Vaxt.Az
«Axsaq ayaqla möhtəşəm yeriş»
Kül keçəlin başına...
Narxozda "Elmi kommunizm"dən dərs deyən müəllimimiz şuluqluğa başlayanda hələ SSRİ-də yenidənqurma başlamamışdı. Orda-burda qulağımıza qəribə şeylər pıçıldayırdı.
Məsələn, deyirdi ki, Engels Mançestrdəki şəxsi fabrikində fəhlələri sutkada on üç saat ağır şəraitdə işlədir, verdiyi əməkhaqqı onların yeməyinə güclə çatırdı. Fəhlələrdən oğurladığı həmin pulla isə Engels heç yerdə işləməyən Marksı dolandırırdı ki, o da fabrikləri sahibkarların əlindən almaq çağırışlarıyla məşğul idi.
Məsələn, deyirdi ki, Vladimir Ulyanov cəmi bircə dəfə məhkəmədə olub. Kəndliləri məhkəməyə verərək xeyli cərimə elətdirib, nədi-nədi, həmin kəndlilərin atları onun şəxsi torpaq sahəsini tapdayıblar. Sonradan anası həmin torpağın icarəsindən gələn pulu xaricdə yaşayan Leninə göndərirdi ki, o da orada torpağı sahibkarların əlindən almaq çağırışlarıyla məşğul idi...
Yox e, yox, bunlar heç də bu fani, cani, mani-mani dünyanın qəribə işləri deyil, bunlar dünyanın məntiqi, mahiyyəti.
Hərçənd dünyanın məntiqi «Nəsimi» filmində ən maraqlı sandığım səhnədə: Teymurun axsaq ayaqla möhtəşəm yerişində!
İndi bu filmin o yerindəyəm ki, Fəzlullah Nəiminin qızı Nəsimini qabağına qoyub uşaq kimi danlayır. Ki, hamı atamın xilası haqqında düşünür, təkcə səndən başqa... Gənc şair Nəsimi isə həmin vəziyyət üçün ona əqidədaşlarının da, dostlarının da, sevgilisinin də nifrətini qazandıracaq bir cavab verir: Fəzlin xilası mümkün deyil.
Niyə?
Bu suala isə bir müddət sonra Fəzli xilas etməyə gedən Dövlət bəy cavab verir: Kəcavə boşdur... İç boşdur, baş boşdur, əl boşdur... Şair Allaha üz tutub deyir: Bu böyük boşluğa atdım özümü, sənə arxayınam, özün tut məni.
Yüz ilə yaxın ki, Yeni Qvineya papuasları arasında bir inanc dolaşmaqda. Bu inancın daşıyıcıları belə hesab eləməkdə ki, ağdərililər İncilin birinci səhifəsini qəsdən cırıb atmışlar. Guya o səhifədə yazılıbmış ki, İsa peyğəmbər papuas olub. Və yüz ilə yaxındır, bu inanca tapınanlar oturub gözləməkdə ki, İsa peyğəmbər bu gün-sabah qayıdacaq, papuasları ağaya, ağdərililəri isə onların quluna döndərəcək.
İkinci Dünya Müharibəsi illərinin günlərinin birində Okeaniya adalarına enən, yerli camaatçün ərzaq yardımı gətirən ABŞ təyyarəsi... O gündən bəri həmin camaat konservlənmiş ət bankasına sitayiş eləməkdə. Və gözləməkdə ki, bu gün-sabah ərzaqla dolu o təyyarə yenə də göydən düşəcək.
Göydənsə hələ ki, yağışların və ölü quşların düşdüyü bu zəmanədə xilasını yeni bir imamın zühurundan gözləyən müsəlman dünyasının adını isə çəkmirəm. Hər necə olsa, özümüzünküdü, duz-çörək kəsmişik, dost var, düşmən var, hələ üstəlik bağda ərik var, salam-məlik var...
Amma bunu da deyəcəyəm: Dostoyevski haradasa oturub yeyib-içəndə ağzından bir söz qaçırıb deyə, hamı arxayınlıqla gözləməkdə ki, dünyanı gözəllik xilas edəcək.
Xoşdur. Amma iç boşdur, baş boşdur, əl boşdur. Okeaniya insanın sitayiş elədiyi o banka boşdur. Yeni Qvineya papuasları isə Saramoqonu oxusaydılar bilərdilər ki, İncilin birinci səhifəsi də boş olub.
Dostoyevskinin həmin cümləsi də ki əslində beləydi: "Gözəllik xeyirxah olsaydı, dünyanı xilas edə bilərdi..."
Gözəllikdə isə xeyirxahlıq olmur.
Xilas qeyri-mümkün. Olsa-olsa, o, bir daimi ehtiyac. Xilas oldunsa, yenə də, yenə də, yenə də xilas olmaq istəyəcəksən.
Tük keçəlin başına.
25.09.2013 çap et