Gözəl görünən, amma ağzını açanda qarşı tərəfi əleyhqaz taxmağa məcbur edən qarnıqurdlu qadınlar, boylu-buxunlu olmasına baxmayaraq, «şir ürəyində» siçanlar oynaşan, Niyazi Mehdinin fəlsəfi termini ilə desək, görməmiş yaltaq kişilər, zərifliyi, ətri ilə adama gəl-gəl deyən zəhərli bitkilər, başı dumanlandırıb insanı sorğusuz-sualsız cənnətə aparıb cəhənnəmlik edən içkilər və hətta süjeti, ideyası oğurluq olan kitablar, belə saxta kitabları yazan müəlliflər də birinci sətirdə yazdığımız qədim həqiqətin sübutlarıdır.
Mən bu qədim həqiqətin sirrinə çox erkən yaşlarımda, yəni Gertsenin öz memuarında təsvir etdiyi Moskvada vəba xəstəliyinin yayılması ilə Kamünün «Taun» romanındakı daban-dabana oxşarlıqları görərkən yiyələndim.
Gertsen öz memuarında 1831-ci ildə Moskvanı bürüyən vəba xəstəliyi haqqında yazır ki, heç kim bu xəstəliyə nə vaxt, necə yoluxacağını, neçə saatdan, neçə gündən sonra öləcəyini bilmirdi. Küçələr xəstə və meyit daşıyan at arabaları ilə doluydu. Moskvada xəstəliyin vahiməsinə düşməyən bir adam vardısa, o da qubernator Qolıtsın idi. O, təkbaşına bu xəstəliklə şəxsi düşməni kimi mübarizə aparırdı.
Gertsen daha sonra 1849-cu il Parisin vəbalı günlərini xatırlayır. İnsanlar hər iki şəhərdə (bütün dünyada) eyni ağrılarla ölür, yeganə fərq budur ki, Parisin Qolıtsınları yalnız özlərinin və arvad-uşaqlarının hayındadır. (bunu Gertsen yazır)
İndi baxaq Kamünün «Taun»una; ilk cümlə: «Kitabda söylənilən qəribə əhvalatlar 194...-cı ildə Oran şəhərində baş verib və əhvalatlar adilikdən uzaqlaşdırılıb, yerlər dəyişdirilib». Əslində, Kamünün Oranı Gertsenin memuarındakı vəbalı Parisin yüz il sonrakı təsviridir. Kamü, sadəcə, 1849-u 194... eləyib. Oğurluq fərqlərdən ən gözəgirəni isə bundan ibarətdir. Gertsenin real qəhrəmanı qubernator Qolıtsını Kamü simvolik həkim obrazı olan Ryö ilə əvəz edib.
Ümumiyyətlə, Avropa ədəbiyyatından fərqli olaraq rus ədəbiyyatının mistisizmi, simvolizmi də reallığa söykənir. Mistik nəsrin siftəsi hesab olunan Bulqakovun «Master və Marqarita»sını xatırlayaq; əsərdə Marqaritanın ağlını itirdiyi yerəcən gözəgörünməz qüvvələrin idarə etdiyi metafizik hadisələr o qədər real təsvir olunur ki, oxucu, doğrudan da, müftə dəbdəbəyə, bər-bəzəyə pərəstiş edən qadınların hipnoz altında soyunub küçələrə lüt dağılışmasına inanır. Rus ədəbiyyatında, demək olar ki, ezopizm yoxdur. Avropa ədəbiyyatı isə tam əksinə, real olanı da ezoplaşdırmağa, laldili çatdırmağa çalışır. Oxucu gərək Avropa yazıçısını vurma cədvəli kimi dönə-dönə oxusun ki, axırda bu yazıçının payızı ağacların sarılıq xəstəliyi adlandırdığını başa düşsün. Rus ədəbiyyatının canında Avropa ədəbiyyatından fərqli olaraq qədim Yunan, Misir, Roma mifologiyası virusuna qarşı immunitet var. Avropa ədəbiyyatındakı Yunan allahının qarşısına rus ədəbiyyatı adi rus alkaşı ilə çıxır və rus alkaşı öz mühakimələri ilə Yunan allahının pişiyini ağaca dırmaşdırır.
Kafka da, Bulqakov da özlərinin ən fundamental əsərlərində fövqəlliklə adiliyin gizlin münasibətlərini yazır. Kafka «Qəsr»də, Bulqakov «Master və Marqarita»da. Qəsri və Moskvanı idarə edən qüvvələr adi insanlar üçün izaholunmaz və əlçatmazdırlar. Adilik Fövqəlliyə can atdıqca daha da adiləşir, gülünc bir çıxılmazlığa düşür. Çapalayıb özünü daha da tora ilişdirən həşərata çevrilir. Şəxsən mən bu iki əsəri oxuyanda yalnız bu suala cavab axtarırdım: hansı hansını yaradır, fövqəllik gözəgörünməzliyimi, yoxsa gözəgörünməzlik fövqəlliyimi? Hələ də fikirləşirəm.
Qayıdaq forma və məzmun məsələsinə. Bu yay oxuduğum kitabların arasında Bussatinin bestsellerə çevirilmiş «Tatar çölü» romanı da vardı. Pamukun «Qar» romanı kimi «Tatar çölü»nü də on-on beş səhifə oxuyanda sonra oğurluq kitablar rəfinə tolazladım. Çünki hər iki əsər dəbdəbə naminə Volandın hipnozu altında soyunan qadınlar kimi, Kafkanın metafizik cazibəsi nəticəsində tumançaq qalmış iki müəllif tərəfindən yazılmışdır. Hər iki romanın ideyası Kafkadan açıq-aydın əkişdirilib, yumşaldılıb. Bu romanlar «Qəsr»i oxumayanlar üçün, bəlkə də, şedevrdir, ancaq peşəkar oxucular üçün «Qar» da, «Tatar çölü» də «Qəsr»in cizgi filmi variantıdır. Necə ki, avropalılar İncili, Don Kixotu uşaqlarına tanıtmaq üçün hər iki bəşəri kitabın şəkilli variantlarını, cizgi filmlərini çəkiblər.
Sözümüzün canı: Oğurluq «allahdan» doğma «alkaş» yaxşıdır. (1937.az)