Vaxt.Az

«Əvvəlcə o özü kim olduğunu müəyyən etsin»


 

Fuad Ələsgərov: «Biz hər kəslə, hətta xarici kəşfiyyata işləyənlərlə də dialoqa hazırıq, ancaq ...»

«Əvvəlcə o özü kim olduğunu müəyyən etsin» «Azərbaycanda siyasi məhbuslar yoxdur, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edilmiş şəxslər var». Bu sözləri Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş Şöbəsinin müdiri Fuad Ələsgərov İnsan Haqları üzrə İşçi Qrupun bərpasına həsr olunmuş iclas zamanı deyib.

Onun sözlərinə görə, bu, hələ 2012-ci ildə AŞPA-nın yanvar sessiyasında bəzi xarici qüvvələr tərəfindən hazırlanmış qətnamə layihəsi uğursuzluqla nəticələnərkən öz təsdiqini tapmışdı.

- Biz həmişə vətəndaş cəmiyyəti ilə dialoqu müdafiə etmişik və 2005-ci ildə yaradılmış işçi qrupu bu istiqamətdə çox böyük işlər görüb. Vaxtilə bizim səylərimiz nəticəsində 177 məhbus azad edilib, lakin buna baxmayaraq AŞPA siyasi məhbuslar üzrə məruzəçi təyin etmək qərarına gəldi və işin icrasını məhz Kristofer Ştrasserə tapşırdı, beləliklə də, qrupumuz öz işini dayandırmalı oldu – deyə Fuad Ələsgərov bildirib.

Onun sözlərinə görə, Ştrasser ilk günlərdən başlayaraq, Azərbaycana qarşı əks mövqe tutub və onun fəaliyyəti problemin həllinə fayda verməyib.

«Lakin İşçi Qrupun fəaliyyətinin bərpası Azərbaycanın daxilində bir çox məsələlərin həlli üçün böyük əhəmiyyət daşıyır. Bizə kənardan hansısa həmməruzəçilər lazım deyil, biz öz problemlərimizi kənardan yol göstərənlər olmada da həll edə bilərik»,- deyə Fuad Ələsgərov bildirib.

Bundan sonra Fuad Ələsgərov işçi qrupunun işinə kölgə salmaq üçün çalışan Xədicə İsmayılovanın fəaliyyətini tənqid edib.

«Qoy, əvvəlcə o özü kim olduğunu müəyyən etsin - hüquq müdafiəçisidir, yoxsa jurnalist?.. Biz hər kəslə, hətta xarici kəşfiyyata işləyənlərlə də dialoqa hazırıq. Ancaq, bağışlayın məni, lap birinci gündən işçi qrupumuzu ləkələmək istəyən, onun üzvlərini təhqir edənlərlə necə dialoq qurmaq, hansı mövzuda danışmaq olar?!» – Prezident Administrasiyasının nümayəndəsi bildirib.

İşçi qrupu prezident İlham Əliyev və Avropa Şurasının baş katibi Torbjyern Yaqlandın təşəbbüsü ilə işini bərpa edib. Hazırkı heyət fəaliyyətinin nəticələrinin uğurlu olacağına inanır.

Müzakirələrin gedişində İşçi qrupun katibliyi də formalaşdırılıb. Ona hüquq müdafiəçisi Sahib Mirzəyev rəhbərlik edəcək.

Hakimiyyət təmsilçiləri və hüquq müdafiəçiləri belə bir razılığa gəliblər ki, haqqında söhbət gedən məsələ bundan sonra ölkə daxilində müzakirə və həll edilsin.

Xatırladaq ki, 2005-2008-ci illərdə belə bir İşçi qrup fəaliyyət göstərib. Qrupda hökumət, parlament nümayəndələri və hüquq müdafiəçiləri təmsil olunub. Yeri gəlmişkən, bugünkü tədbirdə vurğulanıb ki, məhz həmin qrupun fəaliyyəti sayəsində 177 məhbusun azadlığa çıxmasına nail olunub.

Sonda onu da qeyd edək ki, Milli Məclisdə keçirilən bugünkü tədbirdə Prezident Administrasiyasının, parlamentin nümayəndələri, hüquq müdafiəçiləri və jurnalistlər iştirak ediblər.

 





22.10.2014    çap et  çap et