Vaxt.Az

Ağacları sulfat turşusuyla məhv edirlər


 

Bakıda 9 şam, 1 qarağat ağacının dibinə sulfat turşusu töküldüyü müəyyən edilib

Ağacları sulfat turşusuyla məhv edirlər Nəsimi rayonu, Cavadxan küçəsi 26 ünvanında yerləşən binanın qarşısındakı ağaclar məhv olma təhlükəsi ilə üzləşib.

ANS TV-nin məlumatına görə, bina sakinləri, səhər saatlarında ağacların dibinə kimyəvi maye tökülməsinə şahid olublar. Sakinlər iddia edir ki, bu addım məhz ağacların məhv edilib yerində hər hansı bir obyektin tikilməsi üçün atılıb. Ərazidə bəzi ağacların yarpaqları saralıb-solmuşdu. Binada yaşayanların sözlərinə görə, bunu edən məhz yaxınlıqdakı özəl klinikanın rəhbərliyidir. Hətta onlarla bu məsələdə 5 ildir ki, mübarizə aparırlar və dəfələrlə ağacları məhv etmək istəsələr də sakinlər buna müdaxilə edib.

«Amma buna baxmayaraq bir neçə zeytun ağacı məhv edilib. Axırıncı dəfə turşu ilə məhv etmə üsuluna əl atılıb» - deyə sakinlər belə deyir.

ANS əməkdaşları da sakinlərlə bərabər sözügedən klinikada olublar. Müəssisənin rəhbəri Elxan Yaqubov bildirdi ki, sözügedən ərazi onun tərəfindən 3 il bundan öncə satın alınıb. Amma sakinlərlə onun arasında mübahisə yaşandığından orda hələ ki, heç bir tikinti etmək nəzərdə tutulmayıb. Sonuncu hadisənin sakinlər tərəfindən təxribat məqsədilə edildiyini deyən müəssisə rəhbəri bununla bağlı artıq məhkəməyə də müraciət edib.

Sakinlər isə bu cavabla razılaşmadı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «qaynar xətt»inə müraciət etdi. Dərhal əraziyə qurumun ekspertiza qrupu göndərildi. İlkin baxış zamanı nümayəndə ərazinin Bakı Şəhər Yaşıllaşdırma və Bitkilərin Mühafizəsi İdarəsinin nəzarətində olduğunu bildirdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən ən son məlumata görə, artıq həmin ərazidəki torpaqdan nümunələr götürülüb. 9 ədəd şam ağacı bir ədəd qarağat ağacının dibinə həqiqətən də sulfat turşusunun töküldüyü müəyyən edilib.

Əgər laboratoriya nəticələrinə görə mayenin bitkilərə zərərverici funksiyası aşkarlanarsa, nazirlik tərəfindən hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

 





05.09.2014    çap et  çap et