Vaxt.Az

Xırdalanda dəhşətli vəziyyət


 

Kanalizasiya suları küçələri basdı

Xırdalanda dəhşətli vəziyyət Abşeron rayonu, Xırdalan şəhərinin 26-cı məhəlləsində dözülməz bir vəziyyət yaranıb. Sakinlər tərəfindən aznews.az-a daxil olan müraciətdə bildirilir ki, məhəllənin küçələri çirkab, kanalizasiya suları ilə dolub, məhəllə ərazisinə giriş-çıxış mümkünsüz hal alıb. Ən acınacaqlısı isə çirkab suların evlərə dolmasıdır.

İş o yerə çatıb ki, gələn üfunət evlərdə yaşamağı mümkünsüz edib. Məhəllədə antisanitariya baş alıb gedir: «Problem mütəmadi hal alıb. Adamlar evlərinə girib-çıxa bilmir. Məhlədəki mağazalar fəaliyyətini dayandırıb. Təəssüf ki, Abşeron Su-Kanal İdarəsi başda olmaqla, Xırdalan Bələdiyyəsi, İcra Hakimiyyəti isə hələ də problemin qarşısının alınması istiqamətində heç bir iş görmür».

Sakinlər bildiriblər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem öz həllini tapmır.

Narazı tərəf onu da qeyd edib ki, məhəllədə kanalizasiya suyunun hündürlüyü 20 sm-ə qədər qalxıb. Əraziyə Abşeron Su-Kanal İdarəsinin əməkdaşları baxış keçirsələr də, problemin aradan qaldırılması üçün heç bir tədbir görülməyib.

Abşeron Su- Kanal İdarəsinin mühəndisi Niyazi Qəhramanlı deyilənləri təsdiqləyib: «Bəli, həmin məhəllənin sakinləri tərəfindən bizə şikayət daxil olub. İdarənin Qəza Xidməti Mərkəzinin əməkdaşları ötən gün hadisə baş verən ərazidə olublar. Problemin aradan qaldırılması istiqamətində işlər gedir. Sözügedən məhəllədə kanalizasiya xətti tutulub. Buna görə də Bakı Su Nasosxanası çirkab suları tam şəkildə çəkə bilmir. Hazırda əməkdaşlarımız bu problemin aradan qaldırılması istiqamətində iş aparır».

Lakin sakinlər mühəndisin dediklərini təkzib edirlər. Onların sözlərinə görə, ərazidə heç bir iş aparılmır.

 





27.08.2014    çap et  çap et