Bakıda mənzil-tikinti kooperativlərinin (MTK) ardı-arası kəsilməyən fırıldaqçılıq və dələduzluq əməllərindən daha biri üzə çıxıb.
Belə tikinti kooperativlərindən biri, adı hələ 2008-ci ildən vətəndaşları aldatmaqda və pullarını mənimsəməkdə çəkilən «Dağlar» MTK tərəfindən aldadılmış zərərçəkənlərin bir qrupu bu gün virtualaz.org saytının redaksiyasına gələrək üzləşdikləri dələduzluq əməli barədə məlumat verdilər.
Zərərçəkənlərin bildirdiyinə görə, onlar bu ilin iyun-iyul aylarında nağd pul ödəyərək «Dağlar» MTK-nın Bakının Nərimanov rayonu, Təbriz küçəsi, 63 ünvanında inşa etdiyi binadan mənzillər alıblar. Lakin çox keçmədən məlum olub ki, həmin mənzillər əslində daha əvvəl, bəzi hallarda isə onlara satılandan sonra başqalarına satılıb. Təkcə həmin binada «Dağlar» MTK rəhbərlərinin dələduzluq əməllərindən zərər çəkənlərin sayı 25-ə yaxındır. MTK rəhbərləri onların 1,5 milyon manata yaxın vəsaitini mənzil satmaq adı altında mənimsəyib.
Ədliyyə Nazirliyinin qeydiyyat sənədlərində «Dağlar» MTK-nın təsisçisi və sahibi kimi Çingiz Rzayevin adı yer alır. Şirkətin icraçı direktoru isə onun qohumu Şahin Əliyevdir. Təsisçilər arasında həmçinin Çingiz Rzayevin qardaşı Gündüz Rzayevin və daha üç nəfərin adı yer alır.
Şikayətçilər deyir ki, dələduzluq əməlinin başında Çingiz Rzayev dayanır, qohumu Şahin Əliyev isə onun əməllərinin icraçısıdır.
Zərərçəkənlərdən biri Etibar Əliyev deyir ki, o, «Dağlar» MTK-nın inşa etdiyi binadan ötən ilin avqustunda üçotaqlı mənzil alıb və mənzilin pulunu - 122 min manatı nağd şəkildə şirkətin icraçı direktoru Şahin Əliyevə ödəyib. Mənzil alqı-satqısı haqda MTK ilə vətəndaş arasında bağlanmış müqavilə notariusda təsdiqlənib.
E.Əliyev aldığı mənzili təmir etdirib və bu işə daha 40 min manata yaxın xərc çəkib. Ancaq bir neçə ay əvvəl məlum olub ki, mənzil başqasına satılıb. Zərərçəkən deyir ki, mənzilinin başqasına satılmasından ora köçməyə hazırlaşarkən xəbər tutub. Məlum olub ki, mənzilin yeni sahibi qapının qıfılını dəyişdirib. Zərərçəkən bildirir ki, hazırda o, qıfılı sındırmaqla mənzilə daxil ola bilib və orada yaşayır. Ancaq sənədlərdə mənzilin iki sahibi var.
Digər zərərçəkən Məmmədov Sadiq Hüseyn oğlu da eyni sxemlə aldadılıb. O, bu il iyunun 31-də 114 min manat pulu nağd ödəyərək «Dağlar» MTK-nın Təbriz küçəsi, 63 ünvanda inşa etdiyi binadan üçotaqlı mənzil alıb. Mənzil alqı-satqısı və pulların ödənilməsi barədə müqavilə notarial qaydada təsdiqlənib.
Ancaq zərərçəkənə deyiblər ki, mənzilin açarını 15 gündən sonra təhvil ala bilər. 15 gün tamam olanda S.Məmmədov mənzilin açarlarını almaq üçün gedəndə ona daha sonra gəlməyi məsləhət görüblər.
Beləcə, onu açar dalınca bir neçə dəfə müxtəlif bəhanələrlə get-gələ salıblar. Nəhayət, üzə çıxıb ki, mənzil əslində 2009-cu ildə satılıb.
Zərərçəkənlərdən Hüseynov Çingiz Əlihüseyn oğlu isə həmin binadan mənzil almaq üçün «Dağlar» MTK-ya 180 min ABŞ dolları ödəyib. Ancaq çox keçmədən məlum olub ki, həmin mənzil daha əvvəl başqasına satılıbmış. Üstəlik mənzildə yaşayış da var.
Qasımov İsgəndər adlı digər zərərçəkən isə «Dağlar» MTK-nın binasından mənzil almaq üçün 34 min manat ödəməyə imkan tapıb. Qalan 120 min manatı ödəməyə hazırlaşanda məlum olub ki, ona satılan mənzilin başqa sahibləri də var.
Zərərçəkənlərin bildirdiyinə görə, eyni mənzilin ayrı-ayrı vaxtlarda nəinki iki, hətta 5-6 adama satılması halları mövcuddur.
Aldadıldıqlarını görən zərərçəkənlər birləşərək hüquq-mühafizə orqanlarına üzləşdikləri dələduzluq əməli barədə şikayət ediblər. Onların dediyinə görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi şikayət əsasında «Dağlar» MTK-nın icraçı direktoru Şahin Əliyev saxlanılıb, ancaq faktla bağlı cinayət işi qaldırılmayıb və onu vətəndaşların pullarını geri qaytarmaq şərti ilə buraxıblar. Lakin Ş.Əliyev pulları qaytarmayıb.
Nəhayət, bir neçə gün əvvəl Nərimanov Rayon Polis İdarəsi tərəfindən «Dağlar» MTK-nın rəhbərlərinə qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq əməli) ilə cinayət işi qaldırılıb. Buna baxmayaraq zərərçəkənlər deyir ki, polis dələduzların yaxalanması üçün əməli addımlar atmır.
Zərərçəkənlər Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərova şikayət ünvanlayaraq «Dalğa» MTK-nın təsisçisi Çingiz Rzayevin və icraçı direktoru Şahin Əliyevin milyonlarla manatlıq daşınmaz əmlaka malik olduqlarını bildirir, həmin əmlaka həbs qoyulmasını xahiş edirlər.
Bu obyeklər sırasına həmin binanın altında yerləşən və bazar dəyəri 3,5 milyon manata yaxın olan ikimərtəbəli mağaza, iki və üçotaqlı mənzillər, Yeni Yasamalda «Dağlar» MTK-nın inşa etdiyi binanın altında yerləşən ikimərtəbəli mağaza (bazar qiyməti 600 min manat) və s. daxildir.
İşi aparan müstəntiqlər isə deyirlər ki, Çingiz Rzayev və Şahin Əliyev barədə araşdırma başa çatmadığından onların əmlakına həbs qoyula bilməz.
Virtualaz.org araşdırıb ki, «Dağlar» MTK-nın adı hələ 2008-ci ildən mənzil dələduzluğu və payçıların aldadılması əməllərində keçir. Bu əməllərə binaların tikintisinin yarımçıq qoyulması, fəhlələrin pullarının verilməməsi, bir mənzilin bir neçə adama satılması daxildir. Şirkət Bakının Yasamal, Binəqədi və Nərimanov rayonlarında çoxmərtəbəli binaların tikintisi ilə məşğul olub.
Məsələn, «Dağlar» MTK-nın əməllərindən zərər çəkən bir qrup şikayətçi 2008-ci ilin noyabrında Prezident Administrasiyasına müraciət edib. Onların şikayətində bildirilirdi ki, «Dağlar» MTK-nın inşa etdiyi binadan mənzil almaq üçün kooperativə üzv olublar və müqaviləyə əsasən bina 2006-cı ilin sonu, 2007-ci ilin əvvəlində tikilib istifadəyə verilməli idi. Lakin bina yarımçıq qoyulub və «Dağlar» MTK rəhbərliyi onların pullarını geri qaytarmır.
«Dağlar» MTK-nın fırıldaqlarından ziyan çəkənlər ölkə prezidentinə və digər yuxarı instansiyalara çoxsaylı şikayətlər ünvanlayıblar.
Yaxud digər fakta görə Bakı Apelyasiya Məhkəməsi 2010-cu ildə Əliyeva Şövkət İman qızının «Dağlar» MTK-ya qarşı mənzilə mülkiyyət hüququnun tanınması, mənzilə köçürmə, orderin və həmin orderdən yaranan hüquqi sənədlərin ləğv edilməsi üzrə qaldırdığı iddiaya baxıb. Bu işdə cavabdeh qismində «Dağlar» MTK ilə yanaşı Abbasov Azad Kazım oğlunun da adı keçir.
Bir qayda olaraq əksər tikinti kooperativləri ayrı-ayrı oliqarxlara, vəzifəli şəxslərə bağlı olur, yaxud onlar tərəfindən himayə edilir. Lakin zərərçəkənlər «Dağlar» MTK-nın arxasında hansısa qüdrətli məmurun dayandığı haqda fakta malik deyillər.
Bununla belə məlumdur ki, Çingiz Rzayev əslən Gəncədəndir. Bəzi iddialara görə, o, Gəncənin əvvəlki, Sumqayıtın isə indiki icra başçısı Eldar Əzizovun adından istifadə edir. Həmçinin Ç.Rzayevin Binəqədidən deputat olan Hacı Madərin himayəsində olduğu haqda təsdiqlənməmiş iddialar da var.
Mövzuya qayıdacağıq.