Müəllif xatırladır ki, «Azadlıq» və «Amerikanın səsi» radiolarının saxlanılması hər il ABŞ büdcəsinə 750 milyon dollara başa gəlir. «Buna baxmayaraq onlar obyektiv xəbər və təhlillər vermək, daxili və regional məsələlər barədə müzakirələr təşkil etmək, demokratiya və azad bazar nailiyyətləri haqda bəhs etmək əvəzinə bu dəyərləri bölüşən müttəfiq dövlətlərə hücum edirlər» deyə o yazır.
M.Yaffi bu fikrini əsaslandırmaq üçün «Azadlıq» radiosunun Azərbaycandakı fəaliyyətindən bəhs edir. Azərbaycanda tolerant cəmiyyət olduğunu, ölkənin beynəlxalq şəffaflıq təşəbbüsünə qoşulduğunu, Qərb dəyərlərinə üstünlük verən müsəlman ölkəsi kimi tanındığını, ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyini, əhalinin 20 il əvvələ nisbətən daha yaxşı yaşadığını və s. xatırladır. «Buna baxmayaraq «Azadlıq» radiosunun layihələri bu ölkə haqda qərəzli və yanlış mövqe formalaşdırır. Təkcə iyulun 1-dən avqustun 5-dək «Azadlıq» radiosunda Azərbaycan haqda 30 məqalə və video yerləşdirilib. Onlardan heç biri Azərbaycanın nailiyyətlərindən bəhs etmir. Bunun əvəzində «azərbaycanlılar «İran casusu» kimi ömürlük həbsə məhkum edildi» kimi başlıqlara rast gəlmək olar. Plüralizm, vətəndaş cəmiyyəti, milli və regional inkişaf, ABŞ və İsraillə müttəfiqlik barədə heç nə yoxdur» deyə o, yazır.
Müəllif senator Rocer Uakerin bu yaxınlarda ABŞ-ın regionda Azərbaycan kimi stabil müttəfiqinin olduğu, iqtisadi çiçəklənmə və azadlıq yolunu seçdiyi haqda açıqlamasından da sitat gətirib. M.Yaffi hesab edir ki, Konqres üzvləri senatorun dediklərinə diqqət yetirmək əvəzində «Azadlıq» radiosunun Azərbaycan haqda «nə gəldi yazmasına» göz yumurlar. Müəllif yazır ki, Azərbaycandan fərqli olaraq «Azadlıq» radiosunun erməni bölməsində «mənfi heç nə yoxdur». Baxmayaraq ki, Ermənistan prezidenti Serj Sərkisyan Qərbdən üz çevirib və Putinin Gömrük İttifaqını seçib. «Bəs «Azadlıq» radiosunun Amerikanın düşmənləri ilə bir sırada yer alan Ermənistana təzyiqlərini niyə görmürük?» jurnalist sual edir.