Vaxt.Az
«Bu əjdahalardan bizdə niyə yoxdur?»
Tiflis qeydləri, I hissə
Ramazan bayramını şükranlıqla bitirib Tiflisə getmək niyyətindəyik. Səfərdən bir neçə gün öncə bilet tapmaqda yaranan müşkülümüzü ərz eləməyə halım nə gəzir. İki nəfərik: yazıçı dostum Mübariz Rəfiyev və bu yazını cümlə-cümlə ixtiyarınıza çatdıran. Nəhayət, min bir cövrə-cəfaya rəğmən bilet tapa bilirik...
Bakı-Tiflis qatarına əyləşirik, kupedə bizdən özgə iki adam da var – ər-arvaddılar. Amma yaşları elədir ki, biz onlara mane olmuruq. İki saat yol gedəndən sonra, çantalardakı yeməklər yavaş-yavaş stolun üstündə özlərinə yer edirlər, dürlü qoxular vaqonu bürüyür. Yanımızdakı kişi necə cəlddirsə arvadı heç cür ərinin harda ”vur”duğunu bilmir, göyüm-göyüm göynəyir – gileylənir. Böyük kəsik stansiyasında iki saat can çürüdəndən sonra iki saat da Gürcüstanda da bir o qədər yubanırıq. Nəhayət ki, gec də olsa çatırıq Tiflisə. Qatar stansiyasından rahat qayıda bilək deyə indidən yol yoldaşım biletlərimizi alır. Hamı növbə gözləyir, amma və lakin “Qardaş bir dəqiqə olar?” adı ilə həmyerlilərimiz növbəni pozurlar. Nəysə biletimiz alıb qatar stansiyasından yeyin-yeyin çıxmaq əzmindəykən... Vağzalda bizə “Amerikano” adı ilə yarıturk qız nəsə içirdir, babalı öz boynuna.
Taksiyə əyləşirik, sürücü bizi şəhərin mərkəzinə gətirir. Yolda açılmış panpersə oxşar körpünü göstərib deyir: Bu körpünü Saakaşvili tikdirib, heç lazım da deyildi, xalq da qəzəbindən öz arasında bura “Saakaşvili pampersi” deyir. Nəysə şəhərin mərkəzində düşürük. Sonra otel axtarışı başlayır və hərəyə bir yay kepkası alıb düşürük şəhərin canına. Azərbaycanlıların təhkimində olan otellər bahadır, Sabirin kitabından bir misra parıldayır: “harda müsəlman görürəm qorxuram”. Çiynimizdə çanta al günün altında yeriyəndə birdən papağıma toxunub deyirəm:
– Nə yaxşı yumşaq papaqdır e...
Mübariz bəy sözümü ağzımda qoyur:
– Allah sənə kömək olsun, papaq vaxtıdır, bir normal otel tapa bilməmişik, sən də papaq nə yumşaqdı deyirsən... – gülüşürük.
Nəysə cibimizə uyğun otel tapıb rahatlanıb şəhərə çıxırıq. Addım-başı dilənçi, bizim bir qurup “yazıçı-şair”imizin dönə-dönə and içdikləri gözəlliklər diyarı – Gürcüstanda dilənçilərin sayı-hesabı yoxdur. Dilənçilər az qalır, paltarını əynindən çıxarsınlar. Dilənçiləri – yolda yatanları gördükdə ağlımıza gələn ilk cümlə də məşhur filimdəki kimi olur: “Bu əjdahalardan bizdə niyə yoxdur?” Nədənsə burda Gürcüstanı tərifləyənlər elə mənzərə yaradıblar ki, guya oralara yel əsib qoz tökülüb. Rahatlıq var, istirahət etmək olur, amma özünü oranın vətəndaşı kimi hiss edəndə Bakının üstünlükləri açıqca görünür.
Ağacdan yonulmuş qələm alıram, necə hazırlandığı məni düşündürür və deyirəm:
* Görəsən, bu qələmi necə düzəldiblər? Mübariz müəllim gülüb deyir: Gəl sənə bir lətifə danışım. Deməli, bir gün Qarabağın dağ kəndlərinin birində məşhur olan bir tayfanın nümayəndəsi təəccüblə deyir: “Biz bu təyyarənin, peykin, raketin, necə yaradılmasını və işləməsini bildik e, görəsən, bəs bu ballı konfetin içinə balı necə doldururlar e?! – sonra əlavə edir, elə bil hər şeyi bildin bircə qaldı qələmin necə düzəldilməsini bilməyin. Gülüşürük.
Axşam yenidən şəhərə çıxırıq Tiflis sadə, gözəl və təhlükəsizdir. Hamı gücü çatandan içir. Amma bizim restoranlardan fərqli olaraq ofsiantlar yarım saata gəlir, sonra gedib yemək menyusunu bir o qədər vaxta gətirir, sifariş verirsən, bir saat sonra gəlir, sonra da bir saat gözün gəzir ki, bu namxuda ofsiant nə vaxt gəlib pulumuzu alacaq ki, canın qurtara. Görünür, bu da mentalitetlə bağlı məsələdir, adətən, bizim xalq bir saat ərzində yeyib çayını da içib çıxıb gedir, gürcülərsə saatlarla mıxlanıb otururlar, ona görə də gürcü ofsiantları bizdəki kimi tez-tez gəlib “nəsə lazımdımı?” deyə soruşub baş-beynin aparmırlar adamın.
2 il öncə olduğum Tiflisdə qiymətlər də xeyli artıb, camaat da narazıdır ki, sürətli bahalaşma gedir. Amma ora ayağı dəyib Bakıya gələnlər ordakı ucuzluqdan bərk razıdırlar. Amma söhbətin hansı ucuzluqdan getməsi, düzü, mənə çatmır. Görünür, ora adamları cəlb etmək üçün mətbuat səviyyəsində mif yaradırlar. Bircə məsələ barədə bu ucuzluqdan söhbət gedə bilər, o da taksilərin qiymətidir. Baxmayaraq ki, benzin Bakıdan bahadır, amma taksi qiyməti burdan çox ucuzdur, bunun da səbəbi var: Ona görə ki, taksilərə görə sürücülər dövlətə vergi vermirlər. Bakıda taksilərin vergi ödədiyini deyəndə taksi sürücüsünün birinin reaksiyası sərt oldu: “taksi terroru” dedi. Həm də çiynini çəkərək əlavə elədi ki: “başa düşə bilmirəm, əgər öz maşınıma, cibimin pulu ilə benzin alıb tökürəmsə kiməsə niyə pul verməliyəm ki?!”
Ardı var...
14.08.2013 çap et