Rusiya ilə matçdan sonra AFFA rəhbərliyi əməlli-başlı çıxılmaz vəziyyətə düşüb. Artıq federasiyada da başa düşürlər ki, Berti Foqtsla qarşıdakı tsikldə lazım olan hədəfə çatmaq mümkünsüzdü. Lakin tsiklin başlamasına sayılı günlər qaldığından, alman məşqçini əvəzləmək məsələsi çətindi. Foqtsu göndərmək mümkün olsa, AFFA rəhbərliyinin artıq konkret namizədlərinin olduğu da deyilir. Bunlardan biri «Neftçi»nin keçmiş baş məşqçisi Böyükağa Hacıyevdi ki, onun namizədliyini gözdən keçirməyi Rövnəq Abdullayevdən naxçıvanlı iş adamları və «neftçilər»in prezidenti Sadıq Sadıqov xahiş edib. Digər - daha real namizəd isə «Qarabağ»ı Avropa Liqasının qrup mərhələsinə çıxaran Qurban Qurbanovdu. Qurbanova görə AFFA prezidentinə hətta Milli Məclisin bəzi deputatlarının da minnətçi düşdüyü deyilir. Onlar Abdullayevdən Foqtsu göndərib, Qurbanovu milliyə baş məşqçi gətirməyi xahiş ediblər.
Məsələ hələ ki, açıq qalır. Amma tsiklin ilk oyunlarında ani büdrəməyə görə Foqtsun göndərilmə ehtimalı çox böyükdü.