Vaxt.Az

«İnternet dövründə fanatizm»


 

İnsanın ürək dolusu yaşaya bilməməyi min bir bəla törədir

«İnternet dövründə fanatizm»

Bizim dövrün fanatizminə baxırsan:

 

- idmanda fanatizm;

- dində fanatizm;

- demokratik mübarizədə fanatizm;

- dövlətçilikdə fanatizm;

- vətənpərvərlikdə fanatizm;

- millətçilikdə fanatizm.

 

Adama elə gəlir ki, informasiya texnologiyaları dövründə - internet, mobil texnologiyalar dövründə fanatizm zəifləməliydi. Amma zəifləyibmi? Az qala hər kəsin mobil telefonu, kompüteri, internetə çıxışı var. Evlərin damı peyk antenləriylə doludu. Amma fanatizm zəifləyirmi? Futbol stadionunda hakimin bir səhvinə gərə adam öldürən, nəinki bu gün, min il qabaq da istehza doğuran məzhəb davasında özünü qurban verib cənnətə düşəcəyinə inanan adamları görəndə fanatizmin nə qədər dərinə işlədiyini, həm də onunla mübarizənin nə qədər vacib və çətin olduğunu başa düşürsən.

Özünün və başqasının həyatına, demirəm yüksək, deyirəm bir azca qiymət verən adam fanatik ola bilməz.

Hər bir fanatizm, məncə, hansısa çatışmazlığın nəticəsi olmalıdı. Ən birincisi də insanın ömrünü ürək dolusu yaşaya bilməməyinin nəticəsi. İnsanın ürək dolusu yaşaya bilməməyi min bir bəla törədir. O bəlalardan biri də fanatizmdi.

Fanatik - yaşantıları sıxılmış, boğulmuş, yaşantı yeri boş qalmış bir adamdı. Fanatik - dirilər yox, ölülər dünyasının adamıdı. Onun içində - yaşantılar aləmində - ölü sükut hökm sürür. Fanatik - bu ölüxanadan durub gəlib. O, meyit sifətindədi.

O, həyata acıqlıdı. O, bar verən hər şeyə acıqlıdı. Onunla həyat arşında tellər qırılıb. O, həyatın siqnallarını qəbul eləyə bilmir, eləmək istəmir, onun duyğuları iflic vəziyyətindədi. O, şikəstdi. Onu ancaq ondakı yaşantıları, ondakı həyatı - duyğularını, hissiyyatını oyatmaqla sağaltmaq olar. Onu həyata qaytarmağa ehtiyac var. Onu həyata qiymət verməyə inandırmağa ehtiyac var. O öz ömrünün və başqalarının ömrünün qədrini bilməlidi.

Bizim ölkəmizdə fanatizm kütləviləşir. Fanatizm aşılanır, fanatikə rəğbət aşılanır. Fanatizmin alternativinə hörmət qoyan azalır. Fanatizm əleyhinə iş zəif gedir. Fanatizm var, anti-fanatizmsə zəifdi.

Fanatizmin alternativi nədi? Həyat. Həyat eşqi. Ürək dolusu yaşamaq istəyi, meyli.

Fanatizm həyatın əleyhinə yönələn bir fenomendi. Anti-fanatizm həyatı qorumaq cəhdidi, həyatın müdafiəsidi. Fanatik həyatı dağıtmaq, anti-fanatik həyatı qorumaq istəyəndi.

Anti-fanatizmin mübarizə (müdafiə) üsullarından biri də küyləmənin, küyə basmanın və küyə getmənin əleyhinə olmaqdı. Fanatizmin silahlarından biri küyləmədi. Sən küyləmənin, küyçülüyün əleyhinəsənsə, deməli, sən avtomatik olaraq fanatizmə mane olursan. Küyü aradan qaldırmaq - fanatizmi əliyalın qoymaq deməkdi. Küyçüyə, küyçülüyə qarşı çıxmaq - fanatizmə qarşı çıxmaqdı.

Ayıq-sayıqlıq, soyuq baş, təmkin - fanatizmin bunları görməyə gözü yoxdu. Hər bir küyçü haqlı olaraq belə adamları, ayıq adamı özünə rəqib görür. İnternet dövründə ortaya çıxan təzadın - bu qədər informasiyalı bir dövrdə fanatizmin nəinki zəifləməməyinin, bəzən hətta güclənməyinin bir səbəbi də yəqin ki, internetin küyçülərin də işinə yaramağındadı. İnternet fanatizmin qabağını almaq işinə yaradığı kimi fanatizmi yaymaq işinə də yarayır. İnternetlə küyləmək də asandı və küyçülər bu fürsəti fövtə vermirlər. Beləcə həyatımızı asanlaşdıran, həyatı dünənkindən daha yaxşı, daha rahat təbliğ eləmək imkanı verən internet o biri yandan da içiboş adamların qəlp duyğularının təbliğat meydanına çevrilir. Həyatla ölüm, yaşamaq eşqiylə ölmək ehtirası, yaşatmaq arzusuyla öldürmək azarı eyni gücdə baş qaldırır, həyat kimi ölüm də yeni meydan qazanır.

Həyatın təbliğatını gücləndirməkdən, həyatı bir dəyər kimi daha çox təbliğ eləməkdən, ölümün meydanını daraltmaqdan başqa yol qalmır. İnternet dövrünün anti-fanatizminin yolu bu olmalıdı: o, ölüxananın qabağına tər çiçəklər qoymalıdı - ölənlərin xatirəsinə hörmət və yaşamağa dəvət kimi. (mediaforum.az)

 





30.09.2014    çap et  çap et