Vaxt.Az
«Qətlin bir addımlığında»
Noyabrın 17-də Bakının mərkəzində bir qrup hakimiyyət əleyhdarı etiraz aksiyası keçirdi. Şəhər rəhbərliyinin icazə vermədiyi bu aksiyada polis döydüyünü döydü, söydüyünü söydü, qovduğunu qovdu, məhkəmə də polisin tutub saxladığı adamlardan bir neçəsinə bir neçə sutkalıq həbs cəzası verdi.Amma bundan da təhlükəli hadisə mitinq meydanından qıraqda olub. Aksiyaya gələn müxalifətçilərdən birini mülki geyimli naməlum adamlar avtomobilə oturdub, telefonunu əlindən alıb şəhərin qırağındakı malikanələrdən birinə aparıblar. Orda onu söyüb təhqir eləyiblər, mitinqlərdən əl çəkməyə çağırıblar, sabahısı gün də səhər tezdən avtomobillə gətirib şəhərdə düşürüb gediblər.
Azərbaycanın Cinayət Məcəlləsində adam oğurluğu şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər kateqoriyasına salınıb. Bu, düzgün xarakteristikadı: adam oğurluğu doğrudan da insanın azadlığı və ləyaqəti əleyhinə yönəlmiş bir cinayətdi.
Dövlət insanı azadlıqdan məhrum eləyəndə onu ləyaqətindən də məhrum eləmir. Dövlət azadlıqdan məhrum elədiyi adamın ləyaqətini qoruyacağına təminat verir. Hətta məhbus istəsə də dövlət onu ləyaqətdən məhrum eləyə bilməz. Məhbus dilindən kağız yazıb versə də ki, mənim ləyaqətimi alçaldın, dövlət bunu eləyə bilməz, çünki dövlətin insanın ləyaqətini qorumaq barədə öhdəliyi var, insan istədi-istəmədi, dövlət onun ləyaqətini qorumağa borcludu; adamlar tökülüşüb yalvarsalar da, dövlətin onların ləyaqətini alçaltmağa ixtiyarı yoxdu.
Xalqlar insanı həbs eləmək səlahiyyətini yalnız dövlətə veriblər və bu səlahiyyəti verdikləri qüvvənin də üzərinə xeyli öhdəlik qoyublar: dövlət həbs olunmuş adamın ləyaqətini, sağlamlığını, təhlükəsizliyini, başqa hüquqlarını qorumalıdı, vaxtlı-vaxtında onu yedirtməlidi, içizdirməlidi, çimizdirməlidi, pal-paltarla, yorğan-döşəklə təmin eləməlidi, onun ölkədə, dünyada baş verənlərdən xəbər tutmasına, yaxınlarıyla görüşməsinə, öz həbsindən, saxlandığı şəraitdən şikayət eləməsinə imkan verməlidi, dustağın dincəlməsinə, təmiz hava almasına şərait yaratmalıdı və sair və ilaxır.
İnsanı azadlıqdan məhrum eləmək çox ciddi səlahiyyətdi və bu səlahiyyəti qazanan adamın, orqanın üzərinə ciddi öhdəliklər qoyulur ki, o öz vəzifəsini, məsuliyyətini bilsin, səlahiyyətindən sui-istifadə eləməsin. Sui-istifadə eləsə, bundan ötrü də ciddi cəzalar nəzərdə tutulub, yəni səlahiyyət qazanan adamlar, orqanlar özbaşına deyil, onların öhdəlikləri var, öhdəliyi pozsalar, cəzaları var.
Adam tutmaq elə-belə məsələ deyil, bunu yalnız həmin adamın və başqalarının qarşısında böyük öhdəliyi olan, işi düzgün araşdırmaq, qərəzsiz, işgəncəsiz istintaq aparmaq, ədalətli, açıq məhkəmə keçirmək, tutduğu adamın həyatına, mənəvi, psixoloji, bioloji vəziyyətinə, yəni yerdəki və göydəki hüquqlarına görə cavabdehlik daşımaq kimi vəzifələri olan qüvvə – dövlət eləyə bilər. İnsanı yalnız dövlət tuta bilər, özü də kefi istədiyi vaxt yox, əsas olanda, qanunla, ədalətli mühakiməylə, verdiyi qərara və tutduğu adama görə məsuliyyət daşımaqla.
Vaxt gələcək, dünyada nə dövlət, nə də həbsxana olacaq. Ancaq insan hələ o səviyyəyə çatmadığına görə biz dövlətə, onun həbs qərarlarına da dözməyə məcburuq. Ola bilsin, “dözməyə məcburuq” sözü burda o qədər də yerinə düşmür, çünki biz dövləti özümüz yaratmışıq, onu özümüz köməyə çağırmışıq. Biz hələlik dövlətsiz yaşaya bilmərik. İndi tarixin elə bir mərhələsidi ki, dünyada heç bir xalq dövlət və onun cəza mexanizmi olmadan azad, xoşbəxt, təhlükəsiz yaşaya bilməz. Hazırda insan hakimiyyətsiz yaşamağın mexanizmini axtarır və bu mexanizmin tapdığı hissələrini qurur. Gün gələcək, insan hakimiyyətsiz yaşamağın bütün hissəciklərini tapacaq və quracaq. Sonra insan dövlətsiz yaşamağın yolunu axtaracaq, onu da tapacaq və quracaq. Bu prosesin rüşeymi, əlamətləri indi, hətta bəzi xalqların yaşamağa dövlət, hakimiyyət axtardığı dövrdə də görünür.
Azərbaycan xalqının bir hissəsi – Quzey Azərbaycanda yaşayanlar, daha dəqiqi, onların da bir hissəsi (Yazıq Azərbaycan, yazıq Vətən! Gör neçə yerə parçalanıb, neçə tale yaşayır! Nəysə, yazıdakı mövzudan yayınmayaq, dərdimiz çoxdu...) dövlət axtarışını başa çatdırıb, özünə lazım olan dövləti – Azərbaycan Respublikasını qurub. Bu proses çox böyük ağrı-acı, hədsiz itkilər, qanlı-qadalı illər hesabına başa gəlib. İndi Azərbaycan xalqının Azərbaycan Respublikasında yaşayan hissəsi ədalətli hakimiyyət axtarışındadı (Hərçənd hakimiyyətin ədalətsizliyi bəzən adamları o qədər küsdürür ki, onların bir qismi təkcə alternativ hakimiyyət yox, alternativ dövlət axtarışına da çıxır. Həm də təkcə xaricdə yox, elə respublikanın özündə. Bəzi vətəndaşlarımızın Azərbaycan hakimiyyətindən cox Azərbaycan Respublikasının alternativini axtardığı, arzuladığı göz qabağındadı, bu, açıq-aydın duyulur. Amma bu da bir ayrı yazının mövzusudu, indiki yazının mövzusundan yayınmayaq, dərdimiz bir deyil, iki deyil...).
Noyabrın 17-də, Milli Dirçəliş Günündə, Azərbaycanın sovet imperiyasından qurtulub öz dövlətini qurmasında mühüm yeri olan bir tarixin 24-cü ildönümündə, bayram günü keçirilən etiraz aksiyası da ədalətli hakimiyyət axtarışının bir hissəsidi. O aksiyaya çıxanların heç birinin Azərbaycan dövlətinin – Azərbaycan Respublikasının varlığına etirazı yoxdu. Əksinə, onlar bu dövləti istəyən, onun varlığına sevinən, bəzisi onun bərpa olunmasında iştirak eləmiş adamlardı.
Hakimiyyətə etiraz eləyən adamların qarşısına dövlət onları dinləmək niyyətiylə çıxmalıdı, ancaq bizdə belələrinin qarşısına hakimiyyət onları cəzalandırmaq niyyətiylə çıxır. İstismar onsuz da dövlətin ayrılmaz hissəsidi, hətta ən yaxşı dövlətin də mahiyyətində istismarçılıq var. İnsan hələlik buna dözür, çünki hələlik dövlətsiz yaşaya bilməz. Ancaq heç olmasa hakimiyyət ədalətli, insaflı olmalıdı ki, dövlət tam istismar aparatına çevrilməsin, dövlətin yardımçı xüsusiyyəti istismarçı xüsusiyyətindən çox olsun.
Azərbaycanda, birincisi, hakimiyyət ədalətli olmadığına, ikincisi də, dövləti öz inhisarına ala bildiyinə görə dövlət – 21 il qabaq bərpa olunmuş Azərbaycan Respublikası vətəndaşın qarşısına daha çox istismarçı aparat kimi çıxır. Vətəndaş öz dövlətini daha çox onu əzən maşın kimi duyur. Etiraz qadağan olunub, çünki etiraz hakimiyyəti dəyişməyin yollarından biridi. Hakimiyyəti dəyişməyin bir yolu da seçkidi. Etiraz mitinqi kimi seçmək imkanı da xalqın əlindən alınıb, çünki bütün bunlar hakimiyyəti dəyişmək imkanı deməkdi, hakimiyyətinsə xalqa belə bir imkanı vermək niyyəti yoxdu.
Şəhərlərin mərkəzi meydanlarında, adamların rahat gedib-gələ biləcəyi yerlərdə etiraz mitinqi keçirməyə icazə verilməməsi, icazəsiz mitinqlərə görə cərimələrin artırılması, üstəlik, belə mitinqlərə cəhd eləyənlərin döyülməsi, söyülməsi, həbs olunması – bunların hamısı dövlət öhdəliyinin pozulması deməkdi, hakimiyyətin səlahiyyət həddini aşması, öz səlahiyyətindən sui-istifadə eləməsi deməkdi. Vətəndaşın dövlətə verdiyi hüquqlardan vətəndaşın hüququnu pozmaq üçün istifadə olunur. Çox maraqlıdı ki, vətəndaşa toplaşmaq, piket, yürüş, mitinq keçirməyə şərait yaratmaq, insanın döyülməsinə, söyülməsinə, saxta ittihamla tutulmasına, ədalətsiz mühakimə olunmasına imkan verməmək, məhkum olunmuş adamın hüququnu, eləcə də onun ləyaqətini qorumaq kimi öhdəliklərini rahatca pozan, faktiki istədiyini eləyən hakimiyyət bəzən buna da qane olmur və insan üzərində daha böyük, daha hədsiz, daha dəhşətli hakimiyyətə yiyələnməyə can atır.
Adam oğurluğu buna görədi. Oğurlanan adamı hakimiyyət dövlətin – polisin, prokurorun, məhkəmənin əliylə də cəzalandıra, döydürə, söydürə, azadlıqdan məhrum eləyə, ləyaqətini alçalda bilər. Ancaq görünür, hərdən hakimiyyət özünün mütləq hakimiyyət olduğunu duymaq və duydurmaq istəyir, ona görə də bəzən insanları dustaq eləmək onu qane eləmir, o, insanları əsir kimi görmək istəyir. İstəyir bilsin və bildirsin ki, o, insanların azadlığını və ləyaqətini axıracan əlindən ala bilər, azadlığı və ləyaqəti axıracan tənəzzülə uğrada bilər.
Hakimiyyətin ədalətli olması bu gün üçün də, gələcək üçün də vacibdi. İnsan ədalətli hakimiyyətdə yaşamalıdı ki, hakimiyyətsiz yaşamağın yolunu tapa və onu həyata keçirə bilsin. İnsan hakimiyyətsiz yaşaya bilməlidi ki, dövlətsiz yaşaya bilsin. Dövlətsiz yaşaya bilməkdən ötrü də insan ədalətli dövlətdə yaşamalıdı. Biz ədalətli hakimiyyət və ədalətli dövlət qurmağa məcburuq, başqa yolumuz yoxdu. Ədalətsiz hakimiyyət olan yerdə biz heç vaxt hakimiyyətsiz yaşaya bilməyəcəyik. Eləcə də ədalətsiz dövlət olan yerdə biz heç vaxt dövlətsiz yaşamaq yolunu tuta bilməyəcəyik. İnsanın hökumətsiz və dövlətsiz xoşbəxtliyinə gedən yol dövlətin və hökumətin yaxşısından keçir. Bu baxımdan Azərbaycanda ədalətli hakimiyyət qurmaq həm indiki nəslin iztirablarına tez son qoymaq, həm də gələcək nəsli ideala tez çatdırmaq baxımından əhəmiyyətlidi. Yoxsa ki, hakimiyyəti dəyişdirmək və ya təkmilləşdirmək bizim nəyimizə lazımdı?
Xalqların yavaş-yavaş hakimiyyətsiz yaşamağa çalışdığı, dövlətsiz yaşamağa doğru getdiyi bir vaxtda öz xalqının dövləti olan hissəsini ədalətli hakimiyyət axtarışında görmək, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə yönəlmiş cinayətin qarşısını almalı olan dövlətini həmin cinayətin səbəbkarı kimi görmək – böyük ağrı, hədsiz kədərdi. Buna son qoyulmalıdı. Azərbaycan dövlətinin hüquqi tənəzzülünə, Azərbaycan hakimiyyətinin mütləq hakimiyyətinə son qoyulmalıdı.
Adam oğurluğu çox ağır cinayətdi. Bundan o yanası qətldi. Müxalifətin mitinqinə qarşı bütün qanunsuzluqları, ədalətsizlikləri eləyib, üstəlik, adam oğurluğuna əl atmaq – mitinq əleyhinə işə salınan cəza metodlarında ən təhlükəli mərhələyə adlayıb ən son həddə yaxınlaşmaq, qətlin bir addımlığında dayanmaq deməkdi.
19.11.2012 çap et