Vaxt.Az

«Bizi sevdiklərimiz vurur»


 

«Giliz kimi gəzərgi» silsiləsi

«Bizi sevdiklərimiz vurur» Şekspir öz dövrünəcən məhşur olan mövzuları bir qədər başqa formada yazıb, təqdim edirdi. Amma məsələ budur ki, bu məlum-məşhur hadisələr və qəhrəmanlar Şeksprin qələmində olduqca yeni idi. Andrey Platonov bu xüsusiyyətinə görə Şekspiri yüksək qiymətləndirərək qeyd dəftərçəsində yazırdı: "Ən böyük tənqidçi Şekspirdir, o başqalarının əsərlərini götürür, onların üzünü köçürə-köçürə daha yüksək yaradıcılıq qüvvəsi tətbiq etməklə sənətdə daha nə eləməyin mümkünlüyünü göstərmək üçün necə yazmaq lazım gəldiyini göstərirdi. Bu, ideal formada tənqiddir". Platonovun bu “ideal tənqid” düşüncəsində bizim hələlik yeganə tənqidçimiz Nizami Gəncəvidir. Bu məsələnin niyəsini açmağasa əşəddü ehtiyac görmürəm. Dişimin bağırsağımı kəsdiyi məqamısa deyim: yaxşı tənqidçi yaxşı əsər də yazmalıdır, hər halda Platonova görə.
Bu kriteriya ilə yanaşsaq, əgər Nizami Gəncəvi "Leyli Məcnun" əsəri ilə ərəb əfsanəsini tənqid edirdisə, Füzuli "Leyli və Məcnun" poeması yazaraq Nizaminin əsərini tənqid elədi. Görəsən, modernistlərin aşiq olduğu "tənqidi tənqid"də bu idimi? Görəsən, tənqidi dayanacağı haradı? Ən yaxşı, yoxsa son yaxşı?.. Bu suallara cavab yenə də Platonovun 1938-1940-cı illərdə yazdığı qeydlərində var: “Tənqid, mahiyyətcə birinci, “əsas” müəllifin tapdığı mövzunun zənginliyini işləməyi davam etdirməkdir...”
Qəhrəmanlar
Ən çox sevdiyim üç qəhrəman var: İsa peyğəmbər, Məhəmməd Peyğəmbər və Qaliley. İsanı ona görə sevirəm ki, o sağ üzünə vurulan şillədən sonra sol üzünü çevirdi, bununla da bəşəriyyətə sübut elədi ki, əzab nə qədər əbədidirsə, dözüm bir o qədər əbədidir və əzab sonda dözümə məğlub olur. Qalileyi ona görə sevirəm ki, o ölüm anında da dilinin altında özü üçün həqiqətini mızıldandı: "Yəqin ki, fırlanır" dedi. Qaliley xalq və din önündə öz qanuna qarşı çıxdı, amma Allah və öz vicdanı önündə isə o qanunu dilinin altında mızıldanaraq təsdiq elədi. Görünür, insanın öz vicdanı daha  rəhimsizdir. Allahsa əsrlər sonra xalqın və "dinin" yox, Qalileyin həqiqətinin real olduğunu aşkarladı. Qalileyin ironik etirazından sonra hələlik bəşər əhlinin bu cür etirazsız "üsyan"ı və təsdiqi görünməyib. 
Bəs görəsən, Məhəmməd Peyğəmbəri niyə sevirəm?..
Bizi sevdiklərimiz öldürür...
Natiq Məmmədlinin “Ümid körpüsü” romanında belə bir məqam var: Vətən üçün döyüşməyə can atan Pirdəliyə kütlənin içindən daş atırlar, başı yarılır. Sonra aydınlaşır ki, ona daş atan sevdiyi Telli imiş. Pirdəli ağrılı ir təəccüblə Tellidən soruşur ki, niyə məni o qədər adamın içində məhz,  sən vurdun? 
Telli cavab verir ki, qorxdum başqaları daha möhkəm vurar.
Doğurdan da, gözəl duyğudur, əsl poeziyadır. Amma həqiqətdir, həm də, bəzən insanı elə sevdiyi vurur... Pişik balasını sevdiyindən yeyir... Sevginin təhlükəsi daha böyükdü... Amma gözəli budur ki, bütün bu məhv olmalar nifrətsiz baş tutur...
 





25.07.2013    çap et  çap et