«1 sentyabr 2014-cü il tarixində qüvvəyə minmiş Gürcüstanın «əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında» qanununa əsasən ölkənin miqrasiya siyasətinə bir çox dəyişikliklər edilib.
Qeyd edilən dəyişikliklər Azərbaycan Respublikası vətəndaşlarına da şamil edilib. Qanuna əsasən Azərbaycan Respublikası vətəndaşları Gürcüstan ərazisində vizasız olaraq hər 180 gün ərzində 90 gün qanuni formada yaşaya biləcəklər. Qanunsuz formada 90 gündən artıq Gürcüstan ərazisində qaldıqda 180 lari (bu günün məzənnəsi ilə 81 manat), 180 gündən çox qaldıqda isə 360 lari (bu günün məzənnəsi ilə 162 manat) məbləğındə cərimələnəcək.
Azərbaycan Respublikası vətəndaşları 1 sentyabr 2014-cü il tarixindən sonra Gürcüstan ərazisində 90 gündən artıq qalmaq üçün, ölkə ərazisinə daxil olmadan əvvəl Gürcüstanın Bakı şəhərindəki Səfirliyinə və ya Gəncə şəhərindəki Baş Konsulluğuna müraciət edərək viza almalı və qeyd olunan viza ilə ölkə ərazisinə daxil olduqdan sonra Gürcüstanın Ədliyyə Nazirliyinə müraciət edərək yaşayış hüququ almalıdırlar.
Əlavə olaraq bildirmək istərdik ki, cari ilin 1 sentyabr tarixinədək Gürcüstan ərazisinə gəlmiş və ölkə ərazisini tərk etməmiş Azərbaycan Respublikası vətəndaşları 90 gündən artıq Gürcüstanda qalmaq üçün Gürcüstanın Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinə müraciət edərək viza ala biləcəklər».