AFFA-nın İntizam Komitəsi bugünkü iclasında «Neftçi» və «Xəzər Lənkəran» arasında keçiriləcək oyunlarda azarkeşlərlə bağlı qərar qəbul edib. İK-nın qərarına əsasən iki «Böyük oyun»da rəqib azarkeşlər stadiona buraxılmayacaq. Komitə bu addımı matçda baş verə biləcək hər hansı insidentin qarşısını almaq və eləcə də keçən mövsüm yaşanmış hadisələrin yenidən baş verməsinin qarşısını almaq üçün atıb. İntizam Komitəsi 2013/2014 mövsümündə qəbul edilmiş qadağanı qüvvədə saxlamasına baxmayaraq, federasiyanın rəsmi saytında yayılan açıqlamada bu qeyd məlumat olunmayıb.
Məsələni daha dəqiq öyrənmək üçün İK-nın sədri Tofiq Fətullayevlə əlaqə saxladıq. Komitə sədri qərarı bu cür açıqladı: «Biz azarkeşlər arasında yaranan insidentin qarşısını almaq üçün bu cür addım atdıq. Hər şeyi qanun çəçivəsində etmişik və qanunlardan kənara çıxmamışıq. «Böyük oyun»larda rəqib azarkeşlər stadiona buraxılmayacaq».
Fətullayevin bu açıqlaması isə rəhbərlik etdiyi qurumun nə qədər qeyri-peşəkar işləməsini göstərir. Elə qardaş ölkə Türkiyə klublarının azarkeşləri də bir-biri ilə yola getmirlər. Məsələn, «Qalatasaray» və «Fənərbaxça» azarkeşləri arasında hər hansı bir insident yaşandığı təqdirdə, klublar bir neçə oyunluq cəzalandırılır. Və bu cəzanın hansı müddətə qüvvədə qalacağı da açıqlanır. Ancaq məlum olmayan səbəblərdən İK qərarın nə vaxta qədər qüvvədə qalacağını açıqlamaq istəmir.
***
Adıçəkilən qərara ilk rəsmi mövqe «Xəzər Lənkəran»dan gəldi. Bu barədə açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bunu pisləyib:
«Artıq qərar verilib. Qərardan sonra nə danışmaq olar ki? Əgər bu ölkənin 5-10 min azarkeş derbisindən belə qorxurlarsa, Allah bizi 30-40 minlik derbilərdən qorusun. Dünən, futbolçumuz Qalin İvanov mənə yaxınlaşıb «Neftçi» ilə keçirəcəyimiz derbi haqda məlumat öyrəndi. Ona bu haqda məlumat verdim. İndi çıxıb İsmət Qayıbovda 300 azarkeş önündə oynayandan sonra deyəcək ki, bunların derbisi budursa, daha burda niyə çıxış edirik ki? Bu biabırçı qərardı. Futbolumuzun inkişafını istəyənlər belə qərar verməməlidirlər. Lakin qərar verilib və bu haqda çox danışmağa da ehtiyac yoxdu».