Almaniya lideri bildirib ki, Ukrayna Avrasiya İttifaqına üzvlük üçün addımlar atsa idi, Avropa Birliyi buna mane olmayacaqdı.
Angela Merkel vurğulayıb ki, rəsmi Kiyev bundan sonra elə addımlar atmalıdır ki, Rusiyaya ziyan dəyməsin. «Ukraynanın hərəkətləri Rusiyaya ziyan vurmamalıdır».
Xatırladaq ki, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin Avropa Birliyi ilə assosiasiya sazişini imzalamaqdan imtina etməsi və rəsmi Kiyevin Kremlin layihəsi olan Gömrük İttifaqına doğru istiqamət alması təhlükəsi Ukraynada ciddi narazılığa səbəb oldu.
Qərbmeylli qüvvələrin kütləvi nümayişləri nəticəsində Viktor Yanukoviç hakimiyyətdən devrildi.
Bundan sonra isə rəsmi Kiyev Avropa ilə ittifaqda olacağını bəyan etdi. Ukrayna iyun ayında Avropa Birliyi ilə assosiasiya sazişini də imzaladı.
May ayında isə Astanada Qazaxıstan, Belarus, Rusiya prezidentləri Gömrük İttifaqının davamı olan Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında sənədə imza atdılar. Heç şübhəsiz, Rusiya hər vəchlə, Ukraynanı da bu ittifaqda görmək istəyir. Rusiyanın Ukraynadakı təxribat hərəkətlərində Kremlin rəsmi Kiyevi Avrasiya Birliyinə cəlb etmək niyyətlərinin olduğu da bəllidir.