Ləqəbi «Timsah» («Krokodil») olan «Mi-24» hərbi uçuş texnikası 1972-ci ildən bəri istehsal oklunur. Hazırda «Rostvertol» qurumunun «Proqress» aviakompaniyası tərəfindən istehsal olunan hücum uçuş texnikasıdır. Gövdəsi sağlam zirehlə təchiz edilib. 12.7 mm-lik zenit raket mərmisinə davamlıdır. Radiaktiv, qaz və kimyəvi maddələrə qarşı qoruması var. 12.7 mm-lik topa, tank əleyhinə idarə olunan və 57 mm-lik raket komplekslərinə malikdir.
Helikopterdə 8 nəfərdən ibarət desant və ya 2 nəfər ağır yaralı (xərəklə), həmçinin 2 nəfər yüngül yaralını və tibbi personalı daşıya bilir. 2400 kq.-a qədər yük daşıya bilir. Yüksüz çəkisi 7580 kq., yüklə birlikdə maksimal çəkisi 11 500 kq. ola bilər. Uzunluğu 17.5 m, eni rotorla birlikdə 17.3 m-dir. İki pilot tərəfindən idarə olunur. Sürəti saatda 345 km-dir.
Birdəfəyə uçuş məsafəsi 1000 km-dir. Saatda 780 litr yanacaq yandırır. Yanacaq çəni 2100 litrdir.
4-6 hədəfi işıqlandırma sistemi var. Yüngül avtomatik-silahlardan 2 UPK və ya 2 QUV pulemyotları, 2-4 QUV qumbaraatanı quraşdırıla bilər.
«Şturm-B», «Ataka-M», «Qermes-A» idarəolunan tank əleyhinə raket komplekslərindən, həmçinin «S-5», «S-8», «S-13» və «S-24» idarəolunmayan raketlərdən istifadə etmək imkanları var. Bundan başqa «R-60M», «R-63V», «İqla-B» və «Ataka» tipli hava-hava raketləri də bu helikopterin silah arsenalına daxildir. «Timsah» 50-500 kq.-lıq bomba kassetlərindən yararlana bilir.
Əfqanıstan müharibəsinin qəhrəmanı olan helikopter ötən əsrdə bir sıra rekordlara imza atıb. Saatda 368.4 km. uçuş məsafəsi qət etmək, 2 dəqiqə 34 saniyəyə 3000 metr və 8 dəqiqə 31 saniyəyə 6000 metr hündürlüyə qalxmaq məharətini göstərib.
2012-ci ilin məlumatlarına görə, Azərbaycan Silahlı Qüvvələrində 35, Ermənistan ordusunda isə 12 ədəd «Mi-24» hücum aparatı var.
Qiyməti 8-12 milyon dollar arasındadır.