Müsavat Divanının üzvü, başqanlığa namizəd Tural Abbaslının «Qafqazinfo»ya müsahibəsində «Bizim parçalamaq istədiyimiz bir partiya var, o da YAP-dır» fikrinə münasibət bildirən S.Novruzov deyib ki, Müsavat özü parçalanır və xeyli insan oranı tərk edib: «Əvvəllər bu partiyada nüfuzlu, ağıllı şəxslər var idi. İndi onlardan bir nəfər də olsa Müsavatda qalmayıb. Bu gün Müsavat da Azərbaycan Xalq Cəbhəsi Partiyasının taleyini yaşayır. Necə ki Əli Kərimli cangüdənini Məclis üzvü edir, Müsavatda da yolda tapılan Divana üzv qəbul edilir. Bütün bu amillərə görə, Müsavat bir partiya olaraq dağılmağa məhkumdur və hazırda da bu proses gedir».
S.Novruzov Tural Abbaslının YAP haqda dediklərinə cavabında isə bunları deyib: «Tural Abbaslının Yeni Azərbaycan Partiyası haqqında fikir bildirməyə yaşı və stajı çatmır. Müsavat öz problemlərinin həlli ilə məşğul olsa yaxşıdır. Tural Abbaslı kimdir ki, YAP haqqında nəsə fikir bildirir. Böyük siyasətə girməmiş onun YAP haqqında nəsə danışmağı yersizdir».
S.Novruzov əlavə edib ki, partiyada başqanlığa namizəd Tural Abbaslının olması da sözügedən qurumun vəziyyətindən xəbər verir: «Partiya görün hansı vəziyyətdədir ki, Tural Abbaslı başqanlığa namizəd seçilib. Bununla Müsavatın vəziyyətin aydınlaşdırmaq olur».