E. Məmmədyarov bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Nazir Azərbaycanın artıq Afrika və Asiya ölkələrinə yardım həyata keçirən donor ölkəyə çevrildiyini vurğulayıb. XIN rəhbəri deyib ki, Dağlıq Qarabağ münaqişəsi, ərazilərin işğalı olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edərdi: «BMT Təhlükəsizlik Şurasının ərazilərin işğaldan azad edilməsi ilə bağlı 4 qətnaməsinin yerinə yetirilməməsi təəssüf doğurur».
E. Məmmədyarov bu tədbirin Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə sonuncu tədbir olduğunu vurğulayıb. Nazir qeyd edib ki, noyabrın 13-də Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyini Belçikaya təhvil vermək üçün Strasburqda olacaq: «Bu müddət ərzində Azərbaycan korrupsiya, gənclərin təhsili və digər tədbirlərin təşəbbüskarı olub. Azərbaycan Avropa Şurasının Qonşu regionlar üzrə siyasətinin güclü tərəfdarıdır. Qonşuluq Siyasəti 3 il əvvəl İstanbulda başlanıb. Ümidvaram ki, gələn il ilk Avropa Olimpiya Oyunlarına baxmaq üçün Azərbaycana səfər edəcəksiniz».