«Şərq-Qərb» nəşriyyatının koordinatoru Vüsalə İsgəndərova deyir ki, sifarişçi istəyəndə onun əsərini redaktə edirlər: «Təbii ki, o, buna görə pul ödəyir. İstəməsə, redaktə eləmirik. İstənilən halda əgər mətndə səhvlər varsa, bunu müəllifin nəzərinə çatdırırıq. Çalışırıq ki, kitab mümkün qədər redaktəli olsun». Aşağı səviyyəli əsərlərin çapına gəlincə, nəşriyyat bunlardan imtina etmir.
«Çinar-Çap» nəşriyyatının marketinq-meneceri Tural Hətəmov deyir ki, imzası tanınan yazarların kitablarını nəşr etməyə çalışırlar. «Nəşriyyatın redaktoru var. Amma o, kitabdakı dil-üslub xətalarını tutur, əsərin səviyyəsinə cavabdeh deyil».
Tural Hətəmovun sözlərinə görə, səviyyəsiz, təsadüfi kitabların bazara yol tapmasının qarşısını almaq mümkün deyil: «Səviyyəsiz mahnıların populyarlaşmasına qadağa qoymaq mümkün olmadığı kimi, kitablarla bağlı da belə bir üsul tətbiq etmək imkanımız yoxdur».
«Qanun» nəşriyyatı əsasən öz kitablarını nəşr edir. Bunu müəssisənin direktoru Şahbaz Xuduoğlu bildirir: «Yəni nəşrlərimizin 95 faizinin ya tərcüməsi bizimdir, ya da bəyənib nəşrini öz üzərimizə götürmüşük». Naşir deyir ki, müəllifin öz hesabına nəşr etdirdiyi kitablara qarışmırlar: «Amma beləsi çox az olur».
«Hədəf» nəşriyyatının direktoru Müşfiq Xan isə aşağı səviyyəli kitabları çap etməkdən mümkün qədər qaçdıqlarını bildirir: «O cür yazarlara məsləhətlər veririk, yönləndiririk ki, gedib peşəkar yazıçılardan dərs alsınlar. Bəzən buna görə xoşagəlməz hallar da yaşanır, bizdən inciyib gedənlər olur».
Direktorun deməsinə görə, nəşriyyatın bu məsələdə barometr olması mümkün deyil: «Gərək kitaba dəyər verən ictimai mühit formalaşsın, normal kitab bazarı olsun ki, nəşriyyatlar da yalnız gəlir gətirən kitablara üstünlük versin».
«E.L.» nəşriyyatının direktoru Cəfər Bağırov deyir ki, zəif kitabları biz eləməsək də, başqası çap eləyəcək: «Bu yaxınlarda bir nəfərin kitabının çapından imtina etmişəm. Adam dünyanın böyük mütəfəkkirlərinin, filosoflarının fikirlərini köçürüb gəlmişdi ki, guya öz düşüncələridir. Dedim başqasının haqqını yemək olmaz, çap eləmədim. Amma bəzən səviyyəsi bizi qane eləməyən kitablar da buraxırıq. Əlbəttə, məsləhət veririk, çalışırıq müəllif daha keyfiyyətli əsər ortaya qoysun».
Cəfər Bağırov kitab bazarındakı qarışıqlığı qarşısıalınmaz proses sayır, «Bu da bir dövrdür, keçib gedəcək», - deyir.
«Elm və təhsil» nəşriyyatının direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli nəinki əsərin ümumi səviyyəsinə, oradakı dil-üslub səhvlərinə belə diqqət yetirdiyini deyir. «Bizim nəşriyyat nöqsanlı əsəri çap eləməz. Ona görə də elm adamları, tanınmış yazıçılar bizə etibar edirlər». Nadir müəllim deyir ki, kitab bazarında özbaşınalığın hökm sürməsi narahatlıq doğuran haldır: «Ən qorxulusu dini ədəbiyyat məsələsidir. Ədəbiyyat ictimai fikri formalaşdırır. İstənilən ideyanı bu yolla cəmiyyətə sırımaq mümkündür».
Nadir Məmmədlinin fikrincə, problemdən çıxış yolu ondadır ki, nəşriyyat sahibləri bu sahənin adamları olsunlar. «Nəşriyyatların başında savadlı, ləyaqətli adamlar dursa, kitab nəşri sahəsində hərc-mərclik olmaz. Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyində dəfələrlə belə müzakirələr keçirmişik, nəşriyyat sahiblərinin çoxu o tədbirlərə gəlmir». Bu sahəyə nəzarət edəcək bir qurumun yaradılmasını və ya hansısa quruma belə səlahiyyət verilməsini isə direktor mümkünsüz sayır. «Yadınızdadırsa, Kamal Abdulla dil polisi yaratmaq təklifini vermişdi, təklif etirazla qarşılandı. Bu sahədə də inzibati yollarla qayda-qanun yaratmaq mümkün deyil. Yalnız ictimai şüuru inkişaf etdirməklə irəli getmək olar».