Əslində diqqətimi daha çox çəkən belə marketlərdə aparılan hədiyyə kampaniyalarıdır. Fikir vermişəm, adətən hədiyyəli olanlar daha çox istifadə edilməyən və eyni zamanda istehlakçı inamını itirən məhsullardır. Bununla bağlı 3 iri marketdə müşahidə apardım. «Neptun» marketdə hədiyyəli məhsullar olan bölmədə durğunluq idi, alıcılar havayı malların başına yığışmamışdı. Demək olar ki, məndən başqa heç kim yox idi. Bildiyiniz kimi mən də bu məhsulların alıcısı yox, müşahidəçisi idim. Havayı dedim, amma havayı heç nə yoxdur. Sadəcə iki mal alana 3-cünün havayı olduğunu demək istədim. Daha çox təsərrüfat işləri, təmizlik üçün yuyucu tozlar, mayelər, salfetlər, bəlkə də heç kimin istifadə etmədiyi dezodorantlardır. Əksər malların məcbursunuz ikisini alasınız ki, üçüncüsü üzərində hədiyyə verilsin.
Amma bu mal sizə çox lazımdırmı? Məsələn, mətbəx salfetləri, tualet kağızları, duş geli, hava təravətləndiricisi, keks, vafli, peçenye, kakao, ketçup və s. bu kimi məhsulların üzərinə ya üçüncüsü qoyulur, ya da başqa lazımsız bir şey. Məsələn, stəkan, taxta qaşıq, ya da mətbəx əlcəyi kimi əşyalar, hansı ki, bunlar hər kəsin evində var. Bəzi sabunlardan 6 ədəd almalısız ki, sizə hədiyyə versinlər. Satıcıya məntiqli bir sual verdim: «Bu məhsullar niyə hədiyyəlidir?» O da cavab verdi: «Hədiyyəlidir da». Amma demədi ki, niyə? Əslində sualımdan da göründüyü kimi məni niyəsi maraqlandırırdı. Sualımı konkretləşdirdim: «Bunlar keyfiyyətsiz olduqları üçün hədiyyəli satılır?» Menecer cavab verdi ki, «firma belə qoyur. Bu mal rəflərdə də var, burada da. Burada firma kampaniya keçirib hədiyyə ilə satır, rəflərdə tək-tək satılan isə hədiyyəsizdir. İstəyirsiniz oradan sadəcə birini alın. Marketə hədiyyəli olub-olmadığı vacib deyil, bu firmanın öz marağındadır». Menecer kampaniyadan olan məhsulların yaxşı satıldığını desə də, 30 dəqiqədən artıq müşahidəmdə oradan bir nəfər də olsun mal alan görmədim.
Yumurtada 30 qəpik, pendirdə 25 qəpik bahalanma
Ərzaq məhsullarından yarım kiloluq 3 kiçik bağlama ilə «Saville» makaronunun qiyməti 1 manat 44 qəpik, ayrıca satıldıqda biri 72 qəpikdir. Hədiyyəli «Doymak» makaronu da 1 manat 20 qəpikdir. Satışda hədiyyəsiz olan 80 qəpiklik «Ankara» makaronunu daha çox təriflədilər, digər ikisinin keyfiyyət və ləzzətinə görə ondan aşağı olduğunu söylədilər. İri qablaşdırmada «Tudor» çayının üstündə şəkər, «Final»da çaynik hədiyyə verilir. Amma evdar xanımlar deyirlər ki, daha çox kiçik qutulara üstünlük verildiyindən, böyük qutularda olanlar o qədər də yaxşı satılmır. Odur ki, firma alıcı cəlb etmək üçün belə məhsulların üzərinə hədiyyə qoymağa məcburdur. Maraqlıdır ki, gündəlik istifadə olunan əsas ərzaq məhsullarına belə kampaniyalar yoxdur. Keyfiyyətli, alıcıların daha çox üstünlük verdikləri məhsulların isə heç adını çəkməyə ehtiyac qalmır. Doğru deyirlər ki, yaxşı malın reklama ehtiyacı olmur. Marketlər gündəlik tələbat olan yağa, pendirə, toyuğa, balığa, digər ət məhsullarına nə yaxşı hədiyyə vermir, ya da bəzi satılmayan məhsullar kimi 10 faizlik endirim tətbiq eləmirlər? Cavab verirlər ki, «onları onsuz da alırlar».
Qiymətlər də maraqlıdır, şəkər tozu burada 79 qəpikdir. Digər marketlərdə şəkər tozunun qiyməti 85 qəpik 1 manat arasındadır. «Makfa», «Bismak» unlarının 1 kiloqramı 95 və 98 qəpik, başqa marketlərdə 1 manatdır. Bu məhsulların 2 kiloqramlığı 1 manat 88 qəpik, yenə digər marketlərdə 2 manatdır. Düyünün 1 kilo 820 qramı 4 manat 44 qəpikdir. «Saville» spagetti 75 qəpikdir. Lakin bəzi marketlərdə buradan 5 qəpik ucuzdur. Ya da «Dayaruşka» 200 qramlıq yağ 2 manat 10 qəpikdir, deyilənə görə bizə yaxın marketlərdə 10 qəpik ucuz satılır.
Qablaşdırılmış salatların satışda olması isə məni təəccübləndirdi. Adətən mayonez qatılmış məhsulları bir neçə saatdan çox saxlamamaq tövsiyə olunur. Növbənöv toyuqlardan sadəcə «Mərcan» qoşa satılır - 3 manat 40 qəpik. Onu da heç pulsuz versələr, götürmərəm. Kənd məhsulu kimi qələmə verilən yumurtanın 10 ədədlik qəfəsi 1 manat 35 qəpikdir. Satıcı oğlan elə bil jurnalist olduğumu başa düşmüşdü. Dedi ki, bu səhər yumurtanın qiyməti bahalanıb, kənd yumurtası 5 qəpik, broyler isə 30 qəpik artıb - 60 qəpik imiş, bir saat əvvəl 90 qəpik olub. 25 qəpik də Gədəbəy pendirində bahalanma var. Şor da 5-10 qəpik qalxıb. Maraqlı bir şərh də verdi: «Rusiyaya gedəndən sonra hər şeyin qiyməti qalxıb», dedi. Bəzi sosiskalarda da bahalaşma olduğunu eşidəndə soruşdum «bəyəm onlar da Rusiyaya gedir?», çiynini çəkdi.
Daha çox hədiyyəli məhsullar «Bizim Market»dədir. Burada da hədiyyəli mal alan yoxdur, ən azından mənim orada olduğum müddətdə hədiyyəlilərin başına dolanan görmədim. Marketdə gündəlik ərzaq məhsullarına deyil, 90 faiz yuyucu vasitələr, təmizliklə əlaqəsi olanlara kampaniyadır. Bilmək istəyirsinizsə sadalayım: hava təravətləndiricisi, «Turbo» gel antizasor, «Calgon» toz, «Clin» şüşətəmizləyici, cürbəcür yuyucu tozlar, nəm salfetlər, tualet kağızı və sair və ilaxır hansı ki, çoxunun Sumqayıtda da hazırlandığını eşitmişəm, amma hələlik tədqiqatını aparmamışam. Hədiyyəli olan ərzağın isə siyahısı budur: start səhər yeməyi, «Flint» suxari, «Soyuz» yulaf peçenyesi (yarım kilo alana 150 qram hədiyyə), bir də «Kent Meybon» şüşə konfeti. Burada da qiymətlər «oynayır», bəzi ərzaq məhsullarının qiyməti digər marketlərdəkindən bahadır, bəziləri isə nisbətən ucuz.
«Az tələbat olanın həmişə reklamı çox gedir»
Kiçik «Ailə» Marketin sahibi Hüseyn hədiyyə kampaniyalarından yararlanmır. Deyir, «firmalar xırda dükanlara hədiyyəli məhsullar vermir, iri marketlərlə müqavilə əsasında işləyirlər. Çünki onlarda ticarət yaxşıdır, yerləri genişdir. Həm də firma 3-5 malı vermir, qutularla gətirir. 10 qutunu birdən almağa mənim pulum yoxdur. Əslində heç mən də bu tipli kampaniyalar üçün maraqlı deyiləm və firmalardan xahiş eləmirəm, çünki belə kampaniyalar mənim xeyrimə deyil, iri marketlərə isə sərfəlidir. Mən adi məhsulu satanda əgər 20 qəpik gəlir götürürəmsə, kampaniyalarda 1 maldan cəmi 5 qəpik qalacaq. Bu, mənim marağımda deyil. Bir də ki, onların bəzən kampaniyalarını əhatə edən məhsullar az qala mənim dükanım boydadır. İri dükanlarda isə alver çoxdur, camaat daha çox onlardan alış-veriş edir. Əsasən də kampaniyalar satılmayan mallara tətbiq olunur. Nə qədər sata bilirlərsə, onlar üçün yenə sərfəlidir. Heç kim keyfiyyətli malı havayı verməz. Məsələn, «Ariel» yuyucu tozu üçün şirkət kampaniya keçirmir, nəyinə lazımdır, onsuz da hər gün məhsulu tonlarla satılır. «Ariel» Polşadan, Bolqarıstandan gətirilir, amma kampaniyaya salınan «Persil» Rusiyada hazırlanır. Təbii ki, keyfiyyət fərqi yüksəkdir. «Ariel»in televiziyada da reklamı azdır, «Persil» isə daim reklam olunur. Kampaniyada olan mallar həm keyfiyyətcə zəifdir, həm də onlara az tələbat var. Az tələbat olanın da həmişə reklamı çox gedir. Gündəlik tələb olunan ərzaq məhsullarından kərə yağı, pendir, ət məhsullarına niyə hədiyyə qoymurlar? Çünki bilirlər ki, onsuz da camaat onları alır, hər gün pendir yeyir, yağla yemək bişirir, bunlar insanların gündəlik normasıdır. Reklama, ucuz satmağa da ehtiyac yoxdur. Onlar elə mallara endirim və ya kampaniya tətbiq edirlər ki, siz onu ayda bir dəfə alırsız və ya almırsız. Şirkətlər var ki, işi getmədiyi üçün belə hiylələrə əl atırlar. Ya da məhsulları anbarlarda qalıb, istifadə müddəti də keçir, ona görə də satıb qurtulmağa çalışırlar. Dükanlara da girəndə alıcıların gözünə ilk olaraq kampaniyalar «batır», artıq qıraqlara fikir vermirsiniz. Keyfiyyətli məhsula üstünlük verənlər isə bu cür kampaniyalara gözlərinin ucu ilə də baxmırlar. Kampaniya keçirmirəm deyə məndən ərzaq alan yoxdur? İnsanlar ehtiyacı olanı alırlar».
Kampaniyada olan süd xarab çıxıb
«Bolluq» Marketdə hədiyyə kampaniyası çox deyil, sadəcə «Meçta» mayonezi, qatılaşdırılmış süd, bir də peçenye hədiyyəlidir. Bu mayonezin acı olduğunun mən özüm şahidiyəm və artıq ondan istifadə etmirəm. Qatılaşdırılmış süd də bir neçə növdür və sadəcə kiçik qutulardakının ikisinə biri də əlavə hədiyyə olaraq verilir. Lakin satıcı kampaniyada qatılaşdırılmış südün keyfiyyətsiz olduğunu dedi. Müştəri də alıbmış, sonradan şikayətlənib, çox qatı olduğunu deyib: «Firmada o qədər saxlayıblar ki, süd tamamilə qatılaşıb, bərkiyib. Əslində yaxşısı bir qədər duru halda olmalıdır».
300 qramlıq qatılaşdırılmış südün 3-ü bir yerdə 1 manat 95 qəpikdir. Günel 1 manat 85 qəpiklik 950 qramlıq böyük qutuda «İçnya»nı bizə məsləhət gördü. Dediyinə görə, mayonezlərdən də ən yaxşısı 2 manat 20 qəpiklik «Calvin» imiş. Daha çox onu alırlar, baxmayaraq ki, çəkisi azdır. «Sloboda» da pis sayılmır, alınan ərzaqdır. «Meçta»nın isə kağız qutulardakı zeytunlu növü satılır, o da sadəcə salat üçün. Amma kampaniyada nədənsə «xodgedən» ərzaq məhsulları «iştirak etmir». Günel kampaniyaya qoyulan məhsulların hər zaman alınmadığını deyir. Onları yalnız bəzi müştərilər alır, daha çox isə kampaniyada olmayan keyfiyyətli məhsullara üstünlük verirlər. Hədiyyəli məhsulların ətrafında bir ins-cinsin olmamağı da yazdıqlarımı sübut edir. Soruşuram ki, «yaxşı məhsullara kampaniyalar var», qəti cavab verir: «yox». Özü də gülür ki, yəni «sən nə danışırsan, heç yaxşı məhsulun da üstündə hədiyyə verərlər?»
Satıcı işlədiyi mağazadakı qiymətlərdən də narazıdır. Dedi ki, iş yoldaşlarının yarısı «Bizim Market»dən evinə ərzaq alır. Həqiqətən də 1 saat əvvəl adıçəkilən marketdə bu mağazanın bir əməkdaşını da anası ilə görmüşdük. Xanım müştəri arabasını ağzınacan doldurmuşdu. Məsələn, bu marketdə şəkər tozunun qiyməti 82 qəpikdir, «Bizim Market»dəkindən 3 qəpik bahadır. Ümumiyyətlə, son vaxtlar müşahidə edirəm ki, insanlar hər qəpiyinin qədrini bilir, ərzağın hətta 5-10 qəpik ucuz olduğu yerə üz tutur. Mən bəzilərindən soruşanda ki, niyə 5-10 qəpiyə görə uzağa gedirsiniz, cavab verirlər ki, «5-10 qəpiyi üst-üstə qoyanda 5-10 manat edir. Əslində, sözügedən marketdə heç də məhsulların hamısı optimal qiymətə deyil. Amma israfçılığı Allah da sevmir. Ola bilsin ki, satıcılar qiymətləri yaxşı bildiyindən, öz iş yerlərində baha olanlar üçün başqa mağazalara üz tuturlar. Qiymət yaxşı olsa, niyə getsin ki? İnanmaq istəyirəm ki, bu yazımı oxuyandan sonra marketin sahibi başqa yerdən alver edən işçilərini cəzalandırmaq əvəzinə, qiymət siyasətinə yenidən baxar, onu bir qədər liberallaşdırar. Bu, ilk növbədə özünün xeyrinə olar.