Vaxt.Az

Müsavatda yeni ssenari


 

İsa Qəmbərin «veto hüququ» saxlanılır

Müsavatda yeni ssenari «İsa Qəmbərin Müsavat Partiyasında veto hüququnun saxlanılması üçün üst qurumun yaradılması təklifi qurultaya təqdim ediləcək».

Publika.az-a açıqlamasında bu barədə Müsavat Divanının üzvü Nüşabə Sadıqlı deyib. Onun sözlərinə görə, partiyada İsa Qəmbərin başqanlıqdan getməsini istəməyənlər də var: «Mən də bunun tərəfdarıyam. Lakin İsa bəy öz qərarını verib və nizamnamə dəyişikliyinin olmayacağını açıqlayıb. Ola bilsin ki, qurultayda kimlərsə nizamnamə dəyişikliyini yenidən dilə gətirsin, lakin bunun baş tutacağı mümkün deyil. Buna görə də biz İsa bəyin partiyada veto hüququnun saxlanılması üçün üst qurumun yaradılması təklifini irəli sürəcəyik».

N.Sadıqlı əlavə danışmaq istəmədiyini, hər şeyin qurultayda aydın olacağını bildirib.

Lakin saytın Müsavat fəallarından əldə etdiyi məlumatda İsa Qəmbərin qərar vermək qüvvəsinin saxlanılması üçün hərəkətə keçdiyi məlum olub.

Məlumata görə, üst qurumun yaradılması ideyası İ.Qəmbərin özündən gəlib və bununla da o, veto hüququnun qoruyub saxlayacaq. Başqan bunu gələcəkdə partiyanın parçalanmaması və başqanlıq seçkilərindən sonra kritik seçkilərin gəldiyi ilə əsaslandırıb.

Ən maraqlısı isə başqanlığa iki namizəd arasındakı incə seçimdir. Belə ki, İ.Qəmbərə ən yaxın, lakin öz gücü ilə ona alternativ ola biləcək namizəd A.Hacılının başqan seçilməyəcəyi təqdirdə yaradılması nəzərdə tutulan üst qurumda təmsilçiliyi gündəmə gəlib. Eyni zamanda, Q.İbadoğlu ilə bağlı da eyni proses baş verə bilər.

Məlumata görə, üst qurumda əsas söz sahibi İsa Qəmbər olacaq. Qurumun digər üzvləri isə daha çox məsləhətçi funksiyası daşıyacaqlar.

 





02.09.2014    çap et  çap et