Bəzi vətəndaşların kompensasiyanın azlığından şikayət etməsinə münasibət bildirən Baş nazirin müavini vurğulayıb ki, verilən kompensasiya az deyil:
«Bakıda evlərin qiymətləri ilə maraqlana bilərsiniz. «Mən 15 kvadratmetr ərazidə yaşayıram, onu satsam, gedib özümə başqa yerdən ev ala bilməyəcəm» məsələsi başqa sualdır. Bu barədə düşünürük. Yəqin ki, bu məsələ həll olunacaq, buna vaxt lazımdır. Amma kim istəyir gedir, kim istəyir qalır. Onlar bütün kommunikasiya xətləri ilə təmin olunurlar. Heç kim evindən zorla çıxarılmır».
Bakıda olan sənədsiz evlərlə bağlı məsələyə gəlincə, A.Şərifov qeyd edib ki, heç kimin sənədsiz evi sökülmür: «Bu günə qədər kim deyə bilər ki, kiminsə sənədsiz evi sökülüb, vəsait verilməyib. İstər şəhərdən kənarda, istər şəhərin mərkəzində yollar çəkilir. Kim deyə bilər ki, bir nəfər Azərbaycan vətəndaşının sənədsiz evi sökülüb vəsait ödənilməyib. Bu, ola bilməz. 3-cü mikrorayonda evlərin 90 faizinin sənədi yoxdur, orada tunellərin, körpülərin tikintisi ilə bağlı 100-dən çox ev söküldü. Heç birinin sənədi yox idi, amma hamısına kompensasiya ödənilib. Heç kim narahat olmasın».