Axar.az-ın əldə etdiyi məlumata görə, belə bir problemin yaranmasına səbəb Gürcüstanla Rusiyanın yeganə quru əlaqəsi olan məşhur Kazbek hərbi nəqliyyat yolunun sel suları nəticəsində yuyulub sıradan çıxmasıdır. Bir müddət Gürcüstana, öz doğma ata-baba yurduna təşrif buyurmuş soydaşlarımızın hazırda nicatı Azərbaycan üzərindən Rusiyaya getməkdir ki, nəticədə onlar əlavə min km məsafə qət etmək məcburiyyətində qalırlar.
Xatırladaq ki, Gürcüstandan Rusiyaya iki yol şəbəkəsi üzərindən getmək mümkündür. Birincisi, Cənubi Osetiya ərazisindən, digəri isə - daha təhlükəli - Kazbek magistralı ilə. Məlum avqust hadisələrindən sonra Sxinvalidən hərəkət tam dayandırılıb və sürücülər ikinci varianta üstünlük verirlər. Sıldırım, təhlükəli döngələri ilə tanınan Kazbek yolu da istənilən an dağ uçqunu və ya sel səbəbində bağlanır və beləliklə, Gürcüstanla Rusiyanın quru əlaqəsi kəsilir.