Sovet dövründə Azərbaycan tərcümə sənətinin Hüseyn Şərif, Beydulla Musayev, Məmməd Arif, Mikayıl Rəfili, Mustafa Əfəndiyev, Ənvər Məmmədxanlı, İshaq İbrahimov kimi tanınmış nümayəndələri vardı. Onlar Stendal, Balzak, Hüqo, Flober, Dostoyevski, Tolstoy, Zolya kimi nəhəng yazıçıları dilimizə çeviriblər.
Hərçənd həmin dövrdə də tərcümə sənətinə qeyri-peşəkarlar yol tapırdı və bəzən kəmiyyət keyfiyyəti üstələyirdi. Bu, tamam başqa yazının mövzusudur. Söhbət ümumiyyətlə «yad» əsərə yad münasibətdən gedir.
Ölkə prezidentinin 2004-cü ildə imzaladığı «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» sərəncamına əsasən, kiril əlifbasıyla çap olunmuş bütün ədəbi nümunələr latın qrafikasıyla yenidən nəşr edilib dövlət kitabxanalarına paylandı. Paylanma işinin hansı səviyyədə icra olunduğunu deyə bilmərik, ancaq çap işinin icrasını, təəssüf ki, heç də bütün hallarda mükəmməl saymaq olmaz.
Bu gün həmin kitablara nəzər salarkən xeyli ciddi nöqsanlara rast gəlirik. Bir neçəsinə diqqət yetirək. Məsələn, bütün zamanların ən parlaq əsərlərindən sayılan Servantesin «Lamançlı Don Kixot» əsəri iki kitabdan ibarət olduğu halda, 2004-cü ildə əsərin yalnız ikinci cildi nəşr edilib. Xatırladaq ki, sovet dönəmində «Gənclik» nəşriyyatının «Dünya uşaq ədəbiyyatı kitabxanası» seriyası altında «Don Kixot»un birinci cildi 1983-cü ildə, ikinci cildi isə 1985-ci ildə işıq üzü görmüşdü. Əsəri dilimizə professor Pənah Xəlilov çevirmişdi. Yeni nəşrdə Pənah Xəlilovun bir qədər dəyişdirilməklə önsöz kimi təqdim edilmiş yazısı 1985-ci il nəşrində kitabın sonunda verilmişdi.
Dünyaca məşhur «Don Kixot»la bu cür zarafatı heç cür başa düşmək mümkün deyil. Görünür, tərtibçilər də, naşirlər də əsərin birinci cildinin mövcudluğundan sadəcə xəbərsiz olublar, yoxsa romanın birinci cildi dura-dura ikinci cildin çap olunmasını necə anlayasan? Ən azından kitabda Don Kixotun yel dəyirmanıyla döyüşməsi səhnəsinin yer almamasından (çünki bu səhnə birinci cilddədir) şübhələnə bilərdilər. Çox güman ki, onları hər iki cildin proloqla başlanması yanıldıb...
2007-ci ildə «Şərq-Qərb» nəşriyyatında çap olunmuş «Fransız ədəbiyyatı antologiyası»na nəzər salanda da heyrətlənməyə bilmirsən. İlk xəta antologiyanın tərtibi ilə bağlıdır. Titul vərəqdə antologiyanın 2 cilddə nəşr olunacağı yazılsa da, nədənsə tərtibçilər 3-cü cildi də çap etmək qərarına gəliblər. Cildlərin sayı artıb, amma baxın nə hesaba...
Antologiyaya hansısa həcmli romandan bir fraqment daxil etmək nə dərəcədə məqsədəuyğundur? Qustav Floberin «Madam Bovari» kimi dünyaca məşhur əsərini mərhum yazıçımız Ənvər Məmmədxanlı hələ ötən əsrin 30-cu illərində dilimizə çevirib. Ancaq antologiyanın I cildinə bu əsərdən cəmi otuz beş səhifə salınıb. Floberin təqribən otuz kitab səhifəsi həcmində kiçik əsərlərindən birini (məsələn, «Müqəddəs Yulian haqqında əfsanə», «Sadədil», yaxud da «İrodiada») çevirib antologiyaya salmaq, bununla da tərcümə sənətində bir ilkə, bir yeniliyə imza atmaq bu qədərmi çətinmiş, əcəba? Üstəlik də, nədən səksən il bundan qabaq tərcümə olunmuş «Madam Bovari»yə - dünya ədəbiyyatının bu parlaq incisinə ayrıca bir cild ayrılmır (hər halda biz Floberin latın qrafikasıyla dərc olunmuş kitabını çox soraqladıq, kitabxanaların kataloqlarına da baxdıq, bir nəticə hasil olmadı), əvəzində antologiyaya romandan kiçik bir parça salınır?..
Ədəbiyyatdan az-çox xəbəri olanlar bilirlər ki, Volterin «Kandid, yaxud optimizm» əsəri povestdir. Fransız ədəbiyyatında bu adda janrın olmadığını nəzərə alsaq, novella, yaxud kiçik roman da demək olar. Antologiyada bu əsər hekayə kimi, üstəlik, «hekayədən fraqment» şəklində yarımçıq təqdim olunub. Əvvəla, təqribən səksən kitab səhifəsi həcmində olan bir əsərin («Moskovskiy raboçiy» nəşriyyatının 1987-ci ildə buraxdığı «Volter. Stixi i proza» kitabına əsaslanırıq) nədən bütövlükdə tərcümə olunub antologiyaya salınmadığı başa düşülmür. Dünya maarifçilik cərəyanının haqlı olaraq bayraqdarı sayılan Volterin şah əsərinə fransız antologiyasında yermi qəhət idi? İkincisi, Volterin kiçik həcmli nəsr əsərləri də var. Məsələn, 55 səhifəlik (yenə həmin nəşrə əsaslanırıq) «Zadiq, yaxud Tale», 15 səhifəlik «Mikromeqas», 14 səhifəlik «Dünya olduğu kimi», 5 səhifəlik «Memnon, yaxud İnsan kamalı» və vur-tut üçcə səhifəlik (!) «Bir türkün məktubu» və ya «Xeyirxah braminin hekayəti» kimi əsərlərdən birini çevirib qol-qıçını budamadan, bütöv şəkildə antologiyaya salmaq olmazdımı?
Rusca capdan çıxmış «Fransız nağlları» kitabında Şarl Perronun məşhur «Qırmızıpapaq» nağılı bu cümləylə sonlanır: «Bu sözləri deyib canavar qızın üzərinə atıldı və onu yedi» («Pravda» nəşriyyatı, Moskva, 1988). Daha sonra nağıl ibrətamiz şeirlə bitir.
«Fransız ədəbiyyatı antologiyası»na salınmış variantda isə həmin şeir yoxdur, əvəzində tərcüməçilər mətnin sonuna orijinalda olmayan əlavələr ediblər. Guya odunçular canavarı öldürüb qarnını yarır, Qırmızıpapağı və nənəsini sağ-salamat canavarın qarnından çıxarırlar (I cild, səh. 70). Təkrar edirik, orijinal mətndə belə «optimist» bir sonluğa rast gəlinmir. Nəzərə almaq lazımdır ki, «Fransız nağılları»kitabındakı «Qırmızıpapaq» nağılının müəllifi məlumdur, bu nagıl folklor nümunəsi deyil.
Klod Jozef Ruje dö Lilin antologiyanın I cildinə daxil edilmiş dünyaca məşhur «Marselyoza»şeirini kimin tərcümə elədiyi bilinmir. Cəmil Əlibəyovla Zeynal Babayevin vaxtilə dilimizə çevirdikləri «İndiana» romanından verilmiş bir parça oxucuda əsər haqqında heç bir təəssürat yaratmağa qadir deyil. Üstəlik, Jorj Sandın hələ sovet dövründə tərcümə olunmuş dünya şöhrətli romanı nədən ayrıca kitab şəklində buraxılmır, qol-budağı budanmış şəkildə antologiyaya salınır?..
Antologiyanın hansı meyarlar əsasında hazırlandığını müəyyən etmək mümkünsüzdür. Bir məqama da diqqət yönəldək. Onore de Balzakın «Qobsek» əsəri yazıcının 2006-cı ildə «Şərq-Qərb» nəşriyyatında tərtib olunmuş «Seçilmiş əsərləri»nə daxil edildiyi halda, bu novellanın yenidən antologiyaya salınmasına nə ehtiyac vardı? Prosper Merimenin «Məhəbbət ilahəsi» əsəri də eləcə - həmin müəllifin həmin nəşriyyatda həmin ildə çap olunmuş «Seçilmiş əsərləri»nə daxil edilib. Əgər antologiyaya adı çəkilən əsərlərin yeni tərcümələri salınmış olsaydı, bunu başa düşmək olardı. Ondansa oxucuları təzə əsərlə tanış eləmək olmazdımı?
Bədii mətn öncə təəssürat yaradır, ikinci mərhələdə isə əsərin dərkolunma mərhələsi başlanır. Anri de sön Simonun «Təşkilatçı» əsərindən antologiyadada cəmi bir səhifə verilib. Onun janrı da qeyri-müəyyən qalır. Bir səhifəlik fraqment əsər haqqında oxucuda təəssürat demirik, heç təsəvvür də yarada bilməz.
Zənnimizcə, tərtibçilər bu adi həqiqəti anlamayacaq qədər naşı deyillər. Səbəb sadəcə, əziyyətə qatlaşmamaq və tələskənlik ola bilər.
Antologiyanın I cildində Jerar dö Nervalın sonetləri də yarımçıq tərcümə olunub. Tərcümədə bu qədər bərbad səslənən misraların iki əsrin sınagından cıxaraq bizim dövrümüzə qədər gəlib catması inandırıcı görünmür. Antologiyanın II cildinə Alber Kamünün «Taun» romanından cəmi 14 səhifə daxil edilib. Oxucu bu parçanı oxuyub əsərin məzmunu və ideyası haqqında məlumat ala bilməyəcəksə, onu çaşqın vəziyyətə salmağın nə anlamı var? Üstəlik, Kamünün bundan qat-qat yığcam povest və hekayələri var.
Yazıçının məşhur «Sizif haqqında mif» əsərinə cəmi üç səhifə yer ayrılıb, tərtibçilər hətta «əsərdən fraqment» yazmağı da lazım bilməyiblər. Oxucuda isə yanlış təsəvvür yaranır, sanki əsər elə bu kiçik hissədən ibarətdir. Bundansa kitaba Kamünün kiçik həcmli esselərindən birini salmaq daha məqsədəuyğun olmazdımı?
Fransuaza Saqanın məşhur «Salam, qüssə!» romanı həcmcə kiçik əsər olsa da, antologiyanın II cildində onun yalnız birinci hissəsi verilib, oxucu yenə də əsərin süjetindən, məzmunundan xəbərsiz qalır.
Bunlar azmış kimi, antologiyada yer almış ədəbi mətnlər ciddi redaktə səhvləriylə doludur. Emil Zolyanın III cildə daxil edilmiş «Dəyirmanın mühasirəsi» povestindəki redaktə xətalarını saymaqla qurtaran deyil: «Fransuazanın yanağındakı çuxurlar daha aydın göründülər» (135-ci səh.), «yarpaqlar havada oynadılar» (141-ci səh.) kimi cümlələr hansı dildədir? Yaxud da atılan güllələr haqda belə bir cümləyə rast gəlirik: «Onlar dolu kimi dəyirmanın köhnəlmiş divarlarını cırmaqlayırdılar» (142-ci səh.).
Əsər boyu «soldat», «serjant» kəlmələri göz deşir; «soldat» əvəzinə «əsgər», «serjant» əvəzinə «çavuş» yazılmalıydı. Tək bir əsərdə nə qədər nöqsanlı cümləyə rast gəlinir. Hiss olunur ki, əsər köhnə nəşrdən götürülüb, olduğu kimi kitaba salınıb və üzərində redaktə işi getməyib. Kitabın tərtibçiləri köhnə sovet nəşrləri əsasında tələm-tələsik üç cildlik bir antologiya hazırlayıblar.
Fransız ədəbiyyatının Jan Jak Russo, Şarl Lui Monteskyö, Andre Jid, Lui Ferdinand Selin, Romen Rollan, Fransua Moriak, Mişel Uelbek kimi bir çox parlaq simalarının antologiyadan kənarda qaldığına da diqqət çəkməyi lazım bilirik.
Bir nüansı da ayrıca vurğulamaq gərəkdir: Azərbaycanda antologiya tərtib etmis mütəxəssislərin rəyinə görə, belə nəşrlərdə mütləq hər müəllif haqqında qısa və yıgcam da olsa məlumat verilməlidir. Təəssüf ki, Azərbaycan oxucusuna təqdim olunmuş antologiyalarda bu ənənə də qorunmur.
Dövlətin himayədarlığı və böyük maliyyə dəstəyi sayəsində latın qrafikasıyla yenidən çap olunmuş kitabların nəşrinə bu sayaq səthi münasibət başadüşülən deyil. Gələn saylarımızda bu böyük layihənin icrasında yol verilmiş başqa nöqsanlardan da bəhs edəcəyik.