Ayrı-ayrı şəxslərin xəstəliklərini sağaltmaq üçün qadağaları həkimlər qoyurlarsa, bütöv etnosların, xalqların, tayfaların xəstəliklərini sağaltmaq işini tarix boyunca daha çox müqəddəs kitablar görmüşdür. Yəni qadağalar xəstəliklərdən törəyir və sağalan cəmiyyətlərdə artıq qadağalara ehtiyac qalmır. Məsələn, təqribən, iki yüz il öncə Avropada öz dövrünün ictimai, fəlsəfə, əxlaqi düşüncəsini dağıdan fikirlərin müəlliflərini və kitablarını tonqalda yandırırdılar. Yenilik xəstəlik kimi başa düşülürdü. Mühafizəkarlar islahatçılara, islahatçılar mühafizəkarlara xəstəlik kimi baxırdılar. Yenilik köhnəlikdən qurtulmaq üçün həm özünə, həm də xitab etdiyi zümrəyə köhnə ənənələrlə yaşamağı qadağan edirdi. Köhnəliyin qadağaları daha sərt idi; yandırmaq, öldürmək, yox etmək, zindanda çürütmək, cürbəcür işgəncələr vermək və s. Qadağaların amansızlığı nəticəsində mühafizəkarlarla islahatçılar arasında sərhədlər dəqiqləşdi və Avropa sağaldı. İndi fikirlərinə, əxlaqına, inancına görə kimisə tonqalda yandırmaq özü bir xəstəlik sayılar. Ancaq dünyanın bir çox ölkələri, xalqları vardır ki, onlar anadangəlmə sağalmaz xəstəliyə tutulublar və yaşamaları üçün onlara talassemiya xəstələri kimi mütləq qan vurmaq lazımdır. Onları yaşadan qandır. Dəxli yoxdur kimin qanı olur olsun. Qan olmasa bu xalqlar tarixin köhnəlmiş, yırtıq cır-cındırına bürünüb ölüb gedərlər. Dünyadan üfunət qoxusu gəlirsə, deməli, onlar yaşayırlar, qan axtarırlar. Onların atalar sözü belədir: «Qan həyat mənbəyidir». Onlar bir himə bənddirlər ki, qan içmək naminə doğma qardaşlarının başlarını qoparsınlar. Onlar nisbətən sağlam mühitlərdə süni qadağalar qoyurlar ki, xəstəlik öz-özünə yaransın. Təki qan axsın.
Yeniliyi qorumaq, köhnəliyi darmadağın etmək üçün insanlar təkcə əleyhdarlarını öldürməyiblər, həm də özlərinin düşüncəsinə, siyasi rejimlərinə, inanclarına uyğun olmayan kitabları da yandırıblar.
Məsələn, dünyada hər şeyin həm maddi, həm də xəyali olması və xeyir-şər başlanğıca söykənməsi, insanın bu və ya digər mövqeyi seçməkdə sərbəst olması təlimi Makedoniyalı İsgəndərin xoşuna gəlməmiş və o, «Avesta»nın ilk nüsxələrini yandırmışdır. Yaxud Sezar yunanlardan acığını İsgəndəriyyə şəhəri ilə bərabər həm də o dövrün ən böyük kitabxanası olan İsgəndəriyyə kitabxanasını yandırmaqla çıxmışdır.
Keşiş olmasına baxmayaraq, kilsədə
ateist çıxışlar edən, ictimai fikir tarixində ilk dəfə ateizm və materializmi
xalq inqilabı ilə birləşdirib Parisdə aləmi bir-birinə qatan Jan Melyenin adlı
kəndli rahibin yeganə kitabı «Vəsiyyətnamə» ateist ruhuna görə o
vaxtkı hakim dairələrin kürkünə birə salmış və 1775-ci ildə Paris parlamentinin
qərarı ilə yandırılmışdı.
Hətta müasir Qərb dünyasında da bəzi kitabları hələ də cəmiyyətin yoluxucu
xəstəliyi hesab edirlər. Məsələn, söz və fikir azadlığının vətəni olan ABŞ-da
ötən əsrdə əxlaqsız üslubuna görə Henri Millerin «Xərçəng tropiki», amerikalı
uşaqlar - gələcəyin əsgərləri əsərdəki əsir düşmüş baş qəhrəmanın
təsirinə uymasın deyə Kurt Vonnegutun «Uşaqların səlib yürüşü: ölümlə çılğın
rəqs» kitabı qadağan olundu.
«İsanın İncili» romanına görə kilsə xadimləri Joze Saramaqonu gözümçıxdıya saldılar.
Demək istədiyim yadımdan çıxmamış deyim və vidalaşaq: qadağalar, qadaqlamalar sağaltmaq naminə olmalıdır, məhv etmək üçün yox. Necə ki, həkimlər məni çox sevdiyim bozbaşı qadağan edərək ac saxlayıb sağaltdı. Ancaq insanı ac saxlayıb öldürmək də olar... (1937.az)