Vaxt.Az

«Siz olun həmin adam»


 

(Cavanlara)

«Siz olun həmin adam» Bizim mübarizə prosesində həddindən artıq lazımsız səs-küy, çığır-bağırtı, pafos, yekəxana sözlər yığılıb. Bunu bizim mübarizə prosesinə doluşmuş təsadüfi adamlar eləyiblər. Onlar azadlıq, demokratiya uğrunda mübarizə aparan adamların arasına soxulub, böyür-başında atılıb-düşməklə mübarizə prosesinə həddindən artıq parıltı, təmtəraq gətiriblər. Düzü, onlar başqa cür eləyə də bilməzlər – insanın içi nə qədər boş olsa, çölünü bir o qədər çox bəzəyəcək, – ancaq bu təmtəraq, bu parıltı bizim mübarizə prosesini korlayır.
Azadlıq mübarizəsi və onun bir qolu olan demokratiya uğrunda mübarizə prosesi adi bir prosesdi, onun heç bir təmtərağı yoxdu və təmtərağa ehtiyacı da yoxdu. Mənəviyyat sadəliyi, təvazökarlığı xoşlayır, ona təmtəraq qatanlar mənəvi prosesi korlayırlar, mənəviyyatı korlayırlar, əxlaqsızlıq yayırlar.
Bizdə israfçılıq təkcə toyda, yasda deyil, bizdə demokratiya uğrunda mübarizə prosesində də israfçılıq var. İsrafçılıq Tanrıya xoş gedən xüsusiyyət deyil, çünki israfçılıq əxlaqlı xüsusiyyət deyil. Bütün israfçı ənənələri korlanmış adamlar yaradır, əxlaqlı adamlarsa onların girovuna çevrilir, iyrənsə də bu ənənələri poza bilmir, bəzən də fərqinə varmır, eləcə axına düşüb gedir, beləcə israfçılar (əxlaqsızlar) hər yerdə meydan sulamağa başlayırlar, əxlaqlı adamlar da abrına qısılıb durur, onların çaldığına oynamaq məcburiyyətində qalır.
Bilirsiz demokratik mübarizə prosesində çığır-bağırtının, lazımsız hay-küyün, bayağı sözlərin əleyhinə çıxan adam kimə oxşayır? Toyda stolun üstünə ancaq kabab göndərən toy yiyəsinə, yaxud yasda ancaq çay verən hüzr sahibinə. O, ənənələri pozur. O, korlanmış adamların yaratdığı, davam elətdirdiyi, əxlaqlı adamları bezdirmiş ənənələri pozur. Əxlaqlı adamlar demokratik mübarizə prosesindəki bu pafosdan, çığır-bağırtıdan, bayağılıqdan, bəsitlikdən, saxtakarlıqdan, səviyyəsizlikdən beziblər. Toydakı, yasdakı israfçılıq kimi demokratik mübarizə prosesindəki israfçılıq da onları iyrəndirir. Onlara bu ənənələri pozan adam lazımdı. Onlara bunların əxlaqsızlıq olduğunu deyən adam lazımdı. Siz olun həmin adam! Tək toydakı, yasdakı yox, demokratik mübarizə prosesindəki iyrənc, çirkin təmtəraqdan da danışın. Tək toydakı, yasdakı yox, demokratik mübarizə prosesindəki biabırçılıqdan da danışın.
Deyin: diktaturaya qarşı mübarizə prosesini özünüreklam prosesinə çevirənlər əxlaqsızlıq yayırlar, şərə xidmət eləyirlər, diktaturaya qarşı həqiqi, səmimi mübarizəni zəiflədirlər, beləcə diktaturanın möhkəmlənməsinə səbəb olurlar. Onlar azadlıq prosesinin əxlaqını korlayırlar, azadlıq uğrunda mübarizənin mənəviyyatını korlayırlar, bu prosesin mənəvi simasını zədələyirlər və mübarizəni əsas yoldan – əxlaq yolundan sapdırırlar.
Deyin: demokratik mübarizə prosesini söyüş yarışına çevirənlər, demokratiya uğrunda mübarizə aparan adamların arasına soxulub onların leksikonunu söyüşlə doldurmağa çalışanlar əxlaqsızlıq yayırlar, şərə xidmət eləyirlər və diktaturadan qurtuluşa mane olurlar. Hər bir şər rejimini yalnız iki yolla aşırtmaq olar: ya ondan daha güclü şər olmaqla, ya da tamam əks yolla – xeyir olmaqla. Şərə qarşı şər metodla mübarizə aparanlar bizimlə bir yerdə ola bilməzlər, biz şərə qarşı yalnız xeyir metodla mübarizə aparmalıyıq. Söyüş, təhqir – bizlik deyil, biz yalnız əxlaqlı üsullardan istifadə eləməliyik. Biz öz səviyyəmizi, sanbalımızı qorumalıyıq. Biz çəngi deyilik, biz kişi kimi, mərdi-mərdanə mübarizə aparmalıyıq.
Deyin: sadəlik, təvazökarlıq, səmimilik bizim mübarizənin əsas şərtlərindəndi, onu pozmaq olmaz, onu pozan əxlaqsızdı. Sadəliyi, təvazökarlığı, səmimiliyi olmayan mübarizə azadlıq uğrunda mübarizə deyil, o, ayrı şeydi, məkrdi, başqasının zəhmətinə yiyə çıxmaq fəndgirliyidi, özünü gözə soxub nələrisə qamarlamaq hazırlığıdı, həyasızlıqdı, riyakarlıqdı. Bu, zülmün və məzlumluğun bir növüdü, o heç vaxt azadlığa aparıb çıxara bilməz. Bu, azadlığa aparan yol deyil, çünki o, şərin yoludu, xeyirin yolu deyil. Onunla bir diktaturaya qalib gəlmək olarsa da, həmin diktaturanın yerində yalnız başqa bir diktatura qurmaq olar, onunla demokratiya qurmaq mümkün deyil.
Deyin: mübarizənin məqsədi insandı, insanı, eləcə də öz başına topladığı insanı, ən birincisi də onun ağrılarını düşünməyən mübarizənin məqsədi yoxdu; belə mübarizə əqidəsiz mübarizədi, onun insan haqqında humanist idealı, azadlıq mübarizəsinin ideallarına bağlılığı ola bilməz, deməli, o, bizim mübarizə ola bilməz. Bizim mübarizə insanı, ən birincisi də onun ağrılarını düşünən, buna görə də insanların taleyilə ehtiyatla, ehtiramla davranan vicdanlı, əxlaqlı, humanist bir mübarizədi. Bizim mübarizə qayğıkeş mübarizədi, qəddar mübarizə deyil.
Deyin: əxlaq – mübarizənin başlıca şərtidi, bizim mübarizə onsuz ola bilməz. Bizim mübarizə əxlaqsız ola bilməz.
Deyin: azadlıq mübarizəsindən bu artıq-urtuq şeyləri, bu təmtərağı, bu israfı yığışdırmaq lazımdı.
Deyin.
Olun həmin adam!
 





13.11.2012    çap et  çap et