Kənd Təsərrüfatı Nazirliyi isə hər zaman açıqlamalarında məhsulların kifayət qədər, hətta lazım olandan da artıq olduğunu bildirir.
Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov da bu fikirdədir: «Həqiqətən məhsul boldur. Sadəcə həmin məhsulu istehsal edən fermeri Bakının bazarlarına buraxmırlar. Fermer məhsulu gətirir ki, özü satsın. Amma möhtəkirlər qapını kəsib, məhsulu ucuz qiymətə özləri alıb satmaq istəyirlər. Bu möhtəkirlərin qarşısını almaq üçün bazar tənzimlənməlidir».
Deputat həmişə olduğu kimi, Naxçıvandakı durumu misal gətirib. «Naxçıvanda niyə bazar bahalaşmır? Çünki nəzarət var. İqtisadi İnkişaf və Sənaye Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi bu işləri tənzimləməlidir. Kim deyirsə ki, Rusiya bazarına yol açılıb deyə məhsul yoxdur, yalançıdır.
Əlbəttə, Rusiyada Azərbaycan məhsullarına tələbatın artması özü-özlüyündə yaxşı haldır. Əlaqələrin genişləndirilməsi, daimi olması və bunun müqavilələrlə həyata keçirilməsinin tam tərəfdarıyam. Amma bazardakı bahalaşmada Rusiyanı səbəb göstərmək sadəcə bəhanədir», - deyə Komitə sədri vurğulayıb.
Xatırladaq ki, kənd təsərrüfatı naziri Heydər Əsədov, iqtisadi inkişaf naziri isə Şahin Mustafayevdir.