Sanksiyalar yaxın günlərdə qüvvəyə minəcək, AŞ sədri Herman Van Rompuy bəyan edib. «Bu, atəşkəs haqqında razılaşmanın yerinə yetirilməsini qiymətləndirmək üçün vaxt verər», - onun bəyanatında deyilir.
«Yerlərdə vəziyyətdən asılı olaraq, Aİ sanksiyaların bütövlüklə yaxud bir qisminin yenidən nəzərdən keçirməyə hazır olar», - Rompuy qeyd edib.
Buna Finlandiya baş naziri Alexander Stubb-un sanksiyaların tətbiq edilməsi mexanizminin daha müfəssəl işlənib hazırlanmasını təkid etməsinə dair bəyanatı səbəb olub.
Qabaqcadan sanksiyaların bazar ertəsi ya da çərşənbə axşamı tətbiq ediləcəyi nəzərdə tutulurdu.
Eyni zamanda Aİ nümayəndəsi qeyd etmişdi ki, sanksiyalar birbaşa Ukraynada vəziyyətdən asılıdır və istənilən vaxt dayandırıla bilər.
Hələlik isə Ukraynanın şərqində rusiyapərəst separatçılar və bu ölkənin hökumət qüvvələri kövrək barışığa riayət edirlər.
Ukrayna prezidenti Petro Poroşenko Mariupola səfəri zamanı atəşkəs elan olunduqdan sonra rusiyapərəst separatçıları tərəfindən saxlanılan 1200 nəfərin Kiyevə ötürüldüyünü bəyan edib.
Son günlər Ukraynanın şərqində separatçılar əhəmiyyətli hərbi müvəffəqiyyətlərə nail olublar, lakin, vaxtaşırı atışmalar qeyd olunduğuna baxmayaraq, hələlik cümə günü bağlanmış barışıq qorunur.
Avropa Komissiyasının nümayəndəsi Pia Ahrenkilde Hansen yeni sanksiyalar paketinin üzv ölkələri tərəfindən formal olaraq bazar ertəsi bəyəniləcəyini və bir sıra Rusiya şirkəti və məmurlarına şamil olacağını bəyan edib.
Onun sözlərinə görə, sanksiyalar Aİ rəsmi bülletenində dərc olunacaq və bundan sonra avtomatik olaraq qüvvəyə minəcək.
Diplomatlar yeni sanksiyaların Rusiyanın «Rosneft» və «Transneft» neft şirkətlərinə, eləcə də «Qazprom»a qarşı yönəldiyini qeyd edirlər.
Onların beynəlxalq sərmayə bazarlarına çıxışının məhdudlaşdırılacağı ehtimal olunur. Bu hal xüsusilə hələ ötən ay 42 milyard dollar məbləğində borc üçün Rusiya hökumətinə müraciət etmiş «Rosneft»i zərbəyə məruz qoya bilər.
Sanksiyalar həmçinin çıxış vizalarına qadağa və Rusiya təşkilatları və məmurlarının, Ukrayna şərqində fəaliyyət göstərən separatçı liderləri daxil olmaqla, aktivlərinin dondurulmasını ehtiva edir.
Daha əvvəl Rusiyanın baş naziri Dmitri Medvedev Qərbi xəbərdar edib ki, istənilən yeni sanksiyalara Moskva «asimmetrik cavab» verəcək.
«Biz tərəfdaşlarımızla dostluq münasibətlər əsasında işləyirik, odur ki, Rusiyanın səması açıq qalır, - Medvedev «Vedomosti» qəzetinə deyib. - Lakin Rusiya energetika sektoruna dair sanksiyalar tətbiq edilsə yaxud bundan sonra da Rusiya maliyyə sektorunun işi məhdudlaşdırılarsa, biz asimmetrik cavab verməli olacağıq».
Xüsusilə, söhbət qərb aviasiya xətlərinin Rusiya hava məkanından istifadə etməsinə məhdudiyyət tətbiq edilməsindən gedib. Bu, Medvedevin fikrincə, «hazırda maliyyə çətinlikləri olan bir çox şirkətləri iflasa uğrada bilər».
Avropadan Asiya ölkələrinə uçan aviasiya şirkətləri daha çox yanacaq israf etməyə məcbur olar və, Rusiya onlar üçün öz hava məkanını bağlasa, uçuş vaxtı xeyli uzanar.