Vaxt.Az

Bakı, yoxsa Bombey?


 

Avtobuslara qarşı reydlərin «nəticəsi»...

Bakı, yoxsa Bombey? Bakı şəhərinin ən yaralı yerlərindən biri onun ictimai nəqliyyatıdır. Avtobus sürücülərinin özbaşınalığı haqqında çox yazsaq da, onlar sərnişinləri təhqir etməkdən tutmuş, yol hərəkəti qaydalarını pozmağa qədər özbaşınalıq etməkdən çəkinmirlər. Bu özbaşınalığın əziyyətini nəinki sərnişinlər, digər paytaxt sakinləri çəkirlər.

Oxucular Milli.Az-a növbəti avtobus saymazlığını göstərən foto-fakt təqdim ediblər. Yasamal rayonu ərazisində, Şərifzadə küçəsi, 131, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yanında çəkilən foto nəqliyyat sistemindəki mənzərəni çılpaqlığı ilə göstərir.

Bir neçə avtobus yolun hərəkət hissəsində saxlayıb. Nəticədə yolun bir hissəsini tutub və arxadan gələn maşınlar qarşı yola çıxaraq qəza təhlükəsi yaratmaq məcburiyyətində qalırlar. Bəs bu mənzərəni adi vətəndaş görürsə, bu işlə məşğul olan, daha dəqiq desək, bu problemin yaranmaması üçün təhkim olunmuş məmur, həmçinin  Nəqliyyat Nazirliyi və yol polisi görmür?

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən hər dəfə təkrarlanan cavabı aldıq: «Yol polisi və Nəqliyyat Nazirliyi əməkdaşları avtobuslara qarşı birgə reydlər keçirir. Qayda pozuntusu edən sürücülər məsuliyyətə cəlb olunur».

Yol polisinin bu cavabından sonra Nəqliyyat Nazirliyinin mövqeyini öyrənməyə zərurət qalmadı. Çünki keçirilən birgə reydlərin nəticəsi göz qabağındadır.

 





25.08.2014    çap et  çap et