Komitə sədri deyib ki, yeni qərar mənəvi baxımdan dünya azərbaycanlılarını, hüquqi baxımdan isə respublika vətəndaşlarını əhatə edəcək. Nazirlər Kabineti tərəfindən soyadların milliləşdirilməsi ilə bağlı verəcəyi qərar məcburi icra ediləcək: «Bu, yeni doğulan uşaqlar üçün məcburi olacaq. Məsələn, ola bilməz ki, Nizami Cəfərov bu yaşında soyadının sonluğunu dəyişsin».
N. Cəfərov onu da vurğulayıb ki, Mədəniyyət Komitəsi də soyadların milliləşdirilməsi ilə bağlı sənədin üzərində işləyir: «Fikrimcə, ad və soyadlarla bağlı ayrıca yeni qanun qəbul olunmalıdır. Çünki bu sahədə, xüsusən də adlarla bağlı mürəkkəb məsələlər var. Bəzən uşaqlara elə adlar qoyulur ki, onlar özünü doğrultmur. Mədəniyyət Komitəsi soyadların sonluğunun 6 variantını tövsiyə edib. Ancaq bu gün azərbaycanlıların 80 faizinin soyad sonluğunu -ov, -yev, 10 faizini -lı, -li, -lu, -lü, 10 faizini isə -zadə sonluğu təşkil edir».