Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə iş istəyib. Prokuror X.Mədətova 12 il həbs cəzası tələb edib.
Proses sentyabrın 11-də davam etdiriləcək.
Qeyd edək ki, martın 15-də Suraxanı rayonu ərazisində, Zığ şosesində X.Mədətov «Mercedes-Benz Gelandewagen-55» markalı avtomobilini idarə edərkən xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi «VAZ-2106»-a çırpılıb. Nəticədə «VAZ-2106»da olan sərnişinlər - xalq artsitinin həyat yoldaşı, 1959-cü il təvəllüdlü Brilyant Abdullayeva və 2008-ci il təvəllüdlü nəvəsi Ağasəlim Abdullayev hadisə yerində ölüblər. 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev (məşhur tarzən, xalq artisti) və onun gəlini, 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi CM-in 263.1.4-cü maddəsinə tövsif olunub.
Qəzadan iki gün sonra Mübariz Mədətov prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib, oğlu Xalid Mədətov isə həbs olunub. M.Mədətov Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin sabiq rəisi Aydın Bəşirovun həm qudası, həm də biznes ortağıdır.