1974-cü ildə Azərbaycan Dillər Universitetini ingilis dili müəllimi ixtisası üzrə bitirən Nailə Rzaquliyeva əmək fəaliyyətinə 23 nömrəli məktəbdə başlayıb. Burada ingilis dili müəllimi və məktəb direktoru işləyib. O, uzun illərdi idarə rəisi vəzifəsində çalışırdı.
Qeyd edək ki, bir neçə gün əvvəl 14 məktəb direktoru da vəzifəsindən kənarlaşdırılmışdı. Onların arasında N.Rzaquliyevaya yaxınlığı ilə seçilənlər də var.
Adı kredit qalmaqalında hallandırılan Xətai rayonundakı 171 saylı məktəbin direktoru İradə Murquzovanın da vəzifədən kənarlaşdırıldığı bildirilsə də, Təhsil Nazirliyi və idarədən bununla bağlı açıqlama vermək istəməyiblər.
Virtualaz.org saytının İ.Murquzovanın işdən çıxarılması xəbəri ilə bağlı sorğusuna Bakı Şəhəri üzrə Təhsil İdarəsindən «hazırda faktla bağlı araşdırma gedir, araşdırmadan sonra ictimaiyyət məlumatlandırılacaq» cavabı verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edəcək şəxs məlum olub. Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olunanadək bu vəzifə I müavin vəzifəsini icra edən Elnur Əliyevə həvalə olunub.
Bir neçə saat əvvəl isə BŞTİ-dən AzNews.az-ın sorğusuna cavab olaraq bildirilibmiş ki, BŞTİ-nin müdiri vəzifənin icrası müvəqqəti olaraq Məmmədəli Kəsəmənliyə tapşırılıb.