Vaxt.Az

AFFA Reynaldonun toyuna hazırlaşır!


 

«Qarabağ»ın braziliyalı futbolçusunun milliləşdirilməsi üçün unikal fənd tapılıb...

AFFA Reynaldonun toyuna hazırlaşır! Heç üstündən 2 gün keçməyib ey… 2 gün bundan əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov demişdi ki, Reynaldonu milliləşdirmək mümkün deyil. Nöşün ki, qanunlar buna imkan vermir. AFFA-nın baş katibi həddindən artıq qanunpərəst olduğu üçün hər hansı bir saxtakarlığa əl atmayacaqlarını bildirmişdi. Camaat da qalmışdı çar-naçar. Neyləmək olardı ki? Reynaldo türk deyildi ki, nənəsinin Kür çayı vasitəsilə Azərbaycana axıb gələn saçının telindən tapıb onu milliləşdirsinlər.

Amma üstündən 2 gün keçməmiş xəbər yayıldı. Xəbər yayıldı ki, Elxan Məmmədov Reynaldonu AFFA-ya dəvət edib. Onun milliləşdirilməsi məsələsi müzakirə olunub. Futbolçu Azərbaycan millisində oynamağa razılıq verib. Boyy… Bəs deyirdilər bunu milliləşdirmək mümkün deyil? Ayə, nə oldu, bə? İki gün əvvəl çar-naçar qalan camaat indi çırtıq çalıb oynayır. Camaatın vecinə də deyil ki, Reynaldo necə milliləşdiriləcək. «Təki milliləşdirilsin» deyirlər. Camaat elə bilir ki, Reynaldo milliləşdirilən kimi Azərbaycan Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. Nə isə…

Camaatla işim yox. Zarafatsız, bu Reynaldo necə milliləşdiriləcək?

Hə, bu barədə əlimdə olduqca mötəbər mənbədən aldığım məlumat var. Onu sizinlə bölüşürəm ki, daha ürəklə çırtıq çalıb oynayasınız.

Deməli ki, AFFA toya hazırlaşır. Elxan Məmmədov Reynaldonun milliləşdirilməsi üçün unikal fənd tapıb. Braziliyalı futbolçu azərbaycanlı qızla evlənəcək.

Düzdür, Reynaldonun sevgilisi var. Amma Elxan Məmmədov mötəbər mənbədən məlumat əldə edib ki, onların nikahı yoxdu. Bu da imkan verir ki, braziliyalının milliləşdirilməsi mümkün olsun.

Hə, AFFA Reynaldonu azərbaycanlı qızla evləndirəcək, ancaq ortada gəlin-zad olmayacaq. Yəni Reynaldoya elə-belə, saxta toy edəcəklər. Yoxsa, rəfiqəsi onun da,  Elxan Məmmədovun da başında Braziliya ananası yetişdirər.

17 koreyalı qızın bir gecənin içində 17 azərbaycanlı kişiyə ərə verilib xokkey millimizin heyətinə salındığını yaddan çıxartmayıbsınız ki? Çətin çıxardasınız. O toy-düyünün sədası hələ də bütün dünyada danışılır. Otüstü Xokkey Federasiyası bir gecədə 17 koreyalı qıza Azərbaycanda 17 kişi tapa bilir, AFFA Reynaldoya bir gəlin tapa bilməz?

Bilər, lap o yana da keçər. Reynaldonun milliləşdirilməsi zamanı saxtakarlıq-zad olmayacaq. Toy olacaq. Qara zurna da olacaq. Elxan Məmmədov toyda oynayacaq. İndidən sifariş verəcəyi havanı da müəyyənləşdirib - «Heyvagülü».

Bəs siz hansı havaya oynayacaqsınız? (rekord.az)

 





08.09.2014    çap et  çap et