Açıqlamada deyilir ki, Donetsk vilayətində antiterror qüvvələri Rusiya diversantlarının bir qrupunu zərərsizləşdirib. Açıqlamadan belə çıxır ki, zərərsizləşdirmə deyəndə qrup üzvlərinin ələ keçirilməsi nəzərdə tutulur. Bildirilir ki, Rusiyanın hava-desant qoşunlarının Svir diviziyasının 331-ci polkunun 10 hərbçisi əsir götürülüb. Əsirlər bildiriblər ki, onları ötən şənbə günü dəmir yoluyla Rostov vilayətinə dislokasiya ediblər. Gecə saat 3 radələrində desantçılar həyəcan siqnalı ilə ayağa qaldırılıb və hərbçilərə onlarla BMD-dən (desantın döyüş maşını) ibarət kolonun tərkibində yürüş əmri verilib.
Desantçıların komandirlərinə kolonun Ukrayna ərazisinə girəcəyi barədə bildirilib, ancaq sıravi əsgərlərə bu haqda heç nə deyilməyib. Desantçıların bildirdiyinə görə onların valideynləri övladlarının Dağıstanda xidmət etdiyini düşünür.
Ukrayna mənbələri xəbər verir ki, hərbi kolon Rusiya bayraqları altında Ukraynaya daxil olub. Onlara Donetsk ətrafında öldürülən rus hərbçilərinin və muzdluların cəsədlərini, habelə yaralıları Rusiya ərazisinə çıxarmaq üçün «təhlükəsiz dəhliz» yaratmaq əmri verilib. Kiyevdəki mənbə bildirib ki, həmin kolonda Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı Salman da olub.