Vaxt.Az
«Cərcis Peyğəmbər və təkərli manqal»
Bir neçə gün öncə yazıçı dostum Mübariz Rəfiyevlə Beyləqana güzarımız düşmüşdü. İnsafən deyim ki, yaxşı səfər idi. Bir gecə qonaqpərvər beyləqanlıların evində qonaq olub, doğma insanların gözəl münasibəti ilə xoşhal olduq.
Səhər rəvayətə görə Cərcis peyğəmbərin məzarı olan, xalq arasında “Zəncirli pir” adlanan ziyarətgaha yollandıq. Ziyarətgah da inandırıcı və maraqlı idi. Peyğəmbərin məzarını ziyarət elədik, ab-hava da insanı az-çox riqqətə gətirə bilirdi. Həmin gün günorta saatlarında “Kral” restoranına üz tutduq, məclis başladı, toy qızışdı. Xeyir işin şirin yerində bir də gördük ki, hay-həşir aləmi bürüdü, beş-altı nəfər adam bir manqalın başında, bir o qədər adəm övladı da digər manqalın ətrafında itələşə-itələşə üz tutdular camaat oturan “yerə”. Demə, burda bəşəriyyətin sonuncu kəşfi edilib; təkərli manqallar icad olunubmuş. Manqalları stolların yanına “sürüb” isti-isti, buğu canında olan kababları şişdə stolların üstünə qoydular. Kababları gətirənlərin fərəhdən dörd olan gözlərini isə göz istəyirdi görə, “maşallah olsun”. Gözlərindən isə bu sözlər oxunurdu: “görün, biz sizdən ötrü neynirik”. Kabablar paylanıb bitəndən sonra adı “Kral” olan restoranda aralıdan ləhləyən eşşək kimi ləngər vura-vura“ gələn” boş təkərli manqalları gördükcə elə bil kabab yox, ətimi yeyirdim.
Fərqə baxın: Şəhərin bir tərəfində Cərcis peyğəmbərin qəbri, digər tərəfində “Kral” restoranında təkərli monqal. İçimi dürlü suallar gəmirirdi:
- Biz niyə bu iki müxtəlif (müqəddəs və yüngül) əxlaqın arasındayıq?
- Biz niyə kəşflərimizi məhz “qarın ideyası”nın üstündə qururuq?
- Təkərli manqalı restoranın ortasına dartmaqla nəyi sübut etmək istəyirik?
- Biz niyə belə edirik, bu reallıqda; kimə oxşamaqdır qəsdimiz?
Özü də mənəvi deqradasiya tək toylara yox, cəmiyyətin müxtəlif sferalarına ayaq açmaqdadır:
- Televiziya verilişində xalq artisti həmkarına “mən yemirəm yedizdirirəm” deyir.
- Sərhəddə gömrükçü Dostoyevskinin kitabın üzərindəki şəklini görüb soruşur ki, bu vəhabi-zad deyil ki?
- Sənətşünası “Mono Liza” ilə “Cakonda” haqqında ayrı-ayrı əsərlər kimi danışır.
- Universitetlərin qəbul balı peşə məktəbi həddinə düşür.
- Dədə Qorqud sözünü ixtisarla (D.Qorqud) yazan qəzetlərə rast gəlirsən.
Allah axırımızı xeyir eləsin...
12.09.2013 çap et