Bunu «Azadlıq» qəzetinə açıqlamasında politoloq Vəfa Quluzadə deyib.
O bildirib ki, hətta Abxaziya və Cənubi Osetiya işğal ediləndə də Qərb oyanmadı. Ancaq Rusiya Ukraynaya hücum edəndən sonra Qərb anladı ki, həqiqətən də Rusiya SSRİ-ni bərpa etmək istəyir və dünya üçün təhlükəyə çevrilir: «İndi Qərb qarşısındakı düşməni görür və mübarizəni gücləndirəcək».
Ekspert onu da əlavə edib ki, Azərbaycan bu prosesdə düzgün qərar verməli, Qərb isə Azərbaycanı real təhlükədən qorumalıdır: «ABŞ dünyanın ən güclü ölkəsidir və bir qayda olaraq potensialının hamısından istifadə etmir. Həlledici məqamda isə tam gücünü qoyur. İndi bu nəhəng oyanıb və NATO da bu nəhəngin bir hissəsidir. Azərbaycan balans siyasəti dövründə özünü daha komfortlu hiss edirdi. İndi isə vəziyyət dəyişib və seçim qarşısındayıq. Hər dəfə seçim anı gələndə təhlükə də yaxınlaşır.
İstənilən halda Azərbaycan Qərb seçimi etməlidir. Qərb isə Azərbaycanı Rusiya təhlükəsindən qorumalıdır. Rusiyada keçirilən Xəzəryanı dövlətlərin sammitində də Rusiya tələb edəcək ki, Xəzərin səthi ümumi olsun və sərhəd olmasın. Çünki belə olduqda Rusiyanın hərbi donanması istənilən kimi hərəkət edir. Qarşıda gərgin döyüş var və ümid edirəm ki, Azərbaycan bu döyüşdən salamat çıxacaq».