Vaxt.Az

«Məni intriqalara çəkməsinlər»


 

Vüqar Bayramlı siyasi məhbus yalanlarını ifşa etdi

«Məni intriqalara çəkməsinlər» Yəqin xatırlayırsınız, bir müddət öncə Vətəndaş Cəmiyyəti Forumunun (VCF) «Şərq Tərəfdaşlığı» adlı təşkilatının saytında kimlər tərəfindənsə siyasi məhbus adlandırılan 100 nəfərin siyahısı verilmişdi. Düzdür, tezliklə həmin «siyasi məhbus» siyahısı bu saytdan silindi. Və nüfuzlu Avropa saytlarından biri beynəlxalq təşkilatların ona yapışdırmaq istədikləri bədnam siyasi məhbuslar məsələsi ilə heç vaxt razılaşmayan Azərbaycana bəlkə də ilk dəfə güzəştə getdi.

Bu məsələdə ən maraqlı məqam o oldu ki, siyahı saytdan yığışdırılan kimi, «Azadlıq» radiosunun müxbiri Xədicə İsmayılova və digər radikal müxalifətçilər sosial şəbəkələrdə təbliğat hücumuna başladılar. Və bu dəfə onların hədəfinə iqtisadçı-ekspert , İqtisadi və Sosial İnkişaf Mərkəzi İdarə Heyətinin sədri Vüqar Bayramlının rəhbərlik etdiyi təşkilat gəldi. Radikallar onu və təşkilatını, necə deyərlər, linç etməyə başladılar.

Virtualaz.org olaraq nələrin baş verdiyini aydınlaşdırmaq üçün tanınmış ekspertə, QHT rəhbərinin özünə müraciət etdik. V.Bayramlı cavabında bir çox maraqlı məqamlara aydınlıq gətirdi: « Bizim təşkilat öz fəaliyyətində həmişə ilk növbədə milli maraqlara əsaslanıb, ona görə də həmin siyahını görən kimi əlimizdən gələni etdik ki, o, saytdan mümkün qədər tez götürülsün. Yeri gəlmişkən, dərhal məlum oldu ki, həmin saxta siyahının müəllifləri Rəsul Cəfərli ilə Leyla Yunusdur. Jurnalist Xədicə İsmayılova isə onu əli çatan hər yerdə, xüsusən də saytlarda və sosial şəbəkələrdə, eyni zamanda xəbərləri olmadan bir sıra QHT-lərin saytlarında yaymaqla məşğul olur. Sonradan o bunu onunla izah etməyə çalışdı ki, guya siyahı 12 QHT nümayəndələri və hüquqşünaslardan ibarət İşçi Qrupla, eləcə də həbs olunmamışdan əvvəl Rəsul Cəfərli və Leyla Yunusla razılaşdırılıb.

Bizim sayta isə o, ümumiyyətlə aldatma yolu ilə düşüb. Belə ki, Forumun Brüsseldə olan katibliyi araşdırmadan və Forum rəhbərliyinin razılığı olmadan, həmçinin Azərbaycandan 51 QHT-nin daxil olduğu «Şərq Tərəfdaşlığı» Forumunun milli platformasına zidd olaraq onu özündə yerləşdirib. Bizim müraciətimizdən və verdiyimiz arayışdan dərhal sonra həmin material saytdan götürüldü. Başqa sözlə, biz onları başa saldıq ki, bu siyahı ilə heç də bütün QHT-lər razı deyil. Buna görə də onu Azərbaycanın bütün QHT-ləri tərəfindən təsdiq edilmiş ümumi siyahı kimi vermək yanlışdır.

Siyahının silinməsindən dərhal sonra Xədicə İsmayılova və digər radikallar tərəfindən mənə hücumlar, qarayaxmalar başladı. Üzümü onlara tutub demək istəyirəm ki, mən iqtisadçıyam və heç vaxt siyasətə qarışmamışam. Ona görə də məni ittiham edənlərdən xahiş edirəm ki, fəaliyyət sahəmin spesifikasını nəzərə alsınlar. Əgər kiminsə mənim iqtisadi layihələrim və ya baxışlarımla bağlı sualı varsa, onda polemikaya hazıram. Ancaq məni siyasi məsələlərə və intriqalara çəkməsinlər.

Onu da qeyd edim ki, Azərbaycanda vətəndaş cəmiyyəti sektoru son vaxtlar onsuz da çətin bir mərhələni yaşamaqdadır.

Məsələn, konkret olaraq bizim təşkilatın bank hesabları bloka alınıb-dondurulub, buna görə də proqramlarımızın reallaşması dayanıb. Məhz bu səbəbdən əməkdaşlarımıza əməkhaqqı verilməsində çətinliklər yaranıb.

Doğrudur, biz buna görə hələlik fəaliyyət istiqamətimizi dəyişmək istəmirik. Gözləyirik ki, Ədliyyə və Vergilər nazirlikləri nəhayət, bu məsələni araşdıracaq və ona aydınlıq gətirəcəklər.

Yeri gəlmişkən, biz qrantları yalnız o xarici təşkilatlardan alırıq ki, onlar sırf iqtisadiyyatla məşğul olurlar».

 





28.08.2014    çap et  çap et