M.Quliyev bildirib ki, mollalıq fəaliyyəti lisenziyalaşarsa, onda bu işlə məşğul olma şərtləri dəqiqliklə müəyyən edilər, mollanın öhdəlikləri aydın bilinər. Mollalar sertifikat aldıqda isə ona öhdəliklərini göstərən sənəd təqdim edilmir. Lisenziyalaşma olduqda mollanın gəlirinin necə olacağı, bu gəlirdən vergi ödəyib-ödəməyəcəyi kimi məsələlər də aydınlaşar.
M.Quliyev hesab edir ki, mollalıqla məşğul olanlar bu işdən pul qazanırsa, bunun əvəzində vergi ödəməli, Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta haqqı ödəməklə gələcək pensiyalarını təmin etməlidirlər: «Düşünürəm ki, bu məsələləri düşünmək lazımdır. Molların özlərinin dini savadının olmaması, çox zaman onların keçmişinin şübhəli olması, yaxud da hər hansı cərəyana xidmət etməsi, onların geyimi, davranışı, yas mərasimlərini İslam qaydalarına uyğun aparıb-aparmaması çox ciddi məsələlərdir. Ancaq mollalıq fəaliyyəti lisenziyalaşarsa, artıq ehsanın da hansı səviyyədə verilməsi normativ sənədlərlə tənzimlənə bilər».
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu ildən din xadimləri üçün təkmilləşdirmə kurslarının keçirilməsinə başlayıb. İyunda kursu bitirən ilk 50 müdavimə sertifikat təqdim edilib. Təkmilləşdirmə kurslarına cəlb olunmuş din xadimləri - Azərbaycanın müxtəlif bölgələrini təmsil edən axundlar və imamlar bir aylıq müddət ərzində yüksək səviyyədə təşkil olunmuş mühazirələr dinləyib, müasir informasiya texnologiyaları ilə işləmək vərdişlərini dərinləşdirib, dini bilik səviyyələri ilə yanaşı, ictimai və dünyəvi biliklərini artırmaq imkanına malik olurlar.