Vaxt.Az

Ərəbcəyə uduzuruq


 

Şahlar Məmmədov: «Hər yazıçı dilimizə 5-6 təzə söz gətirsə, dilimiz zənginləşər»

Ərəbcəyə uduzuruq Dilimizdə qayda-qanunların qorunması ilə bağlı ortaya çıxan problemləri araşdırmaq üçün yolumuzu növbəti dəfə Nəsimi adına Dilçilik İnstitutundan saldıq. İnstitutun monitorinq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şahlar Məmmədovla yad dillərin təsirindən danışdıq.

Şahlar Məmmədovun fikrincə, ərəbcədən gəlmiş sözlər dilimizin lüğət tərkibini dəyişməklə, qrammatikanı da xeyli deformasiyaya uğradıb: «XX əsrin əvvəllərində deyirdilər ki, nicatımız türk, ərəb və fars dillərindədir, çünki dilimiz onlardan yoğrulub. Əslində, dilin lüğət tərkibinə digər dillərdən sözlərin daxil olması normal, təbii bir şeydir. Həmin sözlər ehtiyac olanda işlənəcək, olmayanda sıradan çıxacaq.

Təhlükəlisi odur ki, yad dil bir dilin qrammatikasını zədələsin, onu dəyişsin. Məlum olduğu kimi, Azərbaycan dilində cins kateqoriyası yoxdur. Amma ərəb dilinin təsiri nəticəsində «-a», «-ə» şəkilçiləri dilimizə daxil olaraq cins kateqoriyası yaradıb.

Bu gün biz «-at», «-ət», «-iyyat», «-iyyət» şəkilçilərinin əlində qalmışıq. Axı onların üzərinə cəm şəkilçisi artırmaq olmur: «ədəbiyyatlar», «mədəniyyətlər» deyə bilmərik. Ümumiyyətlə, bu şəkilçidə «y» səsinin birinin düşməsi ilə bağlı islahat aparmaq lazımdır. Deyilişdə «y» səsinin biri tələffüz edilir. Digər «y» səsi ikinci bir məna ifadə etmirsə, israfçılıq nəyə lazımdır?

Apostrof ərəb dilinin təsiri ilə dilimizə düşmüş artıq işarə idi. Niyə də çıxarmayaydıq? Yad elementlər dildən uzaqlaşdırılmalıdır. Dildə sadələşmə prosesi zəruridir».

Şahlar müəllim təklif edir ki, Azərbaycan dilində ərəb dilinin xüsusiyyətlərini göstərən ayrıca elektron tövsiyələr hazırlansın: «Dilimizdə ərəb sözləri çox olsa da, onların xüsusiyyətlərindən xəbərsizik. Şagird və tələbələr bilmirlər ki, «məlumat», «təşkilat», «təfərrüat» kimi sözlər sadə, yoxsa düzəltmə sözdür. Heç bəzi dilçilər də bunu dəqiq bilmir».

Müsahibimiz Azərbaycan dilinin lüğət tərkibində 50-60 faizin ərəb sözlərindən ibarət olduğunu bildirir. Deyir ki, sonuncu dəfə tərtib edilən orfoqrafiya lüğətinə salınmış 30 minə qədər təzə sözün böyük əksəriyyəti alınmadır: «Yeni sözlərin 3-5 faizini çıxmaq şərtilə qalanı alınmadır. Səbəb həmin sözlərin qarşılığının tapılmamasıdır».

Şahlar Məmmədovun fikrincə, islam dini Allah haqqında təsəvvürlərimizi formalaşdırsa da, mədəniyyətimizə bəzi ziyanlar vurdu: «Əlifbamızdan əsər-əlamət qalmadı. Qədim əlifbadan söz düşəndə Qobustanın qaya təsvirlərindən, Manna yazısından danışmağa məcbur oluruq. Ərəb dili din çətiri altında yazı dilimizə, kargüzarlıq sənədlərinə daxil oldu. Azərbaycan dilinin inkişafı dayandı».

Həmsöhbətimiz gündəlik danışıqda Azərbaycan dilinin ərəb dilinə uduzduğunu deyir: «Çoxvariantlılıq dilin inkişafını ləngidir. Məsələn, dilimizdə «eynək-gözlük-çeşmək-oçki» sözləri paralel işlədilir. 4 söz mübarizə aparır. Məişət səviyyəsində «oçki» daha işləkdir, ədəbi dildə «eynək». Sonuncu ərəbcədən gəlmədir. Çeşmək farscadan alınmadır və yavaş-yavaş sıradan çıxır. «Gözlük» isə özümüzündür. Əsas mübarizə «eynək»lə «gözlük» arasında gedir. Hər ikisi düzəltmə söz olsa da, «gözlük» mübarizədə uduzur.

Biz alınma sözlərin tamam əleyhinə deyilik, bunu önləmək heç mümkün də deyil. Əsas odur, bu tip sözlər dilin fonetik, leksik, qrammatik, sintaktik səviyyələrinə zərbə vurmasın. Bir cümlədə 14 sözün 9-u alınma sözdürsə, biz o dili necə duya bilərik? Hər gün ingilis dilindən dilimizə yeni sözlər daxil olur, Azərbaycan dilinin fonoloji sisteminə ciddi təsir göstərir. Söhbət təkcə bir hərfdən – w, g, c-dən getmir. İngilis dilinin səs sistemi Azərbaycan dilinin yazısında oturub. Belədirsə, bizim dil varlığımız hanı?»

Şahlar Məmmədov Azərbaycan dilinin sözyaratma imkanlarından yararlanmağı problemdən çıxış yolu hesab edir: «Dilimizdə fonetik, morfoloji, sintaktik, derivatoloji yollarla, ya da kalka yolu ilə söz yaratmaq imkanları böyükdür. Dilə yeni sözü yazıçılar, şairlər, ziyalılar gətirirlər. Yazıçı dilin varlığına, sözyaratma imkanlarına daha yaxşı bələddir.

Yeni sözlər barədə təkliflər verilməlidir. Məsələn, «vitrin» sözünə belə bir qarşılıq tapılmışdı – görük. Hər yazıçı dilimizə 5-6 belə söz gətirib əsaslandırsa, dilimiz zənginləşər.

Şahlar Məmmədov dilimizdəki alınma sözlərə qarşılıqlar təklif edir:

istifadə etmək - qullanmaq

məlumat - bilgi

sürət - yeyinlik

həssas - duyarlı

həsrət - özləm

heykəl - yontu

məhbus – dustaq, qədim forması tutsaq

hadisə - olay

həmçinin - habelə

tətbiq - uyqulama

təsir - etki

təqribən, təxminən - yaxlaşıq

təqsir - suç

təməl - özül

tərəfdar, azarkeş - yandaş

tərəqqi, inkişaf - gəlişmə, qalxınma, irəliləyiş

tərcüməçi - dilmanc

təkzib - yalanlama

təkamül - evrim

təbrik etmək - qutlamaq

təqdim - sunma

təşkilat, müəssisə - qurum

xoşbəxt - ağgün

şübhə - quşqu

şahid - tanıq

sitayiş, ibadət – «Divani-lüğət-it türk»də - tapuğ, tapınma

sübut, dəlil - qanıt

sübut etmək - doğrulamaq, qanıtlamaq

sülh - barış

təbii - doğal

süni - yapay

səlahiyyətli - yetkili

ənənə - gələnək

etiqad - inanc

istiqamət vermək - yönəltmək

intiqam almaq - öc almaq

miras - qalıt

sərnişin - yolçu

millət - ulus

beynəlxalq - uluslararası

məsul - sorumlu

məşhur - ünlü, tanınmış

mənbə - qaynaq

məftun - vurğun

məfkurə - ülkü

müqəssir - suçlu

mühüm - önəmlı

mübahisə - dartışma

xəbər - salıq

inhisar, monopoliya - təkəl

etiket - yarlıq

mərtəbə - qat

mövzu - qonu

təyyarə - uçaq

 





31.10.2014    çap et  çap et