Vaxt.Az

Şəhid ailələri BŞBPİ-yə çağırıldı


 

Xiyabanda kameralar quraşdırılıb

Şəhid ailələri BŞBPİ-yə çağırıldı «20 yanvar» şəhidləri İlham və Fərizə Allahverdiyevlərin ailəsi paytaxt polisinə çağırılıb. Bu barədə mətbuata İ.Allahverdiyevin qardaşı Elxan məlumat verib. «Dünən daxili işlər naziri Ramil Usubovun göstərişi ilə ailə üzvlərimizi Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət etmişdilər. Görüş zamanı məlumat verildi ki, hazırda Şəhidlər Xiyabanındakı rüsvayçı hadisə ilə bağlı istintaq gedir. Təhqiqatın gedişi haqqında hər iki şəhid ailəsinə məlumat veriləcək. İdarə rəhbərliyi bildirdi ki, şəhid qəbirləri üzərində təhqiramiz hərəkətlər dövlətimizə atılan çamurdur və bunu edəni tapıb cəzalandırmaq DİN əməkdaşları üçün şərəf məsələsidir».

«Trend» agentliyinin DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidova istinadən məlumat yaydığı məlumata görə, Şəhidlər xiyabanında Daxili İşlər Nazirliyinin müşahidə kameraları quraşdırılıb.

E.Zahidov bildirib ki, bu addım gələcəkdə belə halların qarşısının alınması, eləcə də qeyd olunan əraziyə mütəmadi nəzarətin həyata keçirilməsi üçün atılıb.
Qeyd edək ki, avqustun 21-dən 22-nə keçən gecə paytaxtda Şəhidlər Xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlər törədilib. Məzarları təhqir edilmiş İlham və Fərizə Allahverdiyevlərin valideynləri - anaları Ofeliya İbrahimova və Bağda Nəbiyeva bir neçə gün öncə Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Bundan başqa «20 yanvar» Cəmiyyəti də Şəhidlər Xiyabanında məzarların təhqir edilməsinə etiraz əlaməti olaraq daxili işlər naziri Ramil Usubov və milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib.
Hazırda Bakı Şəhər Prokurorluğunda məlum faktla bağlı cinayət işi açılıb, təqsirkarın müəyyən edilərək cəzalandırılması istiqamətində tədbirlər davam edir.

 





02.09.2014    çap et  çap et