Vaxt.Az

«Sən saxtakarsan, Arif Hacılı»


 

Müsavat başqanlığına keçmiş namizəddən ağır ittihamlar

«Sən saxtakarsan, Arif Hacılı» «Əsas vəzifəmiz Müsavat partiyasını bu anormal durumdan xilas etməkdir«. Bu sözlərin müəllifi, Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy hazırkı başqan Arif Hacılını saxtakarlıqda ittiham edib.

AzVision.az xəbər verir ki, o yenə də Arif Hacılının ünvanına sərt ifadələr işlədib və «Hacılıya xatırlatma« başlıqlı 6 ittihamla çıxış edib. Həmin ittihamları oxuculara təqdim edirik.

  1. Qurultayın nəticələrini tanımıram və bu o deməkdir ki, nə sənin başqanlığını, nə Divanını, nə Məclisini, nə də MNTK-nı legitim hesab edirəm.
  2. Qurultayın nəticələrini tanımayan hansı müsavatçının partiyadan kənarlaşdırılacağı, kimlərin töhmət, yaxud şiddətli töhmət alacağı barədə qərarın KİM tərəfindən verildiyini, «divanınızın» hansı kabinetdə keçirildiyini də bilirik və bunu dostlarla 5 gün əvvəl ciddi müzakirə etmişik.
  3. Sən adını Müsavat Partiyası tarixinə «Saxtakar başqan« kimi yazdırdın, partiyanın demokratik imicinə böyük zərbə vurdun və indi bizlərin əsas vəzifəsi Müsavat partiyasını bu anormal durumdan xilas etməkdən ibarətdir.
  4. Sən saxtakarlıqdan narazı olanlara istənilən cəzanı verə bilərsən və bu o anlama gələ bilməz ki, səni (saxtakarlığını) qəbul etməyənlər susmağa vadar olacaq. Əmin ol, belə bir şey baş verməyəcək, nədən ki, hədəfin növbədənkənar qurultay olması barədə mübarizəyə start verilib.
  5. «Facebook»da baş dirijoru olduğun «instrumental ansambl»ın üzvlərinin sənə biyət etməyənlərə qarşı təhqir və təhdidlərinə son qoydur (biz lap yaxın zamanda birtərəfli qaydada moratorium elan edəcəyik). Çünki elə bir bumeranq effekti yaranar ki, utandığından başını qaldıra bilməzsən.
  6. Sən və tərəfdarların heç bir zaman Müsavatda söz azadlığının, plüralizmin qarşısında sipər ola bilməz. Unutma, indi 1937 yox, 2014-ci ildir.

Xatırladaq ki, Müsavat Partiyasının sonuncu qurultayında Arif Hacılı bir neçə səs çoxluğu ilə başqan seçilib. Başqanlığa namizədlər Tural Abbaslı və Qubad İbadoğlu nəticələrin düzgün hesablanmadığını, səsvermədə saxtakarlığa yol verildiyini iddia edirlər.

 





17.11.2014    çap et  çap et