Problem təkcə toyxərcində deyil. Aktual mövzu həm də odur ki, şadlıq evləri və restoranlarda toydan sonra süfrədə qalan yeməklər, içkilər, salatlar niyə toy sahibinə verilmir? Stollarda qalan kabab, salat, meyvə, çörək, pendir, tərəvəz və digər məhsulları restoranlar niyə mənimsəyirlər? Bu yeməkləri sonra nə edirlər? Axı toy yiyəsi həmin menyunun pulunu ödəyirsə, deməli, stolda qalan hər şey də toy sahibinə çatmalıdır. Şadlıq evləri niyə toy sahiblərini aldadırlar?
Kim təminat verir ki, bugünkü toydan qalan yeməkləri yığışdıran restoran sahibi, onları sabahkı toyun stollarına düzməyəcək? Araşdırmalar belə halların olduğunu göstərir.
Bu məsələlərlə bağlı açılan müzakirələr cəmiyyətin əksər təbəqələrinin narazı olduğunu əks etdirir. Amma...
«Bu səs-küy yeni qiymət artımına səbəb olacaq»
Məsələ ilə bağlı Modern.az saytına danışan Milli Kulinariya Mərkəzinin (MKM) rəhbəri Tahir Əmiraslanov hesab edir ki, problemin qabardılması vətəndaşın əleyhinədir: «Nə qədər ki, bu məsələ qabardılacaq, qiymətlər də bir o qədər artacaq. Bu reallıqdır. Hər dəfə belə səs-küy qalxandan sonra qiymət artımı baş verib. Bu dəfə də belə olacaq. Bütün qanunlar var, qanunun keşiyində həm ictimai təşkilatlar, həm də İqtisadiyyat və Sənaye Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi durur. Maraqlıdır ki, səlahiyyətinə daxil olmasa da, Sanitariya və Epidemiologiya Mərkəzi resepturanı təsdiqləyir. Bunların marağı nədir? Bu anlaşılmazdır».
«5 illik eksperiment təklif edirəm, sözümün də ağasıyam»
Toy mərasimlərindəki israfçılığın qarşısını almaq üçün Tahir Əmiraslanov maraqlı təkliflə çıxış edib:
«Bunun qarşısını almaq üçün təklif edirəm ki, eksperimental olaraq toyxanaları bizim idarəçiliyimizə versinlər. Söz verirəm ki, mənim təklifim reallaşarsa, restoranlarda, şadlıq evlərində qiymətlər hiss olunacaq dərəcədə aşağı düşəcək, orada çalışanlar daha çox maaş alacaq, sahibkar indikindən daha çox qazanacaq, xidmət daha da yüksələcək, israfçılıq olmayacaq, zəhərlənmələr yoxa çıxacaq, camaat da razı qalacaq. Heç bir təzə qanun, layihə olmayacaq, heç kimin başı ağrımayacaq. 5 ildən sonra gəlsinlər təhvil alsınlar, amma sistemi dağıtmasınlar. Bu şounu yaratmaqla, səs-küy qaldırmaqla biz ancaq qiymət artımına səbəb oluruq. Burada 4 tərəf var: sahibkar, istehlakçı, orada çalışanlar və dövlət. Mənim təklifim reallaşacağı təqdirdə 4 tərəfin 4-ü də qazanacaq. Başqa cür mümkün olmayacaq. Heç bilirsinizmi restoran sahibi o yeri alanda, şadlıq evini tikdirəndə nə qədər maliyyə xərcləyir? Mənim təklif etdiyim sistemdə qızıldan yemək verilsə belə, toyxanada yemək üçün alınan pulun maksimum 20 faizi ödəniləcək. Hesab edirəm ki, çörəyi verərlər çörəkçiyə birini də üstəlik. Amma çörəyin çəkisini və keyfiyyətini tələb edərlər. Kimi dindirirsən hərəsindən bir avaz gəlir. İşin içində olan da, olmayan da mülahizələrini söyləyir.
Bizim restoranlarda xidmət edənlər ofisiant deyil, yemək paylayanlardır. Onların heç birinin baza təhsili yoxdur. Ofisiant oturşunu-duruşunu bilən, istənilən yemək haqqında məlumatı olan, üstündən yağ iyi yox, ətir iyi gələn aristokrat biri olmalıdır. Bir daha vurğulayıram ki, israfçılığın səbəbi indiki sistemdir».
«Məşhur şadlıq evlərində murdar ətlərdən kabab çəkilir»
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, şadlıq evləri istehlakçı hüquqlarının ən çox pozulduğu yerlərdir. O, Modern.az-a açıqlamasında məsələylə bağlı narazılığını belə dilə gətirib:
«Saxta, kustar sexlərdə hazırlanmış spirtli və sərinləşdirici içkilər, mənşəyi məlum olmayan ətlər bu gün şadlıq evlərində bəh-bəhlə istehlakçılara təqdim olunur. Fakta söykənərək deyirəm ki, hazırda məşhur olan şadlıq evlərində rayonlarda murdar olduqdan sonra Bakıya gətirilən heyvanların ətlərindən istifadə edilir, kabab çəkilir. Dəfələrlə birliyimizin şadlıq evləriylə məhkəmə mübahisələri olub. Amma təəssüflər olsun ki, istehlakçı hüquqlarını mükəmməl qorumağa nail ola bilməmişik. Səbəbi şadlıq evlərinin istehlakçılarla müqavilə bağlamaması, hər hansı şərtlərin irəli sürülməməsi, heç kəsin öz üzərinə öhdəlik götürməməsi, insanlar zəhərlənən zaman heç kəsin cavabdehlik daşımaması, ən nəhayət vətəndaş tərəfindən ödənilən pulun mədaxil qəbzinin verilməməsidir. Bir insan zəhərlənən zaman ortada sənəd-sübut olmur ki, iddia qaldırasan. Şadlıq evləri guya yerlərini icarəyə verir. Əslində hər cür xidmət göstərirlər».
Qonaqları toydan qaçıran «priyomlar»
Eyyub Hüseynov şadlıq evləri və restoranlarda vergidən yayınma hallarını da istisna etmədi: «Vergi orqanları da bu işin içindədir, özləri də görür ki, külli miqdarda pul mənimsənilir. Toyxanalarda bilərəkdən musiqinin səsinin artırılması, kondisionerin söndürülməsi və s. kimi hallar insanları şadlıq evlərindən tez çıxmağa vadar edir. Nəticədə süfrədə qalan yeməklər şadlıq evləri tərəfindən mənimsənilir, bu bir taktikadır ki, həyata keçirilir. Bunu ayrı-ayrı fərdi istehsalçılar duya bilməz. Bunu işin içində olanlar bilir. Baxmayaraq ki, 2 il öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şadlıq evlərinin standartını hazırlamışdı, müəyyən şərtlər qoysa da, bunlar şirin xəyal olaraq kağız üzərində qaldı. Səbəb şadlıq evlərinə olan tələbin çoxluğudur. Yəni tələb təklifi üstələyir. Harada ki, tələb təklifi üstələyir, orda insanların aldanması da, keyfiyyətsiz xidmət də olacaq. Bu bazarın qanunudur».
Şərtləri şadlıq evləri diktə edir
Eyyub Hüseynov problemin kökündə tələblə təklifin təzad təşkil etməsində görür: «İnsanlar toy etmək üçün aylarla növbə gözləyir. Acınacaqlı hal odur ki, yığılan pulu yeni ailə quran cütlüyə yox, restoran mafiyasına xərcləyirlər. Bunun başqa bir psixoloji səbəbi də var. Nə qədər ki, Azərbaycan vətəndaşları Avropa vətəndaşlarından fərqli olaraq cavan vaxtı xəyala gedir, əlini başının altına qoyub deyir «kaş evlənəydim, övladım olaydı, toyunu edəydim, nəvəm olaydı, ona toy edəydim, nəticəm olaydı...». Belə xəyallarla yaşayan vətəndaşlarımız olduqca, işbazların işi də «xod» gedəcək, zərər çəkənlər isə özümüz olacaq. Bu yaxınlarda Saatlı rayonunda yerləşən «Səma» şadlıq sarayından şikayət məktubu gəldi. Dövlət orqanları ora gedib tutarlı bir iş görməyərək, mənə yuvarlaq bir cavab verdilər. Problem isə olduğu kimi qaldı.
Toy edən sifarişçinin hüququ var ki, süfrədə qalan yeməkləri toydan sonra yığsın. Lakin elə bir strategiya qurulub ki, süfrədə olan yeməklər elə toy gedə-gedə ofisiantlar tərəfindən yığılır. Tələb təklifi üstələdiyindən şərtləri şadlıq evləri diktə edir».
«Mafiyanı saxlamağa xidmət etməyək»
Azad İstehlakçılar Birliyinin sədri deyir ki, süfrədən yığılan yeməklərin sonrakı aqibəti gün kimi aydındır. «Onlar növbəti gün keçiriləcək toy məclisində istifadə ediləməsi üçün soyuduculara yerləşdirilir. Çünki restorandan yığılan yeməklərin nə vaxtsa nümayişkaranə şəkildə məhv edilməsini görməmişəm, hansısa ehtiyacı olana, kimsəsizə verilməsinin şahidi olmamışam. Elə salatlar var ki, onları 2 saatdan artıq saxlamaq olmaz. Şadlıq evlərində Lomonosovun qanunu işləyir, «heç nə itmir, heç nə məhv olmur, bir şəkildən başqa bir şəklə düşür».
«Ofisiantlar» hələ toyun gedişində «yağdan tük çəkənlər kimi» yeməkləri, spirtli işkiləri süfrədən silib-süpürürlər. Elə hay-küy salınır ki, elə sifat göstərilir ki, toy sahibi ancaq bir şey arzulayır, məclis tez başa çatsın.
Bir daha deyirəm ki, şadlıq evləri boykot edilməlidir. Mən «palatka toyları»nın yenidən bərpa olunmasının tərəfdarıyam. Bir şərtlə ki, ora biotualetlər, əl-üz yuyanlar gətirilsin. Xərc minimuma endirilsin, pul bəylə gəlinə qalsın. Toyda yığılan vəsair mafiyanı saxlamağa xidmət etməsin.
Keçmişdə görülmüşdü ki, pulu çox olan imkanlılar kasıba əl tutar, indikilər restoran, şadlıq evi tikdirməklə məşğuldurlar».