Vaxt.Az

«Buna münasibətiniz?»


 

AŞPA prezidenti İlyas İsmayılovun sərt suallarından yayındı

«Buna münasibətiniz?» Avropa Şurası Parlament Assambleyasının prezidenti xanım Ann Brasör bu gün Azərbaycanda fəaliyyət göstərən parlament partiyalarının sədrləri ilə görüşüb. Milli Məclisin binasında baş tutan görüşdə Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov da çıxış edib.

Virtualaz.org partiyanın mətbuat xidmətinə istinadən bildirir ki, İ.İsmayılov AŞPA prezidentinin diqqətini iki vacib məsələyə cəlb edib.

Deputat deyib: «Birincisi, siz bizdən Avropa standartlarına əməl etməyi tələb edirsiniz. Bir halda ki, biz 2001-ci ildən Avropa Şurasının üzvüyük, deməli, üzərimizə götürdüyümüz öhdəliklərə əməl etməliyik. Yəni insanın hüquq və azadlıqlarının, qanunun aliliyi prinsipinin təmin edilməsi və demokratiyanın inkişafı istiqamətində fəaliyyət göstərməliyik.

Bununla yanaşı, Avropa ölkələrinin bir çoxunda Avropa standartlarına zidd qanunlar qəbul edilir, lakin buna heç etiraz da bildirilmir. Məsələn, İsveçrədə, Sloveniyada, Fransada, bu günlərdə isə Yunanıstanda uydurma erməni genosidini etiraf etməmək cinayət hesab edilib. Avropanın göbəyində insanlar orta əsrlərdə olduğu kimi fikrə, düşüncəyə görə təqib olunurlar. Çox təəssüf ki, artıq bu ideyadan praktikaya da çevrilib. İsveçrədə belə məhkəmə təcrübəsi var. XXI əsrdə Avropada insanın fikrə, düşüncəyə görə təqib etmək - bu Avropa ruhuna, insanın hüquq və azadlıqlarına uyğundurmu?

Vaxtilə Avropanın ağıllı başları - Volter, Monteskyö, Çezari Bekkari və başqaları orta əsrlərdə hökm sürən və indi də Avropa məkanına köçürülən cəhalətə qarşı mübarizə apararaq tələb edirdilər ki, insanı fikrinə, düşüncəsinə görə deyil, konkret əməlinə görə mühakimə etmək olar. Sonralar bu mütərəqqi fikirlər reallığa çevrildi. İndi isə erməni yalanlarına qulluq edən Avropa cəhalət yoluna qədəm qoyur. Buna münasibətiniz?

İkincisi, Azərbaycanın Dağlıq Qarabağ ərazisində separatçı-terrorçu hərəkat baş verdi. Bu da erməni millətçilərinin dənizdən-dənizə «Böyük Ermənistan» qurmaq kimi absurd ideyalarının tərkib hissəsidir. Belə ki, hələ 1985-ci ildə Yunanıstanın paytaxtı Afinada Daşnaksütun partiyasının XXIII qurultayı keçirildi. Qurultayda bir məsələ - Ermənistanın ərazisinin genişləndirilməsi müzakirə olundu. Bir səs çoxluğu ilə qərara alındı ki, Gürcüstan ərazisindən deyil, Azərbaycandan - Dağlıq Qarabağdan başlamaq lazımdır. Çox təəccüblüdür ki, qərarın surətini Moskvaya - Mixail Qorbaçovun ətrafında cəmləşənlərə də göndərdilər. Nəticəsi də göz qabağındadır.

İndi bu separatçı-terrorçu hərəkata qanuni don geyindirməyə çalışırlar. Belə ki, erməni millətçiləri və onların Qərbdə, Amerikada olan havadarları beynəlxalq ictimaiyyəti aldadaraq söyləyirlər ki, bu münaqişəni həll etmək çox çətindir, çünki Azərbaycan tərəfində beynəlxalq hüququn bir prinsipi - ərazi toxunulmazlığı, ermənilər tərəfində isə bu hüququn guya ikinci prinsipi - xalqların öz müqəddəratını müəyyən etmək durur. Çox təəssüf ki, bu yalanı bu yaxınlarda Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik də təkrar etdi.

Hamıya aydındır ki, ermənilər bir xalq kimi artıq öz müqəddəratını müəyyən edib Ermənistan Respublikası qurublar. Dağlıq Qarabağda yaşayan ermənilər xalq deyillər, erməni kökənli məskundurlar. Başqa dövlətlərin ərazisində yaşayan ermənilər təkrarən öz müqəddəratlarını müəyyən edə bilməzlər. Əks halda dünyada - Rusiyada, Fransada, ABŞ-da, Argentinada, Gürcüstanda və s. yerlərdə onlarla erməni dövləti yarana bilər ki, bu absurddur və buna heç yol da verilə bilməz. Düşünürəm ki, biz bir xalq olaraq hər bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan vermərik. Bunun üçün əzmkarlığımız da, tələb olunan gücümüz də var. Beynəlxalq hüquq da bizim tərəfimizdədir. Buna münasibətiniz?».

Təəssüf ki, AŞPA prezidenti bu suallara cavab verməyib. Daha dəqiq desək, birinci suala «biz o dövlətlərin işinə qarışa bilmərik» deməklə kifayətlənib. İkinci məsələyə isə ümumiyyətlə münasibət bildirməyib.

 





23.09.2014    çap et  çap et