Vaxt.Az
«Ömrə yağan payız»
Yağış doğmadan doğma və heç nə ilə müqayisə olunmayan torpaq qoxusunu yerin təkindən dartıb çıxarır: torpağın ətri yalnız suyu canına çəkəndə ətrafı başına götürür; yaşlanmış, ixtiyar biri haqqında «canı suludur» ifadəsinin kökü də yəqin burdan gəlir.Su çəkiləndə torpaq cadarlaşır, insan qaxaclaşır, ruhu bədənini tərk edir - «suyu süzülür». Bəlkə də ona görədir ki, göydən yerə enən hər damlanı canımızla-qanımızla hiss edirik; yağış ovqatımıza, ruhumuza təsir edir, çünki dünyanı dəyişir.
Yalnız yağışda dünyanı bütün çalarları, əlvanlığı ilə görə bilirik. Heç də yağışın yerin üzünü hər üzünə yumasını və rəngləri olduğu kimi özünə qaytarmasını nəzərdə tutmuram; heç yağışdan sonra atılıb-düşən yerin sevincini qurşaq kimi göyün üzünə çəkməsini, hər zaman gizlətdiyi gülüşünün rənglərini hamıya açmasını da demirəm: yağışdan sonra torpağın göy rəngi almasını, özünü göyə bənzətməsini, yerin-yurdun göyərməsini qəsd edirəm.
Yağış varsa – həyat var demək: hansı fəsildə yağmasından asılı olmayaraq.
Bu yağışı da hamı gözləyirdi – bir müddət əvvəl daş döşəmələrdən ayrılıb bir günlük dağlara yollananda gördüyüm, qara, bərəkətli, amma susuzluqdan cadar-cadar olmuş torpaqdan seçilməyən insanların dili də, göyə dikilən gözləri də su axtarırdı.
Amma… payıza bürünən yağış öz soyuğu ilə həmişə ürəyi üşüdür. Sanki gecikmiş vüsaldır – ömrü uzunu yay sevgisində qovrulan torpaq qış ölümü ərəfəsində həyatla qucaqlaşır; sanki düşmən gülləsinə tuş gələn əsgərdir - ürək yanğısını soyutmaq üçün «ölümünə» bir udum su içir; sanki baharın son şansıdır - ömrün qışına yollanan insanın onu sonuncu dəfə görməsi üçün.
Payız yağışı – ürəyə çilənən axirət nurudur: sondan sonrakı başlanğıcı müjdələyən soraqçıdır…
Payız yağışından silkinən Bakının gözlərim önündə açılan səhərinə söykənmişəm.
Sökülən üfüq şəhərin yağışdan qorunmaq üçün üstünə atdığı qaranlıq plaşını silkələyir.
Axşamdan üstündə qalan yağış damlaları qaranlığın üstündən səhərə tökülür.
Hələ torpaq ətri özünü qışa təslim etməyib…
05.11.2012 çap et