Ötən yazımızda «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» prezident sərəncamına əsasən nəşr edilmiş «Fransız ədəbiyyatı antologiyası»nda yol verilmiş bir sıra nöqsanlardan bəhs eləmişdik. Bu dəfəki yazımızda isə alman və ingilis ədəbiyyatı antologiyalarına göz yetirəcəyik.
İki cildlik «Alman ədəbiyyatı antologiya»sının birinci cildi («Şərq-Qərb» nəşriyyatı, 2006-cı il) Herman Hessenin «Yalquzaq» («Yazıçı» nəşriyyatı, 1990-cı il) və «Alman ədəbiyyatı antologiyası» («Yazıçı» nəşriyyatı, 1981-ci il) kitabları əsasında təkrar nəşrə hazırlanıb.
Birinci cildə Vilayət Hacıyevin tərcüməsində Herman Hessenin «Yalquzaq» romanı bütöv şəkildə daxil edilib. Antologiyanın 160 səhifəsi bu romandan ibarətdir. Herman Hessenin kiçik həcmli xeyli əsəri ola-ola bütöv bir romanı antologiyaya daxil etmək, fikrimizcə, o qədər də uğurlu variant deyil. Ondansa XX əsrin ən böyük yazıçılarından sayılan Hessenin əsərlərindən ibarət ayrıca bir cild nəşr etmək daha məqsədəuyğun olardı. Milli Kitabxananın elektron kataloquna nəzər saldıqda məlum oldu ki, Herman Hessenin Azərbaycan oxucusuna təqdimatı antologiyaya daxil edilmiş bu əsərlə bitir.
1981-ci il nəşrində antologiyaya Fridrix Şillerin «Şərəfini itirmiş cinayətkar»(cevirəni Ayişə Mollayeva) hekayəsi salındığı halda, 2006-cı il nəşrinə onun «Əlcək» balladası daxil edilib. Əslində istinad olunan mənbə dəyişdirilməməlidir.
Alman ədəbiyyatının digər bir klassiki Henrix Heynenin yaradıcılığına münasibət də bu səviyyədədir. Onun antologiyanın I cildinə salınmış «Hars səfəri» povesti (tərcüməçisi Həmid Arzulu) istisna olunmaqla Azərbaycan dilində latın qrafikası ilə bircə kitabı da nəşr edilməyib. Halbuki hələ ötən əsrin 50-ci illərində böyük alman şairinin şeir və poemalarından ibarət bir cildlik əsərlər toplusu Mikayıl Rzaquluzadənin tərcüməsində dilimizdə nəşr olunmuşdu. Fikrimizcə, həmin kitabı latın qrafikası ilə təkrar nəşr etmək, ya da heç olmasa, antologiyaya Henrix Heynenin poeziyasından nümunələr salmaq daha məqsədəuyğun olardı.
Antologiyanın ikinci cildi «Dünya uşaq ədəbiyyatı kitabxanası, 50 cilddə, V cild» («Gənclik» nəşriyyatı, 1983-cü il) və «Dünya ədəbiyyatı kitabxanası», «Nağıllar XXXIV cild» («Yazıçı» nəşriyyatı, 1987-ci il) nəşrləri əsasında təkrar nəşrə hazırlanıb.
Bu nəşri birinci cildə nisbətən qüsursuz saymaq olar. Birinci cilddən fərqli olaraq ikinci cilddə oxucuya təqdim edilən əsərlərin müəllifləri haqqında qısa da olsa məlumat verilir. Amma kitaba ön sözü kimin yazdığı bəlli deyil.
İkinci cildə daxil edilmiş müəlliflərin hamısı (Rudolf Erix Raspe, Yakov Qrim, Vilhelm Qrim, Ernest Teodor Amadey Hofman) əsasən XVIII-XIX əsrlərdə yaşamış, həm də nağıl janrında əsərlər yaratmış yazıçılarıdır. Bu baxımdan, yaxşı olmazdımı ki, «Alman ədəbiyyatı antologiyası»nın tərtibçiləri tarixi ardıcıllıq prinsipinə riayət edərək onları birinci cildə salaydılar?
Antologiyada müasir alman ədəbiyyatının bircə nümayəndəsi də təmsil olunmur. Ümumiyyətlə, ikicildlikdə çağdaş tərcümə nümunələri demək olar ki, yox dərəcəsindədir.
Onu da deyək ki, antologiyanın II cildinə daxil edilmiş müəlliflərdən heç birinin əsərlərini Azərbaycan Milli Kitabxanasının fondunda latın qrafikası ilə nəşr olunmuş ayrıca kitab halında tapa bilmədik.
***
«İngilis ədəbiyyatı antologiyası» ikicildliyini professor Zeydulla Ağayev tərtib edib. Fikrimizcə, bu nəşrlərin tərtibi zamanı antologiya ənənəsinə müəyyən mənada riayət olunub. Birinci cildə yazılmış ön sözdə əsərləri antologiyaya salınan müəlliflər haqqında qısa məlumat verilib. Sonra ardıcıllıqla xalq nağılları və mahnılar sıralanıb.
Zənnimizcə, Vilyam Şekspirin əsərləri latın qrafikası ilə iki cilddə çap olunduğundan, şairin «Şıltaq qızın yumşalması» adlı iri həcmli (təqribən 80 səhifə) əsərinin antologiyaya salınması məqsədəuyğun deyil. Məlumdur ki, Daniel Defonun dünyaca məşhur «Robinzon Kruzo»su da ayrıca kitab şəklində nəşr edilib. Belədə romandan qısa bir parçanın (30 səhifə) antologiyaya salınmasına nə ehtiyac var idi?
Eyni sözləri Conatan Sviftin «Qulliverin səyahəti» əsəri haqqında da deyə bilərik. Bu əsərlərin kiçicik bir parçası ilə (vur-tut 8 səhifə!) tanışlıq oxucuya ciddi bir şey verə bilməz. Oxucuda tam təsəvvür yaratmaq üçün gərək hər iki əsər bütöv oxunsun.
Conatan Sviftin adı çəkilən əsərini Mikayıl Rzaquluzadə hələ keçən əsrin 70-ci illərində dilimizə çevirib («Gənclik» nəşriyyatı, 1979-cu il). 462 səhifəlik romandan 8 səhifə oxumaqla oxucuda əsər haqqında hər hansı təsəvvür və təəssüratın yaranması mümkün deyil. Eləcə də, Robert Luis Stivensonun «Dəfinələr adası» romanından 20 səhifə oxuyan adam bu əsərin nə ideyası, nə də məzmunu haqda bilgi əldə edə bilər...
Dünya poeziyasında romantik çağın ən parlaq simalarından hesab olunan Corc Qordon Bayronun beş poeması dilimizə çevrilib. 1934-cü ildə Məmmədhüseyn Təhmasib şairin «Qabil», sonralar Ənvər Rza «Şilyon məhbusu», Bəxtiyar Vahabzadə «Abidos gəlini», Aslan Aslanov «Korintin mühasirəsi», Novruz Gəncəli «Gavur» poemalarını tərcümə ediblər. Yeni antologiyanın birinci cildində isə Bayron yaradıcılığı əsasən Şəhla Nağıyevanın tərcüməsində təqdim olunur. Adını çəkdiyimiz tərcümələrin isə heç biri («Şilyon məhbusu» istisna olunmaqla) kitabda təqdim edilmir.
Zənnimizcə, bu cür nöqsanlar görülən işin əhəmiyyətinə kölgə salır. Hələ onu demirik ki, antologiya tərtibçiləri sovet dövründə tərcümə olunmuş əsərlərin redaktəsinə göz yetirməyi də artıq biliblər...