Vaxt.Az

Ürəyimdə qalan arzu


 

«Hacı»lığın qatı olmayacaq...

Ürəyimdə qalan arzu Səudiyyə Ərəbistanının kralı çox ədalətsiz bir qərar qəbul edib: bir dəfə Həcc ziyarətində olanlar Məkkəyə ikinci dəfə zəvvar qismində gedə bilməyəcəklər. Yəni kral həzrətləri bundan sonra bir neçə qat «Hacı» olmaq istəyənlərin arzularını ürəklərində qoyub. Mən bu kişini adil bir padşah, cümlə müsəlmanların mənəvi atası, əhli islamın ağsaqqalı bilirdim. Heç gözləməzdim...! A kişi, bunu edirdinsə, əvvəlcədən belə edərdin də.

Mən heç Həcc ziyarətində olmamışam, gecə-gündüz yeməyib, içməyib pul yığırdım ki, müqəddəs məkanı ziyarət edim, işsizlik imkan vermədi. Güc-bəla ilə bir sponsor tapmışdım, uşaqlara bir kisə un, bir motal pendir və bir də onlardan halallıq almışdım ki, bu bəd xəbər gəldi. Deyərsiniz ki, sən ziyarətinə get, həmin qərarın sənə nə dəxli? Necə yəni nə dəxli? Tutaq ki, mən getdim ziyarətə, oldum hacı. Yəni bir qat hacı. Amma dostlarımın içində 3 qat, 4 qat, hətt 10-15 qat həcilər var. Bəs bu qərardan sonra dostlarıma necə çatım? Onlardan geri qalım? Onlar yas yerində, saunada, adını çəkə bilmədiyim başqa məkanlarda və çevrələrdə qürrələnəndə ki, «mən 5 qat həciyəm», «mən 8 dəfə müqəddəs məbədi ziyarət etmişəm», o zaman mən nə deyim?

Bundan başqa, tutaq ki, ziyarətə gedib-gələndən sonra birdən nəfsimin «tormoz»u tutmadı, sükanı əyildi sola, günaha batdım. Mən başıdaşlı bu günahı yumaqdan ötrü hara gedim? Xristian da deyiləm ki, gedim, Müqəddəs ata bağışlasın. Deyirəm, nə bəxtəvər məxluqlardır bu katoliklər. Nə qədər günah edirsən et, axırda get de ki, bəs padre, bir qələtdir eləmişəm, məni çevir rahib və rahibələrinin başına. Vəssalam!

Məni qınamayın, bu kral haqqında deyəndə ki, masonların, yəhudilərin adamıdır, inanmırdım. Belə məlum olur ki, deyilənlər doğru imiş. Yoxsa bu evi yıxılmamış şeyxül -kəbir durduğu yerdə niyə belə qərar versin? Dəli olmayıb ki, o qədər puldan imtina etsin? A camaat, bu kişinin saqqalı uzun, şalvarı gödək adamları məni qanıma qəltan etsə də, deyəcəyəm, bu adam kafirlərdən yanadır. Özü qəsdən belə edir ki, bizim kimi təmiz, əməli saleh müsəlmanlar padre həzrətlərinə üz tutsun və sayəmizdə əhli-islamın sayında azalma getsin.

Əzizlərim, yaxşı xaç suyuna çəkməyi bacaran keşiş tanıyan varsa, xahiş edirəm, telefonunu, yaxud ünvanını verin. Amma bir şərtlə ki, xaç qızıldan olmalı, su da filtirdən keçirilməlidir. Axı mən təmiz... hələlik, müsəlmanam.

Allah kral həzrətlərinə insaf versin! Hələ vaxt var...

 





24.09.2014    çap et  çap et