Nazirliyin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Kürdəmir rayonunda anadan olan Elşən Osmanovun saxta dollar əldə etməsi və satmaq istəməsi barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Elşən Osmanov dərhal nəzarətə götürülüb və keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində saxlanılıb. Ondan 32000 saxta Amerika dolları maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs ifadəsində bildirib ki, saxta dollarları ölkəmizdən kənarda hazırlatdırıb və dövriyyəyə daxil etmək üçün gizli yolla Bakı şəhərinə gətirib. Saxta pul nümunələrinə baxış zamanı əsginasların xüsusi peşəkarlıqla hazırlandığı, həqiqi dollardan bir o qədər seçilmədiyi müəyyən olunub.
Faktla bağlı DİN BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, istintaq saxta pulların mənbəyini araşdırır.
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, alış veriş edərkən diqqətli olsunlar və şübhəli pul nümunələri ilə rastlaşdıqda dərhal yaxınlıqdakı polis orqanlarına bu barədə məlumat versinlər.