki, bu döyüşlər regionun neft və qaz tranziti, həmçinin Qərbin maraqlarına uyğun digər layihələr üçün təhlükəsiz olmasına əngəl törədir», - deyə S. Freyzer bildirib.
Cəbhə xəttindəki gərginliklərin əsas etibarilə Rusiyanın bölgədə möhkəmlənməsinə xidmət etdiyini söyləyən S. Freyzer qeyd edib ki, prezidentləri 9 avqust tarixində Soçiyə dəvət etməklə Vladimir Putin öz sülhsevər portretini yaratmış oldu: «Hər iki tərəfdən açıqlanan rəsmi məlumatlara görə, 30 iyuldan avqustun 4-dək cəbhə xəttindəki gərginlik nəticəsində 18 hərbçi ölüb. Rəsmi məlumatlar çox vaxt mülki şəxslər arasındakı ölümləri və təhlükəni əhatə etmir. Snayperlər tərəfindən vurulan və minaya düşüb ölən insanların sayı son bir ildə 30 nəfər olub».
Analitikin sözlərinə görə, münaqişənin həlli istiqamətində atəşkəsdən sonrakı mühüm addım qoşunların geri çəkilməsi və qaçqınların öz torpaqlarına geri qaytarılması ola bilərdi, lakin, bu baş verməyib: «Erməni silahlı birləşmələri hələ də Azərbaycan ərazisi olan Dağlıq Qarabağda qalmağa davam edir. Azərbaycan isə neftdən faydalanaraq hərbi büdcəsini keçən il 3,7 milyard dollara qədər artıra bilib.
Bu, 10 il bundan əvvəlki rəqəmdən 20 dəfə artıqdır. İlham Əliyev avqustun 7-də «Twitter» hesabında itirilmiş torpaqları geri almaq niyyətində qəti olduqlarını bildirib və yazıb ki, Azərbaycanın son illər əldə etdiyi silah-sursat və hərbi texnika istənilən tapşırığın öhdəsindən gəlməyə imkan verir». Analitik Ukraynadakı münaqişənin və Krımın ilhaqının Cənubi Qafqazdakı proseslərə də təsir etdiyini vurğulayıb: «Rusiyanın Krımı qısa müddətdə ilhaq etməsi və Ukraynanın şərqindəki qarşıdurmalar Azərbaycan və Ermənistanın hərbi yoldan imtina edərək münaqişəni həll edəcəklərinə inamı zəiflətmiş oldu. Azərbaycanda belə bir əminlik yaranıb ki, qısa müddətdə qətiyyətli hərbi əməliyyatlar yolu ilə getdikcə uzanan və heç bir həlli görünməyən münaqişəni daha tez bitirmək olar. BMT-nin qətnamələrinə görə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və münaqişənin həllinin bu istiqamətdə aparılması nəzərdə tutulur. Rəsmi Bakı da danışıqlarda ərazi bütövlüyünün dəyişilməz qalmasını tələb edir və bu prinsipin əsas tutulmasını vacib sayır. Həmçinin Ermənistan tərəfdə də belə bir fikir formalaşıb ki, heç bir beynəlxalq təzyiqlərə məhəl qoymadan referendum keçirmək və hərbi güc nümayişi yolu ilə, münaqişəni həll etmək olar. Beləliklə, beynəlxalq vasitəçilərin də danışıqlarda qətiyyət göstərə bilməməsi tərəfləri sülh danışıqlarından daha çox uzaqlaşdırır».