Vaxt.Az

Ərdoğan Sərkisyana dəvət göndərib?


 

Bu Azərbaycan baxımından gözlənilməz hadisədir və xeyli suallara yol açır

Ərdoğan Sərkisyana dəvət göndərib? Ermənistan Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın inaqurasiyasına rəsmi dəvət alıb. Virtualaz.org xəbər verir ki, bu informasiyanı Ermənistan prezidenti Serj Sərkisyan açıqlayıb. Ümumerməni gənclər forumunun iştirakçıları qarşısında çıxış edən və iştirakçılardan birinin Ermənistan-Türkiyə münasibətləri barədə sualına cavab verən Sərkisyan deyib ki, Ərdoğanın avqustun 28-dı keçiriləcək inaqurasiya mərasiminə qatılmaq üçün Ankaradan onlara rəsmi dəvət gəlib.

Sərkisyanın sözlərinə görə, Ermənistan tərəfi bu dəvəti qəbul edib və çox güman ki, xarici işlər naziri Edvard Nalbəndyan inaqurasiya mərasiminə qatılacaq. Ermənistan prezidentinin sözlərinə görə, Nalbəndyan bu səfər zamanı Ərdoğanın gələn il 1915-ci il hadisələrinin 100 illiyi ilə bağlı İrəvana səfər edib «soyqırım abidəsi»ni ziyarət etməsi məsələsini də aydınlaşdıracaq. Xatırladaq ki, Ərdoğanın gələn il geniş tərkibli nümayəndə heyəti ilə birlikdə İrəvana səfər edəcəyini və «soyqırım» abidəsini ziyarət edəcəyini bu yaxınlarda erməni politoloqlarından biri açıqlamışdı. 

Sərkisyan forum iştirakçılarının suallarına cavab olaraq onu da deyib ki, Türkiyə-Ermənistan sərhədlərinin nə vaxt açılacağını deməkdə çətinlik çəkir. Onun sözlərinə görə, Ermənistan arzu edir ki, bu mümkün qədər tez baş versin.

Ərdoğanın inaqurasiya mərasiminə Sərkisyanı da dəvət etməsi Azərbaycan baxımından gözlənilməz hadisədir və xeyli suallara yol açır. Çünki ilk dəfədir ki, Türkiyə prezidentinin andiçmə mərasiminə Ermənistan dəvət alır. Bundan əvvəl Sərkisyan Ərdoğanı prezident seçilməsi münasibətilə təbrik etmişdi. Lakin göründüyü kimi Türkiyə tərəfi Ermənistanla barışıq üçün daha iri addım atıb - Sərkisyanı yeni prezidentin andiçmə mərasiminə dəvət edib. Bu, Ankara ilə İrəvan arasında barışığa dair gizli danışıqların getdiyinə dair əvvəllər yayılmış informasiyalara inanmaq üçün əsas verir.

Xüsusən də Ərdoğanın gələn il aprelin 24-də geniş heyətlə İrəvana səfər edib «soyqırım» abidəsini ziyarət edəcəyinə dair erməni tərəfinin yaydığı məlumatı Türkiyədə heç kim təkzib etmədi. Bu isə o deməkdir ki, Türkiyə 1915-ci il hadisələrinin 100-cü ildönümünə «soyqırımı» tanımaqla daxil olmağa hazırlaşır. Türkiyənin ermənilərə barışıq üçün «soyqırım»ı tanımağa hazır olması regionda yeni geosiyasi vəziyyət yaradacaq və Azərbaycan bu vəziyyətə hazır olmalıdır. Hələlik Azərbaycanın  Türkiyənin ermənilərlə barışıq planlarına dair nə dərəcədə məlumatlandırıldığı bəlli deyil. Hansı ki, Türkiyə rəhbərliyi dəfələrlə Qarabağ məsələsi həll olunmadan Ermənistanla sərhədləri açmaq niyyətində olmadığına dair bəyanatlar verib. O zaman Sərkisyana göndərilən dəvəti və Ərdoğanın «soyqırım» abidəsini ziyarət etmək planlarını necə başa düşək?

 





25.08.2014    çap et  çap et